«Zorla hakimiyyətdə qalmaq istəyənləri eyni aqibət gözləyir – Bin Əli, Mübarək, Qəzzafinin aqibəti»
«Diktatorlara millətlərinin passiv genosidi hesabına milyardlar yığmasına qətiyyən imkan vermək olmaz»
ALP lideri, professor Lalə Şövkət Azərbaycanın və dünyanın gündəmini məşğul edən ən mühüm məsələlərlə bağlı “Azadlıq” qəzetinin suallarını cavablandırıb.
– Son bir ayda Azərbaycan hakimiyyəti rüşvət və korrupsiya ilə mübarizəyə başladığını bəyan edib. Və bildirir ki, bu, ərəb ölkələrində baş verənlərlə bağlı deyil, sadəcə ortaya iradə qoyuruq. Siz necə hesab edirsiniz, ötən bir aydakı müşahidələrinizdən hansı qənaətə gəlmisiniz?
– Səbəbin o qədər də böyük fərqi yoxdur, təki bu həqiqi mübarizə olsun, sözçülük siyasəti yox, təki bu bir kampaniya yox, davamlı və ardıcıl prosesə çevrilsin. Ona görə ki, Azərbaycanda vüsət almış korrupsiya artıq dövlət ideologiyasına çevrilərək nəinki dövləti məhv edir, ictimai mənəviyyatın böhranına da gətirib çıxarır. Bu isə korrupsiyadan da böyük bəladır. Tarixə nəzər salsaq, millətin intiharı mənəviyyatın məhvi ilə başlayır. Biz əsl bazar iqtisadiyyatını qura bilmədik, lakin bazar dəyərlərini, bazar münasibətlərini siyasətə, elmə, təhsilə aşılamışıq, o sahələrə ki, bu dəyərlərə ziddir və onların mövcudluğu bunları məhv etməkdədir. “Hər şey alınır və satılır” prinsipi bütün sahələri bürüyüb. Psixologiyaya hakim kəsilən meyar hakimiyyəti də pul mənbəyi kimi dəyərləndirməkdədir. Bu gün icra hakimiyyətinin adicə şöbə müdirindən tutmuş hakimiyyətin yüksək eşelonuna qədər vəzifəyə yalnız pul mənbəyi kimi baxılır. Korrupsiya və talançılıq adi həyat tərzinə çevrilib. Belə bir vəziyyətdə yalnız sözlərlə, müşavirələrlə bu bəlanın kökünü kəsmək mümkün deyil. Burada təxirəsalınmaz köklü islahatlara gedərək bir neçə şərti reallaşdırmaq vacibdir. Bu, söz azadlığı, müstəqil məhkəmələr və ictimai nəzarətdir.
Ən önəmlisi dürüst və təmiz kadrların hakimiyyətə gətirilməsidir. Təmiz insan ətrafında da təmiz mühit yaradır, çirkli insan – natəmiz. Yəni, sistemli dəyişikliklər lazımdır, ayrı-ayrı tədbirlər yox. Məsələn, dövlət başçısı müşavirədə yumurtanın bahalaşmasından danışdı. Həqiqətən də yumurtada ən böyük bahalaşma var. Bəs kartof, soğan, banan? Baxın, qonşu ölkələrdə bu ərzaqlar neçə dəfə Azərbaycandan ucuzdur. Belə çıxır ki, hər dəfə dövlət başçısı müşavirə keçirdib bir növ ərzaqdan danışmalıdır? Ümumiyyətlə, bu dövlət başçısının işidir? Görün vəziyyət nə günə gəlib çatıb ki, dövlət başçısı belə bir mövzulara xüsusi yer ayırır. Lakin burada oyun qaydaları və mexanizmlər olmalıdır ki, bunlar öz özlüyündə tənzimlənsinlər. Yəni, monopoliyalara son qoyulmalıdır, iqtisadiyyatda rəqabət şəraiti inkişaf etməlidir. Harada görünüb ki, hər oliqarxın monopoliyasında bir ərzaq məhsulu olsun və ondan başqa Azərbaycana heç kim bu ərzağı gətirə bilməsin? Bu, tragikomediyadır.
“Korrupsiya iri oliqarxların talançılığının nəticəsidir”
– Rüşvət və korrupsiya ilə mübarizə təqdir olunandır. Amma məsələnin başqa tərəfi də var. Bu gün Azərbaycan müəlliminin orta aylıq maaşı 219 manat təşkil edir. Tibb sahəsində əmək haqları bundan da aşağıdır. Bu siyahını uzatmaq da olar. Necə hesab edirsiniz, maaşlarda heç bir artım etmədən “rüşvət almayın” deməklə iş bitirmi?
