kiv-df

“Təbrizin küçələri dolanbadolan…”

Ərdəbildən Bakıya…

Arazın o tayı ilə bu tayı arasındakı həsrət körpüsünə addım atmağın yasaqlandığı illərdə dodaqlarda bir həsrət nəğməsi dolaşırdı. Bir zamanlar o taydakı təqiblərdən Bakıya üz tutan ailənin qızı həyat vermişdi bu nəğməyə. “Təbrizin küçələri dolanbadolan, Qaragilə…” oxuyurdu səhnədə ağlaya-ağlaya, ağlada-ağlada. 
Mirzə Xəlil Ərdəbilin sayılıb seçilən, sözü keçən, hörmətli kişilərindən biri idi. Rübabə bu ailənin ilk övlad payı idi. 1933-cü il martın 22-də dünyaya göz açmışdı. Ondan sonra daha iki qardaşı və dörd bacısı anadan olmuşdu. Mirzə Xəlilin əsas istəyi övladlarını savadlı, təhsilli görmək idi. Təhsilin nə qədər önəmli olduğunu bildiyinə görə də Rübabəni məktəbdən yayındırmamışdı. Rübabə Ərdəbildə qızlar məktəbində təhsil alırdı. Bəzən hətta məktəb konsertlərində, tamaşalarda çıxış edirdi. Bu, o dövrün qayda-qanunlarına zidd olsa da, bəzən hətta qohumları tərəfindən qınansa da, atası Rübabənin səhnəyə çıxmasına etiraz etmirdi. Axı Mirzə Xəlil özü də yaşadığı ölkənin siyasi rejimi, qayda-qanunları ilə razılaşmırdı. Elə ona görə də Pişəvəri hərəkatına qoşulmuşdu. Hərəkatın ən fəal iştirakçılarından idi…
1946-cı ildə Mirzə Xəlil siyasi mühacir kimi ailəsi ilə birlikdə Azərbaycana üz tutur. Əvvəlcə Astarada məskunlaşırlar, bir müddət sonra isə Salyana köçürlər. Ailə burada əvvəllər xeyli ağır güzəran keçirir, maddi sıxıntı çəkir. Sonradan onlara bir ev verilir (Illər sonra Əli-Bayramlıya köçən ailənin oradakı mülkləri indi də qalır). Çətinliklərə baxmayaraq, Mirzə Xəlil uşaqlarını təhsildən yayındırmır. Rübabə Salyanda orta məktəbdə təhsilini davam etdirir. Elə burada da onun məlahətli səsi kəşf olunur. Bundan sonra Rübabə musiqi dərnəklərindən birinə üzv olur. Dərnəkdə Qulu Əsgərovla tanış olur və tamaşalarda, tədbirlərdə çıxış etməyə başlayır.
Bir dəfə Dram Teatrının aktyorları Salyana qastrola gəlirlər. Onların arasında Ələsgər Ələkbərov da vardı – Rübabənin o vaxta qədər adını eşitsə də, üzünü görmədiyi məşhur aktyor. “Vaqif” tamaşasını oynamalıydılar. Ancaq tamaşanın başlanmasına az vaxt qalmış deyirlər ki, Xuramanı oynayan aktrisa xəstədir, səhnəyə çıxa bilməyəcək. O aktrisanı əvəz etmək Rübabəyə həvalə olunur. Çünki Rübabə öz tamaşalarında bu rolu artıq ifa edirdi. Beləliklə, Rübabə ilk dəfə 16 yaşında peşəkar aktyorlarla eyni səhnəni paylaşır… Peşəkar aktrisa olmasa da, gözəl səsi ilə tamaşaçıları heyran qoyur. Xuramanın özünü qayadan atması səhnəsində bir “Bayatı-Kürd” ifa edir ki, tamaşa, obraz yaddan çıxır. Düz iyirmi dəqiqə oxuyur… Tamaşadan sonra Ələsgər Ələkbərov Rübabəyə yaxınlaşıb deyir: “Qızım, gözəl səsin var, çalış Bakıya köç, filarmoniyaya sənin kimi səsli müğənnilər lazımdır”. O gecə səhərəcən Rübabənin gözünə yuxu getmir. Tamaşanın təsirindən ayrıla bilmir, heç vaxt görmədiyi, ona nağıl kimi gələn Bakının xəyalını qurur. Çox keçmir ki, tale özü onu bu şəhərə gətirir. Səsinin sehrinə düşən müəllimləri onu Bakıya aparırlar.

