Yaponiya cəhənnəmə çevrildi (VİDEO)

Ölkədə son 140 ilin ən böyük zəlzələsi baş verib

Yüzlərlə ölü, yaralı və itkin düşən var

Dünən Yaponiyada son 140 ilin ən böyük zəlzələsi baş verib. 8.9 bal gücündə olan zəlzələ yüzlərlə insanın həyatına son qoyub. Ölkənin şimalında, dənizin 35 kilometrliyində
baş verən təbii fəlakət 373 km uzaqlıqda yerləşən paytaxt Tokioda da dağıntılara səbəb olub. Ən dəhşətlisi isə zəlzələnin ardınca sunaminin baş verməsi olub. Sunaminin yaratdığı dalğaların hündürlüyü 10 metrdən artıq olub. Yapon televiziyalarında yayılan görüntülərdə dəniz sularının önünə çıxan hər şeyi alıb apardığı açıq-aydın görünür. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, zəlzələdə ölənlərin sayı hər dəqiqə artır (martın 11-i axşam saatlarına olan məlumata görə, ölənlərin sayı 500 nəfərə yaxındır), yüzlərlə yaralı və itkin düşən var. Yanmış və dağılmış binaların altında da çoxlu sayda insan var. Xüsusən də şimal bölgəsində qurbanların sayının artacağı bildirilir.

Neft-kimya zavodu partlayıb, elektrik və mobil rabitə kəsilib

Sunami ölkənin şimal qərbində yerləşən Miyagi əyalətində içində 100 nəfərin olduğu zəmini yerindən qopararaq
sahilə atıb. Zəmidəkilərin taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir. Mütəxəssislər zəlzələnin şiddətinin 1999-cu ildəki məlum Mərmərə zəlzələsindən 50 dəfə güclü olduğunu deyirlər. Təbii fəlakət ölkənin elektrik stansiyalarını da iflic vəziyyətə salıb. Hazırda 4 milyon insan elektrik enerjisindən məhrumdur. 50-yə yaxın obyektdə iri yanğın baş verib. Neft-kimya zavodunda böyük partlayış olub. Neft müəssisələrində yanğının çıxması çox ciddi problemlərə yol açıb. Ayrı-ayrı şəhərlərdə xeyli sayda körpü də zərər görüb.
Tokio və ətraf şəhərlərdə qatarların hərəkəti dayanıb, mobil telefonlar işləmir. Paytaxtın “Narita” beynəlxalq hava limanı işləmir. Senday şəhərindəki beynəlxalq hava limanı isə sulara qərq olub.

Zərərin miqdarı milyardlarla dollara çatıb

Ölkəyə dəyən zərərin miqdarının milyardlarla dollara çatdığı bildirilir. 1995-ci ildə baş verən və 6 mindən artıq insanın ölümünə səbəb olan Kobe zəlzələsi zamanı ölkəyə 100 milyard dollar zərər dəymişdi.
Yaponiyanın baş naziri Naoto Kan keçirdiyi mətbuat konfransında hökumətin zərəri minimuma endirmək üçün əlindən gələni edəcəyini bildirib. Baş nazir bütün siyasi partiyaları və özəl sektoru bu mübarizədə hökumətlə birgə olmağa çağırıb. Tərəflər də bu çağırışı müsbət cavablandırıblar.
Bu arada bütün dünya Yaponiyaya öz dəstəyini təklif edib. ABŞ prezidenti Barak Obama yapon xalqına başsağlığı verərək yardıma hazır olduğunu açıqlayıb. Avropa Birliyi də lazım olan hər bir dəstəyi verəcəyini bildirib.
Qeyd edək ki, dünyada bu günə qədər qeydə alınan ən böyük zəlzələ 22 may 1960-cı ildə Çilidə baş verib. Çilidəki bu zəlzələnin gücü 9.5 olub.

15 azərbaycanlıdan xəbər yoxdur

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn “Azadlıq” radiosuna bildirib ki, paytaxt Tokioda yaşayan Azərbaycan vətəndaşları sağ-salamatdır, səfirlik onlarla əlaqə yarada bilib. Amma 15-ə yaxın azərbaycanlı Tokiodan kənardadır. Zələzələdən sonra mobil rabitə kəsilib, ona görə həmin adamlarla əlaqə saxlamaq mümkün olmayıb: “Yerli icra orqanları ilə sıx təmasdayıq. Hələlik onlardan da Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər daxil olmayıb”.
Səfir bildirir ki, Yaponiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı 50-yə yaxındır. Onların çoxu səfirliyin əməkdaşları və onların ailə üzvləridir. Amma ölkədə uzun müddətdən bəri yaşayanlar, tələbələr və müqavilə ilə şirkətlərdə işləyənlər də var: “Yaponiya hökuməti hələlik yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etməyib. Çünki zəlzələdən sonrakı silkələnmələr, sunaminin sahilləri vurması hələ davam edir. Mənə elə gəlir ki, indilik nəticə çıxarıb yardım üçün müraciət etmək tezdir. Ölü və yaralı sayı tez-tez dəyişir. Amma hər halda, Azərbaycan öz yardım əlini uzatmağa hazırdır”.

Gültəkin