– Azərbaycanda bu gün büdcə işçilərinin maaşları və pensiyaları dilənçi payından başqa ayrı sözlə adlandırıla bilməz. 200 manat civarında olan həkimlərin, müəllimlərin aylıq maaşı ilə necə ailə saxlamaq olar? Ilk növbədə bu məsələlər həll olunmalıdır. Azərbaycanın neftdən olan gəlirlərini yeyib hansısa lazımsız tikinti layihələri yolu ilə talan etməsələr, maaşları 500-600 manata, pensiyaları da 300 manata tez bir zamanda qaldırmaq mümkündür. Və yalnız bundan sonra “rüşvət almayın” demək olar. Lakin Azərbaycanda vüsət almış korrupsiya məhz iri oliqarxların talançılığının nəticəsidir. Kiçik məmurlar korrupsiya pulunu yığıb yuxarılara ötürürlər. Bu, Azərbaycanda qəbul olunmuş və hər kəsə bəlli olan mexanizmdir. Aşağılar adi insanları soyub yuxarı eşelona ötürürlər. Hətta bunu açıq etiraf da edirlər.
“Yuxarı təmiz olmasa, sonra gələnlər təmiz işləyə bilməz”
-Beynəlxalq Amnistiya Təşkilatının sonuncu hesabatında Gürcüstan polis sistemindəki rüşvət və korrupsiyanın azlığına görə dünya üzrə ilk beşliyə düşüb. Biz bilirik ki, Gürcüstan Cənubi Qafqazın ən kriminal dövləti sayılırdı. Necə oldu ki, onlar bunu bacardı? Bəziləri hesab edir ki, bu kampaniya ölkənin birinci şəxsindən başlamalıdır. Siz nə düşünürsünüz?
– Mən bunu dəfələrlə demişəm ki, Saakaşvili siyasi iradə ortaya qoyaraq köklü islahatlara getdi və qısa bir zamanda korrupsiyanın kökünü kəsdi. Ən azı adi insanlar bu gün orada korrupsiyadan qurtulublar. Indiki Gürcüstanda siz nə qədər səy etsəniz də bir manat da nə gömrüyə, nə polisə, nə həkimə, nə müəllimə, nə də adi insanlarla ünsiyyətdə olan məmura verə bilməzsiniz. Bəli, həqiqətən bu məhz birinci şəxsin iradəsindən, onun ətrafının dəst-xəttindən asılı məsələdir. Vaxtı ilə, 1993-cü ildə mən məhz korrupsiyaya qarşı çıxdığıma görə Azərbaycanın ali vəzifəsi dövlət katibliyindən istefa vermişəm. Və istefa ərizəmdə bunu xüsusi qeyd etmişəm: “Məlum olduğu kimi, hakimiyyətin ali eşelonu hər yerdə və hər zaman dövlət üçün, millət üçün, xalq üçün etalon olub… Hakimiyyətin gücünün əsas şərti onun mənəvi dövlət nüfuzu, qazandığı ehtiram, onun danılmaz ləyaqətindədir. Bu meyarı hələ heç kim ləğv etməyib. Və burada məsələ yalnız dövlət başçısında deyil, eyni dərəcədə onun yaxın ətrafındadır…” Bu çox önəmli məsələdir. Yuxarı eşelon təmiz olmasa bu piramidada ondan sonra gələnlər təmiz işləyə bilməzlər. Bu aksiomdur.
“Diktatura rejimləri dünya üçün təhlükə mənbəyidir”
– Ərəb ölkələrindəki inqilablar yenə gündəmin əsas mövzularından sayılır. Budəfəki dalğa bir neçə özəlliyi ilə seçildi. Məhz bu dəfə avtoritar liderlər ayaqda ikən, istefa verməmiş onların Avropa və Qərb banklarındakı hesablarına həbs qoyulub. Indi bir çox ekspertlər hesab edirlər ki, bu, avtoritar liderlərə qarşı öldürücü silahdır və dünya buna çoxdan başlamalı idi.
– Həqiqətən də dünya bu məsələyə çoxdan başlamalı idi. Mən həmişə özümə bir sual verib onun cavabını tapa bilməmişəm: Niyə görə özünü sivil demokratik hesab edən ölkələr millətlərin qanı hesabına yığılmış çirkin pulları, diktatorların milyardlarını öz banklarında qoruyub saxlayırlar. Bu necə olur ki, adi bir insan banklara pul köçürəndə ondan bu pulun mənşəyini tələb edirlər və necə olur ki, bilə-bilə ki, diktatorların pulları millətin qanı hesabına, korrupsiya, talançılıq yolu ilə yığılan milyardlardır, onların mənşəyi soruşulmur?! Bu dolayısı yolla diktatorlara dəstək, korrupsiyaya indulgensiyadır.
Və buna dünya ictimaiyyəti diqqət və nəzarət yetirməlidir. Öz demokratik iqtidarlarından bunun məsuliyyətini tələb etməlidirlər. Korrupsiya bu gün dünyada millətlərin səfalətinin, ədalətsizliyin, miqrasiyanın, üsyanların, inqilabların, hətta terrorizmin əsas səbəbidir. Və bu, heç bir ölkənin daxili işi ola bilməz.
Bu, qloballaşan dünyanın ümumi işidir və buna dünya tərəfindən adekvat reaksiya olmalıdır. Diktatorlara öz millətlərinin passiv genosidi hesabına milyardlar əldə etmək imkanını qətiyyən vermək olmaz. Ona görə ki, bu, artıq dünyanın təhlükəsizlik sisteminə böyük zərbədir. Diktatura rejimləri dünya üçün böyük təhlükə mənbəyidir.
Və bunu dünya ictimaiyyəti dərk etməlidir.
“Zorla hakimiyyətdə qalmaq istəyənləri eyni aqibət gözləyir”
– Başqa bir özəllik isə yenə də xalqlarına qarşı zor tətbiq edən liderlərin hakimiyyətdə ikən onların Haaqa Tribunalında məsuliyyətə cəlb edilməsi məsələsinin gündəmə gəlməsi oldu. Bunun reallaşacağı təqdirdə zorla, polis gücünə hakimiyyətdə qalanların aqibətini necə görürsünüz?
– Zorla, polis gücünə hakimiyyətdə qalmaq niyyətində olan iqtidarların aqibəti bəşəriyyət tarixində eyni olub. Indi də bunu edənləri eyni aqibət gözləyir, Bin Əli, Mübarək, Qəzzafinin aqibəti. Qəzzafi də gedəsidir, bu artıq texniki məsələdir. Və bu proses dünyada davam edəcək.
– Dünyanın bir çox beyin mərkəzlərində, mətbuat orqanlarında Azərbaycan inqilab gözlənilən potensial ölkələr arasında göstərilir. Sizcə, niyə?
– Ona görə ki, şərait və səbəblər eynidir. Yəni, insanlar korrupsiyadan, ədalətsizlikdən, səfalətdən, məmur özbaşınalığından, seçkilərin total saxtakarlığından, repressiyalardan, gələcəyə ümidsizlikdən beziblər. Artıq belə yaşamaq mümkün deyil, və əksəriyyəti narazı olan əhali bu gün dəyişikliklər istəyərək etirazlara və müqavimətə hazırdır. Ya tezliklə köklü dəyişikliklər olmalıdır, ya xalq öz sözünü meydanlarda, küçələrdə deyəcək.
“Hərəsi öz böyük pullarının quluna çevrilib”
– Son günlər gənclərin həbsi intensivləşib. Hələlik heç bir aksiya, ciddi etiraz tədbirləri olmayıb. Gənclər sadəcə virtual məkanda müəyyən çağırış və etirazlar səsləndirirlər. Amma hakimiyyət bundan da ciddi təşviş keçirir. Bu qədər qorxu, həyəcan nədən irəli gəlir sizcə?
– Bütün avtoritar diktatura ölkələri əslində çox zəifdirlər. Onların içində birlik yoxdur, yalnız pul bağlılığı mövcuddur. Pul isə heç vaxt möhkəm təməl ola bilməz. Hərəsi öz böyük pullarının quluna çevrilib. Ona görə iqtidar monolit və möhkəm deyil. Bunu anlayaraq onlar repressiyalara və zorakılığa əl atırlar. Bu isə zəifliyin əlamətidir. Ümumiyyətlə, bir neçə gəncin yazışmalarına belə bir qeyri-adekvat reaksiya vermək natamamlıq kompleksinin bariz göstəricisidir.
“Zorakılıq daha çox nifrətə səbəb olacaq”
– Məsələlərə belə aqressivcəsinə yanaşan hakimiyyətin sabah baş verəcək daha ciddi etirazlara zor tətbiq edəcəyi istisna deyil. Bununla bağlı hakimiyyətə indidən nə çağırış edərdiniz?
– Zor gücü ilə heç bir hakimiyyəti uzun müddət saxlamaq mümkün deyil. Indiki dövran artıq Stalin dövranı deyil. Zorakılıq isə daha da çox nifrətə səbəb olacaq. Bu çıxış yolu deyil. Və bunu nə qədər tez dərk etsələr, o qədər də onların özü üçün sərfəli olar. Çağırışa gəldikdə isə, birincisi, bütün gəncləri, Eynulla Fətullayevi, dərhal azadlığa buraxmaq. Repressiyalara son qoymaq, köklü islahatları tezliklə həyata keçirmək. Ölkədə demokratik mühit yaratmaq, söz azadlığı və sərbəst toplaşmaq azadlığını təmin etmək. Düşmənçilik mühitini aradan qaldırmaq, müxalifətlə həqiqi dialoqa getmək. Siyasi və iqtisadi rəqabətə yol açmaq. Korrupsiyaya qarşı mübarizəni sözdə yox, əməldə sübut etmək. Təmiz və dürüst insanları hakimiyyətə gətirmək. Həqiqi vətəndaş cəmiyyətinin formalaşmasına təkan vermək. Düşünürəm, bunlar reallaşsa Azərbaycan sarsıntı keçirmədən həqiqətən də inkişaf edər və bu inkişaf xalqın rifahına və dövlətin möhkəmlənməsinə gətirib çıxarar.
Xəyal