ilham-baksovet-musavire

Bəylər Əyyubova yaxın şəxslər həbs edilə bilər

İlham Əliyev «yumurta müşavirəsi»ndə dilinin bəlasına düşüb

 

İlham Əliyevin “yumurta müşavirəsi” hələ də müzakirə mövzusudur. Xatırladaq ki, dövlət başçısı iki gün əvvəl Bakı Şəhər Icra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yumurta inhisarçılarını asıb-kəsib. Ilham Əliyev bildirib ki, yumurtanın qiyməti süni şəkildə artırılır: “Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? Indi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır”.
Dövlət başçısı əlavə edib ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə dərhal göstəriş verib: “Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar”.
Artıq Respublika Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb.
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, Azərbaycanda yumurta biznesi əsasən Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Hər halda ölkənin yumurta bazarının 70 faizini bu məhsulla təmin edən “Giləzi broyler”in Bəylər Əyyubova məxsus olduğu bildirilir. Yerdə qalan 30 faiz isə digər məmurlar arasında bölüşdürülür. Deməli, yumurtanın qiymətini süni şəkildə artıranlar Ilham Əliyevin ətrafında olanlardır. Bəs onda Ilham Əliyev kimi məsuliyyətə cəlb edəcək?
Əldə etdiyimiz məlumatlara görə, Ilham Əliyevin bəyanatından sonra “yuxarılar” bu barədə ciddi düşünməyə başlayıblar. Əgər heç kim məsuliyyətə cəlb olunmasa, dövlət başçısı gülünc vəziyyətə düşəcək. Bəs onda nə etməli? Məlumatlarda bildirilir ki, Ilham Əliyevin sözünün üstündə duran rəhbər obrazını yaratmaq üçün Bəylər Əyyubova yaxın şəxslərdən bir neçəsinin həbs edilməsi müzakirə olunur.
Bəylər Əyyubov razılıq verəcəyi təqdirdə yaxın günlərdə hüquq-mühafizə orqanlarının “yumurta əməliyyatı”nın şahidi olacağıq. Məlumatlarda həmçinin deyilir ki, bu məsələ gündəmdən düşəndən sonra həmin həbs ediləcək şəxslər azadlığa buraxılacaq.

 

 

İnformasiya şöbəsi