Ziya Məmmədov Mingəçeviri qarışdırdı

150 sürücü mərkəzi yollardan birini kəsdi

 

Dünən Mingəçevir şəhərində avtobus sürücülərinin etiraz aksiyası keçirilib. Etiraz aksiyası şəhərin mərkəzi küçələrindən birində, «Heydər Əliyev» parkının qarşısında baş verib. Ərazidə nəqliyyatın hərəkəti təxminən 30 dəqiqə dayanıb. Aksiyaya səbəb isə Nəqliyyat Nazirliyinin göstərişi ilə şəhər daxilində sərnişin daşınması ilə məşğul olan 7 və 8 nömrəli marşurutlardakı avtobusların daha iri tutumluları ilə əvəz olunacağı xəbərinin yayılmasıdır.
Məlumatlara görə, avtobuslar birbaşa nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə şəhərə gətirilir. Bu marşurut xəttində çalışan və aksiya keçirən 150 nəfər sürücünün taleyi isə hələ qeyri-müəyyəndir. Belə ki, yeni avtobusları  idarə etmək üçün məhz onların işə götürüləcəyi sual altındadır.
Başqa tərəfdən şəhərdə gəzən şaiələrə görə, yeni şərtlər sürücülərin maraqlarına bir o qədər də uyğun olmaycaq.
Aksiya yalnız Mingəçevir Şəhər icra başçısı Mübariz Ağayev və şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlovun sürücülərə işlə bağlı problem yaşamaycaqları barədə vəd vermələrindən sonra dayandırılıb.

 

Hikmət