kiv-df

Uzaq keçmişə yol salan körpülər…

Bir zaman buradan karvan keçərmiş…

Azərbaycanın uzaq keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. Qədim Ipək yolu karvanlarına bələdçilik edən bu tarixi abidələr zamanın hansı unudulmaz hadisələrinə, kimlərin yolçuluğuna şahidlik etmişdir, kim bilir… O tarixdə Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Qəbələ, Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdı. Həmin körpülər vasitəsilə hər gün onlarla karvan bu şəhərlərdən uzaq ölkələrə, ərzaq, parça, zərgərlik məmulatları və başqa satlıq məhsullar daşıyırdı.
Ölkəmizdəki belə memarlıq nümunələrinə diqqət etsək, onların forma, quruluş və tikintisində ciddi fərqlər olduğunu açıq görə bilərik. Belə obyektlərin quruluşları əsasən tikiləcək ediləcək körpünün materiallarından asılı olurdu. Qədim körpülərdən bu günümüzə qədər gəlib çıxan nümunələr də bunu təsdiq edir. Həmin körpülərə misal olaraq Cəbrayıl rayonu ərazisində, Araz çayının üstündəki 11 və 15 aşırımlı Xudafərin körpülərini(bunlar barədə keçən yazılarımızda ayrıca bəhs etmişdik), Qazax rayonunda Xramçay üzərindəki Sınıq körpünü, Gəncə çayı üzərindəki Gəncə körpülərini, Əlincə çayı üzərindəki Naxçıvan körpülərini göstərmək mümkündür.
Bir zamanlar Gəncə çayının üzərində salınmış üç körpü Gəncəni ayrı-ayrı hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən hazırda istifadədə edilir.

Sınıq körpü haqqında hətta Qriboyedov yazmışdı…

Qazax rayonundakı Sınıq körpü də Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Bu körpü Bakı-Qazax-Gürcüstan sərhədi yolunda, Xramçayın üzərində salınmışdır. Dörd tağlı körpünün birinci tağının eni 8,2, ikincinin eni 16,1, üçüncünün eni 8, dördüncünün eni 26,1 metrdir.. Körpü beş nəhəng dayaq üzərində dayanıb. Hər iki sahil dayaqlarının içində karvansara vardır.
Tarixi mənbələrdə bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində bu abidə haqqında fikirlər var. Rus şairi A.S.Qriboyedov Tiflisdən Irana gedəndə bu körpüdən keçmiş və onun gözəlliyinə valeh olmuşdur: “Aşırımın ortalarından dağların başına dolanan yol gətirib bizi Xramçayın sahilinə çıxartdı. Enişə enəndə dağlar arxada qaldı və əzəmətli bir körpü canlandı. Nə qədər heyrətamiz gözəllikdir, Ilahi…
Körpünün neçənci ildə və kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini deyirlər.
Elm aləminə məlumdur ki, bu körpünü XVII əsrdə çar Rostom əsaslı təmir etdirmişdir. Görünür, bəzi alimlər buna görə də körpünün tikilmə tarixini XVII əsrə aid edirlər. Ancaq görkəmli alimlərdən M.Hüseynov, L.Bretanitski və Ə.Salamzadənin birgə yazdıqları “Azərbaycan memarlığı tarixi” kitabında bu körpünün nə vaxt tikilməsinin elmi izahı inandırıcı surətdə verilmişdir.
Sınıq körpüdən 95 metr aşağıda vaxtilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil binövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra XII əsrdə tikilib.