Səhnənin gözəl gözlü Leylisi

Beləliklə, Rübabə Muradova 1950-ci ildə Bakıya – xəyallarında yaşatdığı bu əsrarəngiz şəhərə qədəm qoyur. Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsil almağa başlayır. Elə burda oxuya-oxuya Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlar Rübabə Muradovanı Leyli roluna hazırlaşdırmağa başlayırlar. Rübabə hələ tələbə ikən Opera və Balet Teatrının səhnəsində ilk dəfə Leyli kimi görünür. Məktəbi bitirəndən sonra isə burda işə götürülür. Leyli, Əsli, Ərəbzəngi, Şahsənəm, Sənəm kimi partiyaları ifa edir. Teatrın solisti olmaqla yanaşı həm də muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi bütün ölkədə tanınıb, sevilməyə başlayır. Onun ifa etdiyi “Qaragilə”, “Heydərbabaya salam” bu gün də dillər əzbəridir. Filarmoniyada anşlaqla keçən konsertləri indi də çoxlarının xatirindədir. Qara qaş-gözündən, uzun qara zülfündən, gözəlliyindən hələ də danışırlar. Bu gözəlliyə o vaxtlar da heyran olurdular, indi də.
Bir də onun Leylisini çox bəyənirdilər. Özü də daha çox bu obrazını sevirdi. Çünki Leyli ona qəlbən yaxın idi, taleləri bənzər idi. Leylini oynayanda öz həyatını yaşayırdı sanki. Yəqin elə buna görə də rol bu qədər təsirli, yanğılı, inandırıcı alınırdı. Bu rolu o qədər çox sevirdi ki, hər sənətçinin ifasını da bəyənmirdi. Deyirdi “xətirlər xətrinə Leyli oynamazlar. Leylinin həyatını yaşamaq lazımdır”.
Xaraktercə təmkinli, xeyirxah olan Rübabə xanım son tikəsini belə tanımadığı adamla bölərmiş, deyirlər. Amma hər kəsin dərdinə şərik olan sənətkarın dərdindən bəlkə də çoxları xəbərdar deyildi. Rübabə xanım özünü bədbəxt qadın hesab edirdi. Hətta o illərdə şayiə gəzirmiş ki, Rübabə xanımın sevgilisi Iranda qalıb və onun dərdindən intihar edib. Əslində hər şey başqa cür idi. Bakıda böyük bir sevgi yaşayan Rübabə xanım ona qovuşa bilmir.
Bu məhəbbətə isə sevdiyi şəxsin valideynləri Rübabə xanım müğənni olduğu üçün son qoyurlar. Yarımçıq qalmış məhəbbətindən sonra sevgiyə inamı azalan Rübabə xanım sevmədiyi bir insanla ailə həyatı qurur. Qəmər adlı qız övladı dünyaya gəlsə də, qısqanclıq ucbatından həyat yoldaşından ayrılmaq məcburiyyətində qalır. Az sonra yenidən ailə həyatı qurur və bu nikahdan Şahnaz adlı qızı dünyaya gəlir. Gözəlliyi ilə çoxlarının ürəyini fəth edən sənətkar uzun saçları ilə də diqqəti cəlb edirmiş, deyirlər. Bunu görən qısqanc həyat yoldaşı onun saçlarını öz əlləri ilə kəsir. Elə növbəti ayrılıq da bu səbəbdən yaşanır. Hər zaman sanki fəryad edib oxuyan sənətkar milyonların ürəyinə yol tapsa da, qəlbən tənhalığı yaşayır.

“Ömür keçdi, gələmmədim gec oldu…”

Həyatının son anına qədər vətən nisgili Rübabənin ürəyindən getmir. 13 yaşında ayrıldığı torpağına bircə dəfə ayaq basmaq arzusu ürəyində qalır. Doğulduğu, böyüdüyü Ərdəbili, evini yenidən görmək xoşbəxtliyi ona nəsib olmur.
Xəstəlik Rübabəni gündən-günə zəif salırdı. Son bir ildə isə vəziyyəti daha da ağırlaşmışdı. Arıqlamışdı, solğunlaşmışdı. Artıq yataq xəstəsinə çevrilmişdi. Ancaq elə o vəziyyətdə də təmizliyinə, səliqəsinə fikir verirdi. Tahirə xanım deyir ki, ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı: “Özü bunu bilirdi artıq. Hər gün yanına gedirdik. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı. Hər dəfə deyirdi ki, ”evimizin qapısı açılan kimi həyətdəki güllərin ətri məni bihuş edirdi. Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim”. Ancaq bu arzuyla yaşayırdı, ancaq bu idi onun dərdi. O boyda dərdi ola-ola başqalarının da dərdinə yanırdı. Ehtiyacı olana əl tuturdu. Mənim üçün həm ana olub, həm bacı. O saxlayıb, oxutdurub məni. Ümumiyyətlə, hamının işinə yarayırdı. Hər kəsin dərdinə şərik olurdu. Amma onun dərdindən bəzilərinin heç xəbəri yox idi. Onun bircə dərdi vardı – vətən…”.
Rübabə Muradova 1983-cü il, avqustun 28-də 50 yaşında qaraciyər sirrozundan vəfat etdi və Yasamal qəbiristanlığında dəfn olundu. Beləcə, doğulub boya-başa çatdığı torpağı görmək, ora ayaq basmaq arzusu da onunla bərabər torpağa gömüldü. Rübabə Muradova düz 37 il vətən həsrətini, Ərdəbil nisgilini ürəyində gəzdirdi. O məşum gecəni, həyatının dönüş nöqtəsi olan o 1 saatı xatırladı. Bəzən o 1 saata lənət oxudu, bəzən o 1 saatı yenidən arzuladı. Arzuladı ki, heç olmasa bircə dəfə yenə sərhədlər 1 saatlıq açılardı. Bircə saatlıq da olsa gedib oranı görüb, havasını udub yenidən qayıdaydı. Bu da ona kifayət edərdi, həsrətini azaldardı. Amma nə bu arzular gerçəkləşdi, nə də nisgil sona yetdi. O, elə bu vətən həsrətiylə də Ərdəbilin zülmət gecələri qədər qara gözlərini əbədi yumdu…
…Amma sağlığında olmasa da, heç olmasa ölümündən bir neçə il sonra azacıq təskinlik, rahatlıq tapdı Rübabə Muradovanın ruhu. O da bacısı Tahirənin Ərdəbildəki evlərinin həyətlərindən gətirdiyi və məzarına tökdüyü bir ovuc vətən torpağıyla… Bəlkə elə bu bir ovuc Ərdəbil torpağı Rübabə Muradovanın 37 illik vətən həsrətini, vətən nisgilini dindirdi, kim bilir?!.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir