Polisdə islahat olmayacaq…

Nə qədər ki, Usubov nazirdir

Əyyub Kərimov: «Bunun üçün ilk növbədə siyasi iradə gərəkdir»

Azərbaycan hökuməti antikorrupsiya tədbirlərinə başladığını elan etsə də, hələ heç bir sahədə ciddi irəliləyiş görmək mümkün deyil. Ciddi islahatlara ehtiyacı olan qurumlar arasında hüquq-mühafizə orqanları ön yerlərdə dayanır. Bu qurumda islahatlara nail olmadan uğur qazanmaq mümkün deyil. Qonşu Gürcüstan artıq bu problemi həll edib. “Transparency International” təşkilatının məlumatına əsasən, Gürcüstan polis sistemində korrupsiya hallarının azlığına görə, dünya üzrə 5-ci yeri tutur. Hələ sovet vaxtlarından yaxın keçmişə qədər kriminal durumun ağır olduğu qonşu ölkənin qısa müddətdə əldə etdiyi bu nailiyyəti Azərbaycan təkrarlaya bilərmi? Bunun üçün ilk növbədə hansı tədbirlər həyata keçirilməlidir?
Tanınmış hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovun fikrincə, bunun üçün ilk növbədə siyasi iradə gərəkdir. Kampaniya xarakterli deyil, nəticə əldə edilə biləcək addımlar atılmalıdır: “Gürcüstanda Daxili Işlər Nazirliyi, polis idarələrinin binaları şəffaf şüşədən tikilib. Ancaq bizdə nazirlik, polis idarələri dəmir çəpərə alınıb. Heç sovet dövründə belə çəpərlənmə yox idi. Polis kimdən qorunur?”.
Ekspert eyni zamanda polis orqanlarında ciddi islahatlara da ehtiyac olduğunu deyir. Bunun üçün nazirliyə rəhbərlik edən şəxsdən tutmuş polis rəislərinə qədər xeyli adam işdən azad edilməlidir: “Polisdə yerdəyişmələr problemi həll etmir. Nə qədər ki, daxili işlər naziri Ramil Usubovdur, islahat olmayacaq. Işdə yol verdiyi nöqsana görə vəzifəsindən azad edilən şəxsi daha yüksək posta təyin edirlər. Bunu heç cür anlamaq olmur. Bu vaxta qədər polis idarələrində nə qədər ölüm halı olub. Ancaq bir rəis həbs olunmayıb. Bir neçə nəfəri işdən azad etməklə heç nə olmur. Polisdə ciddi islahat olmalıdır və yüksək rəhbərlik dəyişməlidir. Ramil Usubov 17 ildir nazirdir. Əgər o yaxşı işləyirsə, vəzifəsini yüksəltsinlər. Ancaq nazirliyə yeni qüvvə gəlməlidir”.
Ə.Kərimov polisdə islahatların aparılması üçün müstəqil məhkəmə sisteminin olmasını da vacib sayır: “Polis məhkəmədən qorxmalıdır. Polis kimisə qanunsuz saxlayıbsa, məhkəmə bu məsələyə aydınlıq gətirməlidir. Qanunsuz həbs olunan azad edilməlidir. Eyni zamanda bu qanunsuzluğa yol verən polis cəzalandırılmalıdır. Ancaq bizdə məhkəmə polisin sifarişini yerinə yetirən orqandır”.
Ekspertin sözlərinə görə, rəsmi qurumlar yalnız statistikaya güvənir: “Bəzən elə məlumatlar verirlər ki, Gürcüstan Azərbaycanın yanında yalan olur. Avropa qurumları etiraf edir ki, Gürcüstanda ciddi islahat olub. Ancaq bizdə heç nə olmaya-olmaya deyirlər ki, dünyada birinciyik. Əgər hər il heç olmasa 10 faiz irəliləyiş olsaydı, 17 ildə cinayətkarlıqla mübarizə 170 faiz təşkil edərdi. Onda bu cinayətlər hardandır?”.
Ə.Kərimovun fikrincə, daxili işlər naziri Ramil Usubovun rayonlarda şikayətçilərlə görüş keçirəcəyini elan etməsi də problemlərin həlli deyil: “Əvvəlcədən məlumat verirlər ki, nazir rayonlarda şikayətçilərlə görüşəcək. Indidən polis çox ciddi hazırlaşır ki, şikayət edəcək adamların qarşısını alsın. Sonra da deyəcəklər ki, heç bir problem yoxdur, polisin nöqsanlarından danışanlar bizi istəməyən qüvvələrdir”.

Fizzə