kiv-df

Gəncə qalasının tarixi qapısı – məşhur darvazalar…

Gəncə qalasının tarixi

Azərbaycanın tarixində önəmli rol oynamış şəhərlərimizdən biri sayılan Gəncə zaman-zaman mühüm hadisələrə səhnə olmuşdur. Uzaq ölkələrə qapı açan karvan yollarının kəsişdiyi yerdə salınmış bu şəhər ən şanlı mübarizə tariximizin qəhrəmanlıq salnaməsi yazılan bir yerdir. Böyük Cavad xanın rus işğalçılarına qarşı şərəfli mübarizə tarixi bu şəhərdə yazılmış, ilk demokratik cümhuriyyətimizin təməli burada qoyulmuşdur.
X əsrdən başlayaraq Bərdə Arranın paytaxtı rolunu itirəndə Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Ticarət və sənətkarlıq bu şəhərin həyatında mühüm yer tuturdu. Burada sənətkarlığın inkişafı üçün münasib iqtisadi potensial vardı. Gəncənin yaxınlığında dəmir, mis və başqa filiz yataqları sənətkarları xammalla təchiz edirdi. Gəncə ölkənin paytaxtı kimi formalaşdıqca şəhərin hərbi qüdrətinin artırılmasına da xüsusi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, xəndəklər qazılmışdı. Möhtəşəm Gəncə qalası hələ o dövrdə mövcud idi. I Fədlunun hakimiyyətində olduğu dövrdə Gəncə daha da böyümüş, möhkəmlənmişdi. Bu dövrdə şəhərdə yeni saraylar, körpülər, karvansaralar tikilmiş, pul zərb edilməyə başlamışdı.
Gəncəni qoruyan qalanın inşası IX-X əsrlərə aiddir. O, Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb. Ümumiyyətlə isə, qədim Gəncənin 72 məhəlləsi olub. Qalanın indiyədək saxlanmış divarı Şərili bəy bürcünün qalığıdır. Bu qalada hərbi qarnizon yerləşmişdir.
Orta əsr Gəncə şəhərinin qala divarları kərpicin dəyişən cərgələrindən ibarətdir. Daş və kərpic hörgülərdə kirəcdən geniş istifadə olunmuşdur. Gəncədə aparılan qazıntılar nəticəsində şəhərin üç dairə qala divarı olduğu müəyyənləşdirilmişdir. Birinci dairə möhrə və iri çiy kərpiclə hörülmüşdür. Bu divarın eni 6-7 m-dir. Divarın hər iki üzü sonradan möhkəmləndirilmişdir. Bayır tərəfdə eni 1 m olan üzlük divar kirəc məhlulunda çaydaşı, tuf daş və bişmiş kərpiclə, ikinci dairə divar kirəc məhlulunda çaydaşı ilə hörülmüşdür. Eni 3 metrdir. Üçüncü dairədə hələlik qazıntı aparılmamışdır. Hər üç divarın dövrləri hələ dəqiq müəyyən olunmayıb, ancaq onların şəhər böyüdükcə müxtəlif vaxtlarda ardıcıl olaraq tikildiyi şübhə oyatmır. Gəncənin qala divarları çayın sahil bəndləri və iki sahili birləşdirən körpülərlə uzlaşdırılaraq inşa edilmişdir. Gəncə xüsusilə XII-XIII əsrin əvvəllərində çox möhtəşəm istehkamlara malik bir şəhər olmuşdur. Xatırladaq ki, Zəkəriyyə əl-Qəzvini Gəncənin müsəlman aləminin sərhəd vilayətində yerləşməsini, möhkəm istehkamları olmasını, sakinlərinin cəsurluğunu xüsusi qeyd edir. Bu səbəbdən monqollar Azərbaycana birinci hücumları zamanı (1221) Gəncəni ala bilməmişdir. Gəncə qazıntıları zamanı buradakı qala divarlarında həm dördkünc, həm də yarımdairəvi bürclər aşkara çıxarılmışdır. I.M.Cəfərzadənin fikrincə, dördkünc bürclər daha qədimə aiddir. Qala divarlarında bürclər müəyyən məsafələrdə tikilirdi. Onların arası 40-50 m-dir.

Gəncə darvazaları

Gəncə ətrafına möhtəşəm qala divarları Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Albanların Arrana basqınından sonra çəkilmiş, dəmirçi Ibrahim ibn Osman tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdu. Artıq bu dövrdə Gəncə “Içəri şəhər” – “Narınqala”, “Bayır şəhər” – “Şəhristan” və sənətkarlar məhəlləsi – “Rabad”dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi.
Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi (“… əməl dəmirçi Ibrahim ibn Osman ibn Ənkəveyx 405-ci il”) və s. göstərilmişdir.
Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Dimitri (1125-54) tərəfindən Gürcüstana (Kelati monastrına) aparmışdır. Xalq arasında olan məlumata görə, neçə tonluq darvaza, zəlzələdən sağ qalan əhalinin əsir düşmüş hissəsi tərəfindən daşınmışdır. Deyilənlərə görə Gürcüstana olan məsafədə darvazanın altında zəlzələdən tələf olan adamlardan çox gəncəli həlak olmuşdur.
XII əsrdə monastr təmir olunarkən Gəncə darvazasının bir tayı dam örtüyündə istifadə edilmişdir. Digər tayı hazırda Kelati monastrının cənub hasarına (IV Davidin qəbri qarşısındakı divara) bərkidilmişdir. Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yazılmış belə ifadələr var: “Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin”.
Maraqlıdır ki, Gelati monastrına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi. Darvazanın digər tayının aqibəti haqda isə Azərbaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: “XVIII əsrdə monastr təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyündə istifadə olunmuşdur”.

Gəncə darvazalarının bir hissəsi bərpa olunub

Bir neçə il əvvəl mətbuatda Gürcüstandakı tarixi darvazaların geri qaytarılması ilə bağlı iki ölkə arasında danışıqlar aparıldığı barədə yazıldı. Amma sonda ortaya real bir nəticə çıxmadı və darvazaların geri alınması haqqında müzakirələrin aparılmasının da reallığa söykənib-söykənmədiyi təsdiqini tapmadı.
Amma yaxın tarixdə Azərbaycanda bu tarixi darvazaların bir hissəsi tapılıb bərpa olunub. 1063-cü ildə şəhərin müxtəlif istiqamətlərindən girişinə qoyulan altı böyük darvazadan birini Gəncə Regional Elm Mərkəzi bərpa edib. Akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapıb. Sonralar Elm Mərkəzi bu qalıqları toplayıb və bərpa edib.
Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da bir-birinə çarmıxlarla möhkəm bağlanıb. Darvaza öz tarixi yerində Gəncə-Bakı-Gəncə yolunun şəhərə giriş istiqamətində quraşdırılıb. Darvazanın ətrafında isə Naxçıvandan gətirilən və XI əsrdə də tikintidə istifadə olunan kərpiclərdən 20 metr hündürlüyündə möhtəşəm qalanın nümunəsi tikiləcək.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir