«Ölkə başçısının əməli ilə sözü üst-üstə düşmür»
Zərdüşt Əlizadə: «Əliyevin bəyanatına çox ciddi yanaşmayın, bunların hamısı siyasi oyunlardı»
Azərbaycan prezidenti ölkə daxilində verdiyi müharibə bəyanatlarını imzaladığı Soçi bəyannaməsi ilə təkzib etdi. Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də keçirilən növbəti görüşündə növbəti dəfə atəşkəsə riayət olunacağına dair bəyannamə imzalandı. Lakin bundan üç gün sonra ermənilər atəşkəsi pozdu və budəfəki qurban 9 yaşlı uşaq oldu.
Buna cavab olaraq hakimiyyətin rəsmi mətbuatı, xüsusilə də “Azərbaycan” qəzeti “rəhbəri uşaq qatili olan ölkədən başqa nə gözləmək olar?” məqaləsi ilə çıxış edir. Sanki 5 gün əvvəl Soçidə atəşkəs haqqında bəyannaməyə imza atan ölkə başçısının bu addımını təqdir edən qəzetlər ermənilərin kimliyinə bələd deyilmiş. Serj Sərkisyanın uşaq qatili olduğunu isə yalnız martın 8-də, 9 yaşlı uşaq erməni snayperinin qülləsinə tuş gələndə biliblər. Uşaq qatilinin əlini sıxan və ona atəş açmayacağına dair bəyannaməyə imza atan ölkə başçısının ikili oyununa, rəsmi mətbuatın isə bu ikili oyuna verdiyi dəstəyə nə ad vermək olar?
Politoloq Zərdüşt Əlizadə Ilham Əliyevin verdiyi bəyanatlara ciddi yanaşmadığını deyir. Belə ki, Qarabağ münaqişəsindən özlərinə sərf edən formada istifadə edən dövlət başçıları situasiyaya uyğun, yəni özlərinə sərf edən şəkildə bəyanatlar verir: “Əliyevin bəyanatına çox ciddi yanaşmayın. Tələb olunsa, sülh bəyanatı da verər, müharibə bəyanatı da. Bunların hamısı siyasi oyunlardı, fikir vermək lazım deyil”.
Ekspert müəyyən dövlətlərin başçılarının asılı insanlar olduğunu və hər zaman qeyri-ardıcıl bəyanatlar verdiklərini də qeyd etdi.
Fizzə