Hakimiyyət Insan Hüquqları Evini də bağlayır

Ədliyyə Nazirliyi təşkilatdan Azərbaycanda bütün növ fəaliyyətlərə dərhal son qoymağı tələb edib

 

Azərbaycan Ədliyyə Nazirliyi Azərbaycan Insan Hüquqları Evindən-Beynəlxalq Insan Hüquqları Şəbəkəsinin tərəfdaşından dərhal bütün növ fəaliyyətlərə son qoymağı tələb edib. Ədliyyə Nazirliyi bildirib ki, IHE-nin yalnız əvvəlcədən dövlətlə razılaşdırılmış fəaliyyətinə icazə veriləcək.
Insan Hüquqları Evi hesab edir ki, bu tədbir 2011-ci ilin martında demokratik nümayişlərə çağırışlarla əlaqədar son bir neçə həftədə vətəndaş cəmiyyətinə qarşı güclənmiş repressiyaların bir hissəsidir. Bu barədə Insan Hüquqları Evi Beynəlxalq Şəbəkəsinin “Turan”a göndərilən bəyanatında bildirilir.
Qeyd edək ki, Azərbaycan Insan Hüquqları Evi 2007-ci ildə Human Rights House Foundation-un beynəlxalq şöbəsi kimi qeydiyyatdan keçib. 2009-cu ildə QHT-lər haqqında qanuna edilən düzəlişlərə görə, beynəlxalq təşkilatlar yalnız dövlətlə saziş bağladıqdan sonra fəaliyyət göstərməlidirlər. Lakin heç bir rəsmi xəbərdarlıq edilməmişdi, eyni zamanda IHE-nin fəaliyyəti ilə bağlı hakimiyyət tərəfindən heç bir narazılıq bildirilməmişdi. 10 fevral 2011-ci ildə polis Azərbaycan Insan Hüquqları evini hədələyib və burada keçiriləcək bütün görüşlər barədə polisə məlumat verməyi, habelə iştirakçıların siyahısını təqdim etməyi tələb edib.
Insan Hüquqları Evi Şəbəkəsinin üzvləri və partnyorları hesab edirlər ki, Azərbaycan Insan Hüquqları Evinin bağlanması ifadə azadlığı, birləşmək və toplaşmaq azadlığı hüquqlarını pozan siyasi səbəblərlə bağlıdır.
“Azərbaycan Insan Hüquqları Evinin bağlanmasını və fəaliyyətinin dayandırılmasını pisləyirik və Azərbaycan hakimiyyətini hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququnu təmin etməyə və insan hüquqlarını müdafiə etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.