“Üsyan atəşi Azərbaycana sıçradı”

“11 Mart – Böyük Xalq Günü” dünya mediasında

Dünən Bakıda gənclər tərəfindən təşkil olunan “11 Mart-Böyük Xalq Günü” askiyası dünya mətbuatının əsas xəbələrdinən birinə çevrilib.

İngiltərənin və Avropanın nüfuzlu mətbu orqanlarından biri “The Guardian” qəzeti “11 Mart-Böyük Xalq Günü” aksiyasını ərəb dünyasında baş verən inqilabi olaylarla eyni sırada yayımlayıb:“Azərbaycan gəncləri “Facebook” sosial şəbəkəsi vasitəsiylə təşkil olunmuş iqtidar əleyhinə etiraz aksiyasına qatılaraq paytaxt küçələrinə axışıb. Ölkəboyu təhlükəsizlik tədbirlərini gücləndirən hökumət qüvvələri gənclərin aksiyasına müdaxilə edib. Onlarla müxalifətçi həbs olunub. Gənclər bu tip aksiyaların gələcəkdə də keçiriləcəyini bildirib”.

“CNN Türk” kanalı Bakıdakı hadisələri “Üsyan atəşi Azərbaycana sıçradı” başlığıyla təqdim edib.

“Ərəb dünyasını bürüyən xalq üsynaları Azərbaycana sıçradı. Paytaxt Bakıda ərəb ölkələrindəki antihökumət mitinqlərindən ilhamlanan etirazçıların keçirdiyi iqtidar əleyhinə aksiyaya polis müdaxilə edib. Şahidlərin sözlərinə görə, Bakıdakı universitetlərin önündə və şəhərin müxtəlif yerlərində hakimiyyətə qarşı etirazını bildirən gənclər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Həbs olunan gənclərdən biri polis tərəfindən saxlanılarkən “gələcəkdə başqa aksiyalar da təşkil olunacaq” mesajı verib. Bakının əsas universitetlər və metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirən hakimiyyət tələbələri dərslərə gəlməyərək etiraz aksiyalarına qatılacaqları təqdirdə təhsil aldıqları ali məktəblərdən xaric olunacaqlarını bildirib”,-deyə “CNN Türk”ün xəbərində vurğulanıb.

Türkiyənin ən nüfuzlu qəzetlərindən biri “Hürriyət” də 11 mart aksiyasını əsas xəbərlərdən biri kimi təqdim edib. Xəbərdə bildirilir ki, Bakıda keçirilən antihökumət aksiyasında aralarında Müsavat başqanı İsa Qəmbərin oğlunun da olduğu onlarla gənc həbs edilib.

“Nəsimi polisindən verilən açıqlamada bildirilib ki, Müsavat partiaysı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyasının üzvləri saxlanılıb. Bundan başqa Azərbaycanın Şəki şəhərində AXCP sədrinin müşaviri Sahib Kərimov və partiyanın 8 üzvü polis tərəfindən saxlanılıb”, – deyə “Hürriyət”in xəbərində bildirilib.

Rusiya, Misir, Polşa və Avropanın digər xəbər agentlikləri “11 Mart-Böyük Xalq Günü” aksiyasından məlumatlar yayımlayıb. Həmin xəbərlərdə bildirilir ki, ərəb inqilablarından ruhlanan gənclər Azərbaycanda hökm sürən avtoritar hakimiyyətin devrilməsi tələbiylə küçələrə axışıb. Hökumət qüvvələri öncələr olduğu kimi bu dəfə də müxailəft təmsilçilərinin keçirdiyi aksiyaya müdaxilə edərək onları həbs edib.

İnformasiya şöbəsi