AYƏNDƏNİN PROYEKTİ “Mən ideyalarımla birgə azadam!”

«ilham Əliyev də diktatorlardan biridir»

 

Rubrikamızın növbəti qonağı Sayqın Rüstəmli 11-ci sinif şagirdidir. Sayqın, demək olar ki, abituriyentdir. Ali məktəbə hazırlaşır. Deməli, həm də tam hüquqlu vətəndaşlığın astanasındadır. Bu yaşda olan yeniyetmələrdə həqiqi dünya görüşü formalaşmağa başlayır. Sayqın da həyatının bu mərhələsini “Kimsə məni yolumdan döndərə bilməz!” devizi ilə başlayır.
Yaxşı təhsili ibtidai sinifdə gördüm…

 

– Sayqın, orta məktəbdə aldığın təhsildən razısanmı?
– Açığını deyim ki, ibtidai sinifdə aldığım təhsildən razıyam. Yuxarı siniflərə qədəm qoyduqca, aldığım təhsil məni qane etmədi. Demək olar ki, heç dərs keçməmişik. Müəllimlər bizə ciddi təhsil verməkdənsə, daha çox atamızın gəliri ilə maraqlanırlar. Fond pulu və başqa yerlərə pul yığmaq haqqında düşünüblər və dərs keçməyə demək olar ki, vaxtları olmayıb. Hazırda bir rüşvətsiz qurum var, bu da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Ümidimiz yalnız  bu qurumadır ki, universitetə qəbul ola bilək.
Universitetlərdən Qafqaz Universiteti və Xəzər Universitetini tanıyıram ki, burada da rüşvət yoxdur. Qalan ali təhsil ocaqlarının hamısında rüşvətin olduğu barədə söhbətlər var. Əslində, bu, hakimiyyətin bilərəkdən yaratdığı təhsil siyasətidir ki, gəncliyi kütləşdirsin. Mən bunu belə dəyərləndirirəm. Mənim yaşıdlarım orta məktəbdə aldıqları təhsillə hansısa universitetlərə qəbul ola bilməzlər. Onlar mütləq iki il repetitor yanında hazırlaşmalıdırlar. Mən repetitor yanında hazırlaşmağın tərəfdarı deyiləm. Amma uşaq neyləməlidir?! Məktəbdə təhsil verilmirsə, o da məcbur olur əlavə olaraq hazırlaşsın.
Repetitorluq edən müəllimləri də qınamıram, çünki bizim cəmiyyətdə müəllimə qiymət verilmir. Müəllimə verilən maaş göz qabağındadır. Ölkədə müəllimlikdən yüksəkdə duracaq vəzifə yoxdur, mənim fikrimcə. Hətta prezidentdən də yüksəkdə duracaq vəzifədir. O, insanlara elm öyrədir. Müəllimə verilən dəyər budursa, müəllim neyləməlidir axı?! Müəllimin də ailəsi var, məcburdur ki, müəyyən məbləğdə pul alıb uşaq hazırlaşdırsın. Müəllimə verilən bu qiymət məni qane etmir. Hesab edirəm ki, belə dəyərləndirmə düzgün deyil. Hətta bizim bəyənmədiyimiz Lenin belə, müəllimlərə yüksək qiymət verirdi. Peyğəmbərimiz də deyib ki, “Sizə bir hərf öyrədənin 40 il köləsi olmağa hazır olun”.
Amma saxta diplomla müəllim olanlar da var və belələri  müəyyən məbləğə görə, seçkiləri saxtalaşdırmaqda hakimiyyətə yardımçı olurlar.

– Gələcək planların və məqsədlərin barədə danışmağını istərdik. Yaşıdların üçün sənin hansı ideallarla yaşadığını bilmək maraqlı olar, yəqin…
– Mən Kamran kimi prezident olmayacağam (gülür). (Kamran, bu proyekt çərçivəsində söhbətləşdiyimiz uşaqlardan biridir) Mən elə bir ölkənin vətəndaşı olmaq istəyirəm ki, o ölkədə hamının seçib-seçilmək hüququ olsun. Yalnız bir ailə başda olmasın. Kiminsə “daydayısı” varsa, arxası varsa, çıxıb kimisə vurmasın. Peşəmdən asılı olmayaraq, demokratik cəmiyyətin vətəndaşı olmaq istəyirəm. Mən dəqiq elmlər üzrə alim, ya da iqtisadçı olmaq istəyirəm. Hər kəs bir fənni daha çox xoşlayır. Məsələn, biri tarixi çox xoşlayır. Amma mən tarixi o qədər də bəyənmirəm, oxuya bilmirəm. Çünki bu gün yalançı tarixi zorla bizə qəbul etdirirlərsə, mən bunu necə oxuyum? Tarixin 1918-ci illərinə heç bir etirazım yoxdur. Amma 90-cı illərin tarix dərsliklərinə baxanda, burada daha çox kiminsə gözünə girmək üçün yaltaqlıqlara rast gəlmək olur.

“11 il oxumuruq, 2 ildə 11 ilin əvəzinə oxuyuruq”

– Yaşıdlarının hansı problemlərini müşahidə edirsən?
– Avropada olan yaşıdlarımla müqayisə edəndə, görürük ki, onlarda hər şey məktəbdən qaynaqlanır. Onlarda idmana, musiqiyə ayrıca yer verilir, dünyagörüşləri bizlərə nisbətən daha geniş və əhatəlidir. Bizim məktəblərdə təhsil aşağı səviyyədə olduğundan, uşaqlar da daha çox telefona, “sms”ləşməyə, kiminləsə tanış olmağa maraq göstərirlər. Bizdə əsas problem odur ki, 11 il oxumuruq, son 2 ildə 11 ilin proqramını öyrənməyə məcbur oluruq. Bu da bizim çiynimizə düşən ən ağır yükdür. Təəssüf ki, bəzən elə uşaqlar da olur ki, əlavə hazırlaşmağa imkanı olmur. Bu da müəyyən mənada onların sıradan çıxmasına səbəb olur.