Gilançay körpüləri

Əzəmətli qədim körpülərdən biri də Naxçıvan ərazisindəki Əlincə çayı üzərindədir. Həmin körpüdən Ərəfsə və Ləkətan kənd sakinləri bu gün də istifadə edirlər. Körpülər tikilərkən dayaqların möhkəmliyinə xüsusi fikir verilmişdir. Ovulmanın qarşısını almaq məqsədilə körpülər üçün çay vadisinin əsasən düz və dar keçidini seçmişlər. Həmin dar keçidə malik, bir dayağı hündür qaya, digər dayağı sahildəki özülə birləşən körpünün möhkəmliyinə söz ola bilməz.
Naxçıvanın bu günədək qalan, XV-XVI əsrə aid olan Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su səthindən 5 m hündürlükdə, qabariti 2 m olan tarixi bir qurğudur. Körpünü lay şəkilli, asan yonulan daşdan tikiblər. Əlincə körpüsünün tağ hissəsinin daşları yonulmuş, qalan hissəsi isə qismən yonulan daşlardır.
Ordubad rayonunda Aşağı Aza kəndində olan qədim körpülərdən biri Gilançayın üzərindəki Aza körpüsüdür. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsünün Böyük Ipək Yolu ilə əlaqədar olduğu ehtimal edilir. Buradan quru meyvələr, sənətkarlıq malları, ipək ixrac olunurdu. Tarixi hadisələr nəticəsində dəfələrlə dağıdılmış, sonra təmir edilmişdir. 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur.
Buradakı Behrud körpüsü Behrud kəndinin yaxınlığında Gilançay üzərindədir. Üç aşırımlıdır. 17 əsrin sonu-18 əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud kəndi inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır. Körpü 1996-cı ildə yenidən qurulmuş, Ordubad rayonunun Parağa-Tivi-Nəsirvaz kəndləri arasında əlaqələr bərpa olunmuşdur.
Başqa bir körpü Çənənəb kəndinin 12 km-də Düylün çayının üzərindədir. 19 əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq səviyyəsini və möhkəmliyini qoruyub saxlamışdır. Körpünün 1996-cı ildə yenidən qurulması və bərpası nəticəsində Çənənəb kənd magistral yolu çıxış əldə etmişdir.
Dər kəndindəki Gilançay üzərindəki körpü də yonulmuş daşdan, beştağlı tikilmişdir. Culfa və Ordubad şəhərlərini birləşdirir. Eni 3,5 m-dir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağları arasındakı məsafə müxtəlif ölçüdə tikilmişdir. 3 orta dalğakəsən var. Dər körpüsü 18-ci əsrə aid edilir.
Tovuzun qədim tarixi abidələri sırasında da Sultan körpüsü, Yanıqlı kəndində Tağlı körpü var.

Işğal olunmuş ərazidəki memarlıq nümunələri

Işğal olunmuş rayonlarımız da belə unikal memarlıq nümunələri ilə zəngin idi. Onlara Zəngilandakı Top kəndindəki XII əsrə aid Top körpüsünü, XIX əsrə aid Hacıalılar kəndindəki körpünü misal göstərmək olar.
Kəlbəcər ərazisindəki çayların üzərində də çoxlu tağbənd daş körpülər salınmışdı. Bunlardan çoxu zamanla məhv olmuş, bəzilərinin qalıqları, bir neçəsi isə tam salamat qalmışdı. Bağlıpəyə kəndinə 3 km qalmış Tərtər çayının üzərində salınmış qədim körpünün bir tərəfinin divarı qalmışdı. Qamışlı kəndindən yuxarı çayın üzərində qurulmuş iki körpünün divarları yerində dururdu. Tərtər çayının üzərində salınmış tağbənd Daş körpü salamat qalırdı və ondan istifadə edilirdi. Bu körpü Şurtan kəndindən aşağı, Soyuqbulaq kəndinə gedən yolun səmtində idi.
Zəylik kəndi çayında da Daş körpüdən istifadə edilirdi.
Qubadlı ərazisində də üç qədim körpü olub. Bunlardan ikisi -Laləzar və Hacı Bədəl körpüsü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınıb. Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində Sınıq körpü olduğu söylənilir. Sınıq körpünün taleyi xalq arasında əfsanələrə dönüb. Körpünün salınması barədə yaranmış əfsanədən belə ehtimal etmək olar ki, körpü ulu keçmişin abidəsi olub. Rəvayətə görə, bu körpünü kişi paltarı geymiş bir qız tikib. Körpü sonralar sınıb sıradan çıxmışdır. Digər iki körpü – Laləzar və Hacı Bədəl körpüsü tarixin bir qədər sonrakı dönəmlərində inşa edilib. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilib. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada salınıb. Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir.
Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl şəxsi vəsaiti hesabına tikdirib. Körpünün son dərəcə maraqlı arxitekturası var. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınıb. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından, körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmayıb. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axınını təmin etmək olub. Hər iki körpü rayonun işğalına qədər istifadə edilib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir