Ay sizi dovşan yesin! Bəs deyirdiniz Ilham Əliyevin heç nədən xəbəri yoxdur? Bəs deyirdiniz ölkədə bütün pisliklər, çirkinliklər prezidentdən xəbərsiz baş verir? Indi gördünüzmü, yumurtanın bahalaşmasından belə, xəbərdardır kral həzrətləri.
Əslində bu ölkədə ondan xəbərsiz quş uçsa qanad salar, qatır qaçsa dırnaq. Başından bəri məmləkətdə nə olub bitdiyini bal kimi bilir. Sadəcə, özünü elə göstərir ki, guya Azərbaycanın zülmə, ədalətsizliyə, bahalaşmaya, inhisarçılığa, işsizliyə, yoxsulluğa, məmur süründürməçiliyinə, hüquqsuzluğa təslim edilməsindən xəbərsizdir. Guya millətə qarşı mənəvi, hüquqi, iqtisadi və siyasi genosiddə iştirak etmir. Guya bütün çirkinliklər, pisliklər ondan xəbərsiz baş verir.
Guya o özü yaxşıdır, ətrafı pis.
Amma balaca bir inqilab qorxusu, devrim xofu yetdi ki, Ilham Əliyev və böyür-başındakıların illərdir yaratmağa çalışdığı “prezident bundan xəbərsizdir” mifi darmadağın olsun. Görün, xalq azacıq ayaqlanmağa başlayan kimi prezident yumurtanın qiymətini belə, necə əzbər bildi.
Bəli, kralın məlum “yumurta bəyanatı” devrim xofuna qarşı əks-reaksiyadır. Əksini iddia edənlərdən soruşuram: keçən ilin yayında ölkədə unun qiyməti kəlləçarxa qalxdı, yumurtadan daha vacib olan çörək bahalaşdı, niyə onda kraldan səs-soraq çıxmadı? Onda niyə monopolistlərə barmaq silkələmədi? Bahalaşma yaradanları asıb-kəsmədi? Çünki onda Ilham Əliyev çox rahat idi. Işlərinin yağ kimi getdiyini düşünürdü. Sanırdı ki, vəssalam, çoxlu pulu varsa, “ömürlük prezidentliyi” rəsmiləşdiribsə, müxalifəti darmadağın edibsə, azad medianın ağzını yumubsa, vətəndaş cəmiyyətinin kökünü qazıyıbsa, qurdla qiyamətə qala biləcək.
Amma beyqəfil bütün xəyalları suya düşdü. Ərəb ölkələrindən başlayan inqilab dalğası onun da yuxusuna haram qatdı. Anladı ki, müxalifəti məhv etmək olar, azad mətbuatı məhv etmək olar, QHT-ləri məhv etmək olar, amma xalqla zarafat etmək olmaz. Xalqın azadlıq arzuları ilə, ədalətli, hüquqi dövlətdə yaşamaq ehtirası ilə zarafat etmək olmaz. O bir gün müxalifətsiz də, mətbuatsız da ayaqlana və bu irtica rejimini dəli inək balasını çığnayan kimi əzib keçə bilər. Bunları anlayan Ilham Əliyev indi hər şeyə reaksiya verir. Yumurtanın bahalaşmasına belə, təpki göstərir. Bu, onun camaata canıyananlığından irəli gəlmir təbii ki. Bu, özünüqoruma instinktidir. Kral fərqindədir ki, xalqın rejimə nifrəti və qəzəbi o qədər güclüdür, hər xırda təkandan inqilab alovlana bilər. Məsələn, camaat bir-iki gün qayğanaq yeməyib də istibdadın altını üstünə çevirə bilər. Odur ki, dünənədək çörəyin bahalaşmasına belə səsini çıxarmayan bir prezident indi yumurtanın qiymətinə görə asıb-kəsir. Ilin əvvəlində suyu bahalaşdıranların indi yumurtanın bahalaşmasından qəzəblənməsi necə səmimi qəbul oluna bilər?
Bəli, hələ inqilabın özü yoxdur, ortada ancaq “inqilab” sözü fırlanır, amma Əliyevçi rejimin düşdüyü hallara baxın! Illərdir min cür əzab-əziyyətlə yaratdıqları mifləri bir andaca dağıdırlar. Bizim illərcə yazdığımız, bunların israrla inkar etdikləri həqiqətlərlə barışırlar. Başından bəri “Azərbaycanda korrupsiya yoxdur” deyib tumanı başlarına çəkdikləri halda indi “antikorrupsiya savaşı”na start verirlər. Başından bəri “prezidentin bundan xəbəri yoxdur” deyə Ilham Əliyevi baş verən özbaşınalıqlardan, pisliklərdən kənarda tutmağa çalışdıqları halda indi onun hətta yumurtanın bahalaşmasından belə bal kimi xəbərdar olduğunu etiraf etmək məcburiyyətində qalırlar.
Və ən əsas məsələ: “Heydər Əliyev siyasi kursunun alternativi yoxdur” cümləsi ilə yeri gəldi-gəlmədi, qulağımızı dəng etdikləri halda ərəb inqilabları başlayandan bəri bunu dillərinə gətirməkdən qorxurlar. Axırıncı dəfə siz Ilham Əliyevin və ətrafının ağzından “Heydər Əliyevin siyasi kursu” barədə nə vaxt eşitmisiniz? Artıq özləri də fərqinə varmağa başlayıblar bunun camaatda hansı qəzəb və qıcıq doğurduğunu.
Qısası, inqilab sözündən bu qədər altını batıranlar inqilabın özü ilə üz-üzə qaldıqda nə vəziyyətə düşəcəklər, təsəvvür etmək çətin deyil.