İlham Əliyev nədən qorxur?

Ola bilsin, bu sorunu belə qoymaq daha düzgün olardı: Ilham Əliyev nədən qorxmur? Gerçəkdən, iş elə gətirib, Ilham Əliyev bu gün kölgəsindən də qorxacaq duruma gəlib. Bunun nədəni aydındır: Tunisdə Bin Əlinin 29 illik hakimiyyəti bir neçə günün içində çökdü; arxasında ABŞ-ın dayandığı marşal-prezident Mübarəkin 30 illik hakimiyyəti beş-on gündə çökdü; Qəzzafinin 42 illik hakimiyyəti qanlı qırğın içində can çəkişməsindədir. Qəzzafi hakimiyyətini çoxdan itirib, ortada olan onun özünün, özü kimi başıxarab oğlu əl-Islamın ağılsız, Səddam Hüseyn sonluğuna aparan dirənişidir.
Mübarək Bin Əlinin başına gələnlərdən payını götürmək yerinə, yekə-yekə: “Mən Bin Əli deyiləm, hakimiyyəti atıb qaçam”,- dedi. Dedi, sonra da qaçdı. Onun ardınca Qəzzafi yekə-yekə: “Mən Bin Əli, Hüsnü Mübarək deyiləm, hakimiyyəti atıb qaçam”,- dedi. Mən çağında Mübarəkə “tez qaç” dediyim kimi, Qəzzafiyə də deyərdim. Ancaq Qəzzafininki bundan keçib; onu qanmazcasına törətdiyi çoxsaylı qırğınlara görə, bir daha demək gərəkir: Səddam Hüseynin sonluğu gözləyir!

Mübarəkə niyə “tez qaç” dedim? Tunisdəki olaylar tezliklə Misirə yayılaraq çox keçmədən bütün ölkəni bürüyəndə mən işin nə yerdə olduğunu anladım: superdövlət dünyada yeni  proseslərə başlayıb – korrupsiya-terrorizm qaynağı olan diktaturaları devirmə proseslərinə. Bu, sunami kimi qarşısıalınmaz bir prosesdir. Mübarək bunu bir az gec anladı. Ancaq anlayan kimi də getdi. Qəzzafi bunu hələ də anlamayıb. Bununla da o özünü, yaxın-doğmalarını böyük, qarşısıalınmaz faciəyə sürükləməkdədir.

Dünyada nə baş verdiyini anlamaqda olan Quzey Afrikanın qalan dövlət başçıları illərlə xalqdan oğurladıqları pulları tez-tələsik xalqla bölüşməyə başlayıblar. Mərakeş kralı nə baş verdiyini anlayaraq, özünün dediyinə görə, hakimiyyətin bölünməsinə aparan reformalara start verib. Özünə kral statusu quraşdımaq yolunda olan Ilham Əliyev, davranışlarından göründüyü kimi, dünyada nə baş verdiyini hələ də yetərincə anlamayıb. Davranışlarından göründüyü kimi, Ilham Əliyev bu gün dünyada nə baş verdiyini anlamaq işini özünün güc generallarına (Ramil Usubov, Bəylər Əyyubov, Eldar Mahmudov) tapşırıb. Mübarəkin bunlardan qat-qat üstün güc generalları vardı, hanı onlar?
R.Usubov şantaja əl ataraq bizi qorxutmağa çalışır. Çağı çatıb, biz də böyük Sabirin dililə deyirik:        

Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!                    
Boş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb şişəyə tutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say, öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb aldıqlarını!

Boş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!
Zilli-Sultan Iran şahının əmisi idi. Xalqın pullarını oğurlayıb aradan çıxmış, sonra ələ keçmişdi. Indi sizlərin bir yolunuz var: illərlə xalqdan oğurladığınız milyonları, milyardları dinməzcə geri qaytarmaq, sonra da çoxillik oğurluq, soyğunçuluq faktlarına görə xalqdan bağışlanmağınızı istəmək!