Geri çəkilmək növbəsi

11 martda gənclərin şəhərə çıxmasının qarşısını almaq üçün hakimiyyətin ağlına gələn metod gəncləri həbs etmək oldu. Əvvəla, bu aksiya inqilab deyil, sadəcə, gəzintidir. Hər halda, 11 martda gənclərin gəzinti tədbirinin siyahısına baxıb, oradakıların erməni olduğunu iddia edənlər təşkilatçıların aksiya keçirmək istəmədiklərini, bunun gəzinti olacağını görməliydilər. Məsələn, təklif edirəm ki, gənc cütlüklər əllərində al qızıl güllər, qırmızı geyimdə, xoş təbəssümlə şəhərimizin gözəlliyini seyr etsinlər. Burada təhlükəli nə var?

Başqa tərəfdən, həbslərlə, repressiv metodlarla, təzyiqlə, ali məktəblərdən xaric etməklə, hədə-qorxu ilə insanların ali istəklərini önləmək mümkündürmü? Avtoritar sistemin təmsilçiləri bunu anlamaq istəmirlər. Meydana çıxan, tələblər irəli sürən, istəklərini ifadə edənlərə təkcə bioloji varlıq kimi yanaşmaq geri zəkalılıq nümunəsidir. Adamları etirazlara vadar edən, virtualdan küçələrə çıxaran isə, onların Azadlıq istəyidir, xoşbəxt yaşamaq ehtiyacıdır.
1776-cı ildə Amerikanın 13 ştatının hamılıqla və bir səslə qəbul etdiyi Istiqlaliyyət Bəyannaməsi bunu necə də gözəl və aydın ifadə edib: “Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edib, onların sırasına yaşamaq, azadlıq, səadətə can atmaq hüququ da daxildir”.

Ərəb dövlətlərinin vətəndaşlarının diktatorları devirməsindən sonra korrupsiyaya qarşı mübarizənin (?!) labüdlüyünü başa düşən hakimiyyət azadlıq və demokratiya tələblərini də qəbul etməlidir. Imitasiya olsa belə… Buradan anlamaq istəmirlərsə, o zaman Elmar Hüseynovu güllələməklə, Qənimət Zahidi, Eynulla Fətullayevi, Ruslanı, Emini, Adnanı və başqalarını məhbəsə atdırmaqla nəyəsə nail olmadıqlarını xatırlasınlar. Anlayın, cənablar: Azadlıq istəyini həbslərlə, təzyiqlərlə, işgəncələrlə boğmaq mümkün deyil!

Ümumiyyətlə, həbslər və ya digər təzyiq formaları qorxuludurmu? Hər bir halda, bütün hərbə-zorbalar keçicidir. Həbslər də keçicidir. Heç kim də həbslərdən qorxmur. Hamını öldürmək isə mümkün deyil. Misir nümunəsi göstərdi ki, Hüsnü Mübarəki ölümlər də xilas etmədi. Əksinə, həbslər bizi möhkəmləndirir. Böyük sabahlar uğrunda hər cür məhrumiyyət, çətinlik günün birində qürurlu keçmişdir.

Gerçəklik budur: Mübarizədə həbslər də olacaq.

Başqa bir gerçəkliksə, həbslərin heç kimi yolundan döndərə bilməməsidir. Indi həbsdə olan dostlarım ötən yay da həmin divarlar arasında olmuşdular. Ancaq heç kim geri çəkilməyib. Əksinə, sıralar genişlənir. Zaman özü mübarizənin cərgələrini möhkəmləndirir.

Indi kim yola davamında dəyişiklik etməlidir? Biz, yoxsa hakimiyyət? Bizim düşərgədə indiyədək bütün formalar müzakirə olunub. Bəzən olub ki, müxalif gənclər “həbsi sevmək”, “qəsdən tutulmaq” kimi iddialarla elə özü ittiham olunub. Problemləri siyasiləşdirmədən, maarifləndirmə ilə bütün problemlərin nə zamansa həll olunacağı təbliğ olunub. Sonradan bu iddialar sıradan çıxdı. Və yol qəti olaraq paralel müəyyən olundu: Sərt mübarizə və maarifçilik. Hədəflərimizə nail olana qədər hər kəs bu yola sadiqdir. Zatən, biz azadlıq və demokratiya kimi dəyərlərin bərqərar olmasını istəyiriksə, başqa yolumuz da yoxdur. Variantları dəyişməksə, hakimiyyətin əlindədir. Onun imkanları var ki, geri çəkilsin. Qeyri-dinc, sivil olmayan formalardan imtina etsin. Polisin arxasında gizlənməyin təhlükəli olduğunu anlasın. Bunu Ərəb polisinin nümunəsində görməmək öz-özlüyündə düşmənçilikdir. Durum bir qədər dəyişən kimi xalqın tərəfinə keçdilər. Indi Əliyev hakimiyyəti ya çaşqınlıqdan xilas olub normal şərtlərlə siyasi mübarizəyə yer verməlidir, ya da sonu onun üçün məğlubiyyət olacaq divara qarşı çıxmalıdır. Xalqın istəklərindən doğmaqda olan, xoşbəxt gələcəyini tərənnüm edən mübarizə meydanı sözün əsl mənasında divardır. Heç bir diktatura, polis hakimiyyəti bu divarı aşa bilməyib.

Azərbaycan iqtidarı da aşa bilməyəcək…

Abel Məhərrəmova istefa!

Abel Məhərrəmov sonuncu kartını da açdı. O, idarə etdiyi universitetin tələbələrini savadsızlıqda, akademik borcu olmaqda şərlədi. Burada ona deyiləsi heç bir sözüm yoxdur. 2005-ci il aksiyaları zamanı həmin bu Məhərrəmov məni və dostlarımı universitetdə işə düzəltməklə müxalifətdən çəkinməyə çağırırdı. Indi vədlərinin işə yaramadığını anlayıb. Axırıncı variantına əl atıb. Mənimsə Abel müəllimə bir sualım və bir çağırışım var. Sualım bundan ibarətdir: “Facebook”dan istifadə edə bilirsinizmi və “11 mart” tədbirinə qoşulmuş istifadəçilərin siyahısına baxmısınızmı?