“Azərbaycan hökuməti ərəb inqilablarından qorxuya düşüb”

– Daha çox informasiyanı haradan alırsan?
– Azərbaycan televiziyalarına baxmıram. Ilham Əliyev sağ olsun, “Euronews” kanalını mənə tanıtdı. Xarici kanallardan və internetdən informasiya alıram.

– Son günlər dalbadal bir neçə fəal gənc həbs olundu. Buna münasibətin necədir?
– Gənclərin həbsi hakimiyyətin qorxaqlığının göstəricisidir. “Olmayan” dedikləri müxalifətin var olmasının göstəricisidir. Dünənə qədər deyirdilər ki, “müxalifət yoxdur”. Bəs indi niyə gəncləri həbs edirsiniz? Bu həbslər  hakimiyyətin inqilabdan qorxusunu göstərdi. Hakimiyyət artıq başa düşməyə başlayıb ki, gənclər öz haqlarını tələb edirlər, demokratiya istəyirlər. 11 mart “Xalq günü” elan olunub. Hakimiyyət bundan da qorxuya düşüb, həbslərə rəvac verib. Əsasən də ərəb dünyasındakı inqilab dalğasından qorxuya düşərək gəncləri həbs edirlər.

– Inqilablara münasibətin necədir?
– Mən inqilablara normal hadisə kimi baxıram. Təbiətdə belə bir qanun var ki, ekvatordan qütblərə getdikcə, komponentlər bir-birini əvəz edir. Ya da ki, hündürlüyə qalxdıqca komponentlər bir-birini əvəz edir. Bu da tarixin bir mərhələsidir. Bu zaman siyasi komponentlər bir-birini əvəz edirlər. Artıq kütləvi inqilablar mərhələsidir, demokratikləşmə prosesləri gedir. Nə zamansa, monarxiyalı dövlətlər qurulmuşdu, bu gün isə, demokratikləşmə mərhələsindəyik. Bir də təbiətdə bütövlük qanunu var ki, mənim fikrimcə, ərəb dünyasında olan inqilablar Azərbaycandan da yan keçməyəcək. Ərəb dünyasında diktatorların devrilməsi, dünyada diktatorların azalmasına  səbəb olur. Diktatorlardan biri də Ilham Əliyev olduğu üçün devrilənlərdən biri də o olacaq. Bu proseslər bir ildən uzağa gedə bilməz.

– Sən həm də gələcəyin əsgərisən. Ətrafında vətənpərvər uşaqlar çoxdur, yoxsa, əksinə?
– Vətənpərvər uşaqlar daha çoxdur. Onlardan elə həbs olunan gənclərimizi nümunə göstərmək olar.

“Rok mənim üçün Azadlıq deməkdir”

– Sənin musiqi zövqün necədir?
– Yaşıdlarımdan fərqli olaraq, mən Faiqə, Röyaya qulaq asmıram, mən roka qulaq asıram.

– Rokda nə tapırsan?
– Rokda nəyəsə etiraz etmək olur, mesaj vermək olur. Rokda Azadlıq var. Rokda aşıqlar kimi, sazı ələ alıb yaltaqlanmırlar.

– Sən özünü azad hesab edirsən?
– Mən özümü azad sayıram, məni heç kəs sındıra bilməz. Mən ideyalarımla birgə azadam. Mənim kimi gəncləri qorxutmaq  yolumdan döndərmək mümkün deyil.

Özəl bir dünya…

– Hesab edirsənmi ki, hansısa əlçatmaz ideyaların var? Adətən, sənin yaşda uşaqların xəyallarında qurduğu özəl bir dünya olur…
– Mən istəyirəm ki, dünyada “milliyyət” anlayışı olmasın, tədricən əriyib getsin bu ayrı-seçkiliklər. Bu anlayış insanları bir-birindən ayrı salır, düşmənçilik yaradır. Insanlara yalnız insan kimi baxmağın tərəfdarıyam. Hər millətin yaxşısı da var, pisi də. Istəyirəm ki, dünya sərhədləri formal olaraq qalsın. Daha sonra, dində  məcburiyyəti də qəbul etmirəm.

“Amma deyirdilər rüşvət yoxdur”

– Rüşvətə münasibətin necədir? Nə vaxtsa rüşvət vermisən?
– Hələ ki, verməmişəm. Bəs hakimiyyət deyirdi ki, rüşvət yoxdur?! Amma indi rüşvətə qarşı guya ki, mübarizə aparırlar.

– Rüşvəti necə yox etmək olar?
– Yalnız dəyişiklik yolu ilə.

“Atamla dostluğum var”

– Dostların çoxdur?
– Məncə, insan əsl dostluğu ailədən başlayaraq dərk edir. Dostlarımdan birinin belə bir sözü vardı ki, “dostların ən yaxşısı mübarizə dostlarıdır”.

– Valideynlərinlə münasibətin necədir?
– Çox yaxşıdır, hətta atamla dost kimiyəm. Mənim xarakterimin formalaşmasında atamın böyük rolu var. Hansısa problemim olanda ondan soruşuram, o da ağıllı məsləhətlər verir.