Zorun acizliyi

Bir-birinin ardınca çökən, ya da əvvəlki toxunulmazlığını saxlaya bilməyən diktatura rejimlərini birləşdirən cəhətlərdən biri budur ki, bu rejimləri quranların ağlasığmaz milyardları var, dünya banklarında küllü-miqdarda pul saxlayırlar, bu ölü pullarınsa hamısı xalqdan oğurlanıb. Bir də bu kimi rejimlərdə hamı özündən sonraya varis hazırlayır, ölkəni sanki bir ev kimi özəlləşdirib miras kimi öz övladlarına, yaxınlarına ötürür.

Yaxın tarixin inqilabları onu göstərdi ki, diktatorları birləşdirən ümumi cəhət təkcə oğru, yalançı, soyğunçu olması deyil, diktatorlar həm də göründükləri kimi cəsarətli deyillər. Proseslərin başlanğıcında hamısı bir ağızdan – burda, ölkəmizdə öləcəyik, heç yerə gedən deyilik, – deyir, sonda duruş gətirə bilmir.
Diktatorlar zor, güc işlədir, qan tökür, haqqı tapdanmış xalqlar da dirənir.
Zor işlədildikcə anlaşma, uzlaşmanı ortadan qaldırır, xalqla olan dialoqu tamamən mümkünsüz edir və nəticə etibarilə artıq zor öz gücünü itirib acizləşir, “kim kimə” prinsipi baş verən hadisələrin mərkəzinə keçir.

Son dövrün hadisələri, xalqların dirənişi, ən aciz sayılan, öz taleyinə, ölkəsindəki ictimai-siyasi hadisələrə laqeydlik nümayiş etdirən xalqların birdən-birə qalxması, dirənib 30-40 illik diktatura rejimlərini tarixə köçürməsi bir daha sübut etdi ki, əslində diktaturanın qurduğu “sabitlik” heç də daimi deyil. Əsas olan da bir xalqın öz taleyinə biganələşməsi deyil, əsas olan odur ki, toplumda bir qığılcım olanda həmin o qığılcıma xalq necə reaksiya verəcək, həmin anda əhvalı necə olacaq. Dünyada aciz xalq yoxdur, sadəcə hansısa bir dönəmdə sanki hiss, duyğu və əzmini dincə qoymuş xalqlar var, sonra bu dincə qoyulmuş hisslər birdən-birə tüğyan edir və kimsənin gözləmədiyi vaxtda dəyişikliklər baş verir.

Diktatura rejimlərində bir əhvali-ruhiyyə var, hər bir despot özünü əbədi, qurduğu rejimisə daimi sayıb, sanki ölüm belə ona yaxın gəlməyəcək. Bu sərsəm düşüncə ilə də etdiyi əməllərə sarılıb eyni düşüncə ilə də işə girişənlərin sonu da eyni olur.

Rəzil məğlubiyyət və xalq, tarixin lənəti…

Insan qəribədir, amma bu diktatorlara qəribə deməyə dilim gəlmir, nədənsə qəribə sözü məndə həmişə orijinallıq sözü ilə qoşalaşıb, odur ki, diktatorlara qəribə sözünü deyil, əcaib sözünü daha çox yaraşdırıram. Bu adamların əcaib bir xüsusiyyəti də ondan ibarətdir ki, qurduqları rejimi əbədi saydıqları kimi, idarə etdikləri ölkəni də öz evlərindən belə artıq dərəcədə özlərininki sayırlar, dildə “biz”, “ölkə” desələr də, “mənim ölkəm” kimi düşünürlər…
Müasir dünyada normal cəmiyyətlər və fərdlər zordan, güc işlətməkdən imtina ediblər, xüsusilə öz vətəndaşlarına valideynlik qayğısı göstərən dövlətlərin var olma səbəbi də məhz vətəndaşına ən yaxşısını təmin etməkdi. Diktatura rejimlərindəsə vətəndaşa daima son qəpiyinə qədər soyula bilən vasitə kimi baxılır. Gözlərinizin qarşısına sallaqxanada asılıb soyulan bir qoyunu gətirin, hər şeyi tam olaraq anlayacaqsınız. Kim o qoyunu kəsən qəssabı günahlandıra bilər, məhz diktatura quranlar da vətəndaşa, daha doğrusu təbəəsinə məhz elə baxır…

Vəziyyət dəyişir, zor və onun nişanələri olan diktatorların acizliyi bir-bir meydana çıxır, kim olursa olsun xalqın nifrəti qəlblərdən küçələrə aşıb töküləndə daha duruş gətirə bilmir…

…Elə tək bu onu deməyə əsas verir ki, Azərbaycandakı  rejimi də dünyanın bütün diktatura rejimlərini gözləyən tale gözləyir, kimsə özünü sığortalanmış sayıb “bizdə belə olmaz” deməsin, ya da “xalq bir şey edə bilməz” düşünüb yenə həmişəki kimi bu milləti heçləyib sıfırlamasın…
Unutmayın, sıfır bütün rəqəmlərin yanında böyüklük göstəricisidir.