“Zolaqlı mantiya”dan hansı hakimlərə pay düşəcək?

SDI, qanunları və insan hüquqlarını pozan hakimləri diplomatların iştirakıyla «mükafatlandırmağı» planlaşdırır

 

Sülh və Demokratiya Institutu (SDI) on ilə yaxındır ki, mütəmadi şəkildə yerli qanunvericiliyi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozan hakimləri “Zolaqlı mantiya” ilə mükafatlandırır. Indiyədək bu mükafat verilənlər arasında Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir sıra hakimləri olub. Bu dəfə isə SDI “Zolaqlı mantiya” mükafatını dörd naminasiya ilə təqdim etməyi planlaşdırır:
1. Vətəndaşların əmək hüquqlarını, o cümlədən Əmək Məcəlləsini kobud şəkildə pozan hakimlər;
2. Insanların mülkiyyət hüquqlarını, o cümlədən Mülki, Mülki-Prosessual Məcəlləni, Mənzil Məcəlləsinin tələblərinə əməl etməyən hakimlər;
3. Vətəndaşların azadlıq və şəxsi toxunulmazlıq hüquqlarını pozan, Inzibati Xətalar Məcəlləsinə əməl etməyən hakimlər;
4. Ədalətli məhkəmə araşdırması hüququna əməl etməyən, Cinayət Məcəlləsini və Cinayət-Prossesual Məcəlləsinə məhəl qoymayan hakimlər.

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus deyir ki, yuxarıda qeyd olunan dörd kateqoriya üzrə qanunsuz və ədalətsiz qərarlar, hökmlər çıxaran hakimlər eyni zamanda Azərbaycan Konstitusiyasını, Insan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını, həmçinin digər beynəlxalq hüquq normalarını pozublar. SDI də martın 10-dan başlayaraq Novruz bayramına (martın 20-nə) qədər hər bir nominasiya üzrə “qalibi” müəyyənləşdirmək üçün araşdırma aparacaq.

“Artınca da martın 20-dən etibarən bu məsələ ətrafında ictimai müzakirələr başlayacaq. Müzakirələr də sözsüz ki, hüquq müdafiəçiləri, vəkillər, vətəndaş cəmiyyətinin fəalları tərəfindən kimlərin ”Zolaqlı mantiya” mükafatına “layiq görülməsi” ətrafında olacaq. Sülh və Demokratiya Institutu müzakirələrin, səsvermələrin nəticələrini toplayıb, aprelin sonunda təntənəli təqdimetmə mərasimində hər bir nominasiya üzrə “Zolaqlı mantiya” mükafatını “qazananların” adlarını açıqlayacaq. Həmin tədbirdə vətəndaş cəmiyyətinin fəalları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və jurnalistlərin iştirakı planlaşdırılır”, – deyə Leyla Yunus bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, nominasiyalardan bəziləri üzrə bir sıra namizədlərin adları artıq məlumdur: “Məsələn, əmək hüquqlarının pozulması naminasiyası üzrə. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev dəfələrlə Konstitusiyanı, Əmək Məcəlləsini, ”Normativ-Hüquqi Aktlar haqqında” qanunu və s. dəfələrlə pozub. Və yaxud Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun, Yasamal Rayon Məhkəməsinin hakimi Tahir Ismayılovun əmək hüquqlarıyla bağlı bir sıra qanunların tələblərinə əməl etməmələri barədə əlimizdə xeyli faktlarımız var”.

Aytən Məmmədova