Qəzzafinin “fatihəsi” verildi

Fransa Liviya hökuməti kimi müxalifəti tanıdı; NATO Liviya sərhədlərinə qoşun yığdı

Liviyada vətəndaş müharibəsi davam edir. Diktator Müəmmər Qəzzafiyə bağlı güclər həm havadan, həm də qurudan müxalifət təmsilçilərinə qarşı hücuma keçib. Ben Cavad şəhərində Qəzzafi əsgərlərilə üsyançılar arasında atışma yaşanıb. Üsyançıların dirənişi qarşısında Qəzzafiyə sadiq əsgərlər geri çəkilməli olub.
Müxalifətin tərəfinə keçən polkovnik Bəşir Əbdülqədir Qəzzafiyə sadiq əsgərlərin donanma gəmilərindən istifadə edib-etmədiklərinə dair məlumatı olmadığını bildirib. Ancaq müxalifət düşərgələrinə dənizdən də zərbələr endirildiyini söyləyib.

Liviyanın hava məkanı nəzarətə götürüldü

Dünən NATO Bakı vaxtilə saat 10:30-dan etibarən 24 saat ərzində izləmək üçün Liviyanın hava məkanını nəzarətə götürüb. Bu barədə açıqlama verən NATO təmsilçisi bildirib ki, “Boeing E-3 Sentry” tipli təyyarə 8 saat ərzində Qara dəniz üzərində uçduqdan sonra yerini başqa bir NATO helikopterinə verəcək.

Rasmussen: “NATO hərəkətə keçməyə hazırdır”

Brüsseldəki NATO müdafiə nazirlərinin toplantısıyla əlaqədar Pentaqon rəsmiləri bildirib ki, Liviyadakı qanlı olayların qarşısının alınması üçün uçuşa qapalı hava sahəsi yaratmaqla yanaşı, həm də bütün hərbi variantlar müzakirə olunub.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin dünən Brüsseldə keçirilən toplantısında Liviya sahillərinə NATO dəniz qüvvələrinin göndərilməsinə dair razılıq əldə olunub. Bu barədə Şimal Alyansının başçısı Anders foq Rasmussen bildirib.
“NATO hərəkətə keçməyə hazırdır” deyən Rasmussen Liviyaya hərbi müdaxilə üçün bölgə dövlətlərinin dəstəyinin önəmli olduğunu söyləyib.
Bundan başqa, Brüsseldə keçirilən Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında Qəzzafi rejiminə qarşı təzyiqlərin artırılması planlaşdırılıb. Toplantıdan öncə yayılan məlumatlarda bildirilirdi ki, Avropa Birliyi Qəzzafi və yaxın adamlarına tətbiq olunan embarqoları genişləndirməyi nəzərdə tutur.
Portuqaliyanın xarici işlər naziri Luis Amado bildirib ki, ötən gün Lissabonda Qəzzafinin təmsilçisilə görüşüb və ona  diktatorun sonunun çatdığını söyləyib: “Tripolidən gələn təmsilçiyə açıq mesaj verdim. Beynəlxalq ictimai rəyi onun diqqətinə çatdırdım. Qəzzafi rejimi bitib”.
Nazir Qəzzafi rejiminə qarşı çıxan müxalifət təmsilçilərilə görüşdə də eyni fikirləri səsləndirdiyini deyib.

Sarkozi Qəzzafini bitirdi

Fransa Liviya liderinə ağır zərbə endirib. Prezident Nikola Sarkozinin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir ki, rəsmi Paris Liviya müxalifətinin Benqazi şəhərində qurduğu Milli Şuranı Liviya xalqının yeganə təmsilçisi olaraq tanıyır. Fransa Benqaziyə bir təmsilçi göndərəcək və Parisdə bir liviyalı elçi qəbul edəcək.
“Frans press” agentliyinin verdiyi məlumata görə, bununla da Fransa Müəmmər Qəzzafi rejimi ilə əlaqələrini faktiki olaraq dayandırıb. Fransa Qəzzafi ilə əlaqələrini kəsən ilk Avropa ölkəsidir. Daha əvvəl ABŞ prezidenti Barak Obama polkovnik Qəzzafinin legitimliyini itirdiyini bəyan etmişdi. Lakin Obama müxalifətin yaratdığı qurumu hələlik qanuni hakimiyyət kimi tanımayıb.

Diktator müxalifət liderinin başına pul qoydu

Liviya diktatoru Milli Keçid Şurası üzvlərini satqın və casus adlandırıb. Qəzzafi Şuranın rəhbəri, sabiq ədliyyə naziri Əbdülcəlilin başına 500 min dinar (140 min dollara yaxın) pul qoyub.

İnformasiya şöbəsi