Çoxdandır Bakıda belə təlatüm, belə həyəcan görməmişdim.
Çoxdandır heç nə bu şəhərin problemlərini mənə belə unutdurmamışdı.
Çoxdandır bu şəhərdə belə gözəl gün yaşamamışdım.
Yalan nə deyim, çoxdandır Bakını bu qədər çox sevdiyimi də hiss etməmişdim…
O gün gənclərin “Böyük Xalq Günü” çağırışı bu şəhərin öləzimiş ruhunu, nəfəsini özünə qaytardı.
O gün Bakının tozlu, boğanaq havasına bir təmizlik gəlmiş, şəhər bir anda gəncləşmişdi.
O gün sanki çoxdan əsir alınmış, qul edilmiş paytaxtın üstündən məhkumluğu götürülmüşdü.
O gün uzun zamandan sonra doğma şəhərimdə dərindən nəfəs alıb, bu azadlıq havasının həbsxanaların ucqar gözlüklərindən içəri, məhbus gənclərə çatdığını düşündüm.
O gün yaxın dostlarımdan birinin doğum günü üçün aldığım hədiyyəni verməyi belə unutdum. Çünki o gün şəhərdə dolaşıb Bakının doğum günü sevincini doyunca yaşamaq keçdi içimdən.
Başqalarının nə hisslər keçirdiyini bilmirəm. Amma mən o gün bu şəhərdə quzğun dalğalarının səsi insanın yuxusunu qaçıran Xəzər adlı dənizin olduğunu, onun qabarmış qəzəbinin paytaxta sıçradığını duydum.
Bir də rüzgarlar şəhəri Bakının yöndəmsiz yeni göydələnlərinə çırpılıb, səssizliyi pozan küləyin uğultusu cingildədi qulaqlarımda.
28 may metrosuyla “Torqovı” arasındakı məsafədə axışan insan selinin içində hər kəsin günün hadisəsindən danışması həyəcanıyla 11 martın bir tarix olaraq qalacağını düşündüm o gün. Uzun zamandan bəri polislərlə dopdolu paytaxt küçələrindən içim rahat, qəzəbsiz, yüngülləşmiş keçib getdim.
Yalnız o gün illər öncə çox uzun bir gənclik dalğasının içində bu şəhərin barrikada qurulmuş yollarında polis sədlərini yarıb həyəcanla böyük meydana yürüdüyümü yenidən gülümsəyərək xatırladım.
Yalnız o gün bu şəhərdə hər zaman rastlaşdığım kədərli, dalğın, yorğun insanların üzlərinə təbəssüm qonduğunu gördüm.
Düşünürəm, çoxunuz mənimlə razılaşarsınız. Illərdir sanki Bakıya bahar gəlmir. Bura plastik, kukla ağaclarla, bahalı cansız güllərlə elə bəzədilib ki, gözlə baxdığınızda mövsümün harasında olduğunuzu fərq edə bilməzsiniz. Ruhla duymağa gəlincə… Kimdə ruh qaldı ki, qışın harada bitdiyi, yazın haradan gəldiyi də hiss olunsun. Azərbaycan adlı məmləkətin bu baş şəhəri illərdir rəngsiz, ruhsuz, duyğusuz, cansıxıcı günlərini yaşayıb gedir. Belə bir yerdə insan özünü olsa-olsa sürgündə və ya dustaqxanadakı kimi hiss edə bilər. Belə bir yerdə insan günün 24 saatını ya bioloji mövcudluq savaşı, ya da “ölüm-qalım” sualı üzərində düşünüb durar.
Amma sizi bilmirəm, mən həmin 11 mart günü Bakıya bahar qoxusu, oyanış havası gəldiyini hiss etdim. Burnuma uzaq illərimdə qalan yamyaşıl dağ kəndinin yamaclarında bitən yabanı çiçəklərin insana can verən ətri doldu. O gün gördüyüm hər şey baharlaşdı, təzələndi, ruhlandı, canlandı. Səssiz, içinə qapanmış şəhərin sükut tilsimi qırıldı, paytaxt dirildi, ruhlandı, insanlaşdı bir anda.
Şübhəsiz, adi günlərdən biri deyildi, ölkədə yenilik, azadlıq, demokratiya yolu açmaq istəyən gənclərin etirazından, hayqırışından doğmuşdu o gün. Bu saf, yeni düşüncəli gənclərin idealı primitiv düşüncə sistemini dağıdıb, normal, ədalətli, hüquqi bir rejim qurmaq arzusuna əsaslanır.
Düşünürəm, bu yönə gedən yolda gözəl bir gündü 11 mart, böyük günlərin başlanğıcı idi…