Bu hakimiyyət məni lap utandırdı. Elə o saatdaca yadıma düşdü ki, bunların mənə heç bir dəxli yoxdur, bu hakimiyyətin formalaşmasında minlərlə insan kimi mənim də heç bir iştirakım və rolum olmayıb. Bir az toxdadım. Bircə an özünüz düşünün. Adi bir aksiyaya görə bunlar, hətta metronun stansiyasını belə, bağlamaqdan çəkinmirlər. Bir az ciddi hadisə olsa, hər bir evin girişinə bir polis qoyarlar və əmr edərlər ki, heç kim evdən bayıra çıxmasın. Polis də nə qədər desəniz var! Hətta şəhərə gələn əcnəbilər belə buna təəccüblərini gizlətmirlər – əcəba, bu qədər də polis olar?! Bəli, bu üsulla, bu yolla nəinki on səkkiz il, heç on səkkiz gün də hakimiyyətdə qalmaq istəməzdim! Çexov deyirdi ki, insanda bütün cəhətlər gözəl olmalıdır. Elə siyasətçinin davranışı və vərdişləri də gözəl olmalıdır. Inanmıram ki, dünyada elə bir insan tapmaq mümkün olsun ki, o, Qəzzafiyə böyük siyasətçi demiş olsun, onun hərəkət və davranışından vəcdə gəlsin. Yoxdur belə adam.Bir neçə il öncə Roma imperatorlarından biri haqda filmə baxmışdım. Şəhərdən qaçmağa və canını qurtarmağa məcbur olan imperatorun ardınca atlılar gəlir. Bunu bilən silahdaşlarından biri imperatora xəncəri verərək deyir: “Əlahəzrət, Romanı düşünün, intihar edin!”. Onu eşidən imperator intihar edir. Bəli, imperator öləndə də imperator kimi ölməlidir! Filmin də elə mənası bu idi!
Dalay Lama və Putin
Dalay Lama da istefa vermək və siyasətdən getmək niyyətini bildirib. Tibetin başçısı indi mənəvi lider kimi qalmaq istəyir. V.Putinin vəziyyəti bir az başqa formada cərəyan edir. ABŞ onu Rusiya siyasətindən uzaqlaşdırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Putinə hətta BMT-nin Baş katibi, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmaq təklif edilir. Putin isə indi götür-qoy edir, gah bu xəbərləri təkzib edir, gah da təsdiq edir. ABŞ 2012-ci ildə Putinin təzədən prezidentliyə namizəd olmasını istəmir. Medvedevə kömək etmək, onu daha bir müddət prezident postunda saxlamaq istəyirlər. Bəli, Medvedev bir qədər liberal düşüncəli siyasətçidir. Çox güman ki, 2012-ci ildə Medvedev təzədən prezident seçilsə bunun MDB-nin digər ölkələri üçün də müəyyən nəticələri ola bilər. Amma doğrusu, mən belə optimizmi o qədər də bölüşmürəm. Medvedev bir müddət prezident oldu, amma bunun digər ölkələrə elə bir təsiri olmadı. Düzdür, o, Putin adlı maneəni dəf etməyə çətinlik çəkir, bu, onun əl-qolunu bağlayır. Amma Medvedev də MDB-nin indiki prezidentləri ilə özünü çox rahat hiss edir. Bilirsiniz, xarici siyasət bir qədər mürəkkəb məsələdir. Demokrat Yuşşenko ilk səfərlərindən birini elə avtoritar Azərbaycana etdi. Demokrat Saakaşvilinin də avtoritar Azərbaycan liderləri ilə çox gözəl münasibətləri var. Bəli, bu, acı reallıqdır.
Umberto Eko Nobelin reseptini indi bilib
Ərəb üsyanlarından ən çox ruhlanan Avropa ölkəsi güman ki, Italiyadır. Eko Berluskonini yaman tənqid edir. Italiya da Berluskonidən canını qurtarmağa cəhd edir. Indi Eko Italiyanın vicdanı rolunu oynamağa çalışır. Ona bu vaxta qədər Nobel mükafatının verilməməsi çoxunu təəccübləndirir. Bir yazar tək də o, bu mükafata çoxdan layiqdir. Amma ədəbiyyat sahəsində Nobel almaq üçün gərək ədəbiyyatın gözünə bir qədər siyasət qatasan. Pasternak siyasi roman yazmasaydı Nobel ala bilərdimi? Pamuk da siyasi çıxışlar etməsəydi bəlkə də Nobel almayacaqdı. Eko deyəsən bunu bir az gec başa düşüb. Zira heç vaxt başa düşməməkdənsə, gec başa düşmək də yaxşıdır. Uğurlar!
Kiçik sözardı
Qandi, indi isə Şarp iddia edir ki, ruhdan düşmək lazım deyil, zorsuz, dinc mübarizə gec-tez öz nəticəsini verəcək. Inanmaqdan başqa çarəmiz yox. Elə, səhv etmirəmsə, Ekonun da bir romanı “Qızılgülün adı” adlanır, dəqiq, deyə bilmərəm, artıq unutmuşam, amma deyəsən, belədir. Qızılgül barışıq simvoludur. Qoy, elə dünyanın da simvolu qızılgül olsun. Güman ki, elə bu cür də olacaq. Bəli, dünya təzədən demokratik dəyərlərə önəm verməyə və onları diqqətə çəkməyə başlayır. Bir rus mahnısında deyilən kimi: “Moskva birdən tikilməyib”.