Korrupsiyanın kökünü necə kəsməli?

Azər Mehtiyev: «Maaşlar elə olmalıdır ki, adamların gözü başqasının cibində qalmasın»

«Əmək haqlarını artırmaq problemin həlli yollarından sadəcə biridir»

Hazırda bütün dövlət qurumları korrupsiyaya qarşı mübarizə yolunda “qollarını çırmalayıb”. Sıravi işçilərə heç kimdən rüşvət almamaq barədə göstərişlər verilib. Prosesin nə qədər çəkəcəyini proqnozlaşdırmaq hələ ki çətindir. Amma məsələnin gün kimi aydın olan tərəfi odur ki, rüşvət və korrupsiyanı birtərəfli qaydada aradan qaldırmaq qeyri-mümkündür.
Bu mənada ciddi əngəllərdən biri də ölkədə ən müxtəlif sahələr üzrə əmək haqlarının aşağı olmasıdır. Bəzi ekspertlər deyir ki, maaşları artırmadan heç nəyə nail olmaq mümkün olmayacaq. Bu fikirlə iqtisadçı ekspert Azər Mehtiyev də razılaşır. Lakin o hesab edir ki, əmək haqlarını artırmaq problemin həlli yollarından sadəcə biridir: “Deyirlər ki, korrupsiyanın əsas səbəblərindən biri də əmək haqlarının aşağı olmasıdır. Ancaq biz son illər bir sıra sahələrdə, xüsusən də məmur sferasında əmək haqlarının artırılmasının da şahidi olduq. Bu, Dünya Bankının da daim diqqətində olan məsələdir ki, məmur sferasında və ayrı-ayrı sahələrdə əmək haqlarının qaldırılması korrupsiyanın qarşısının alınmasında ciddi amildir. Təbii ki, biz korrupsiya ilə mübarizə aparmaq istəyiriksə, göstərdiyi xidmətlərə və gördükləri işlərə görə insanlara normal maaş verməliyik. Lakin əmək haqlarının qaldırılması antikorrupsiya tədbirlərinin bir alətidir, korrupsiyanın aradan qaldırılması üçün kifayət deyil. Əmək haqlarının artırılması mütləq şəkildə məsuliyyət mexanizmlərinin də işləməsini tələb edir. Xüsusən təhsil, səhiyyə və digər büdcə təşkilatlarında olanların maaşları elə səviyyədə olmalıdır ki, onların gözü kiminsə cibində və ya əlində olmasın. Insanları korrupsiyadan yayındıran mexanizmlər işlənməlidir”.
A.Mehtiyevin sözlərinə görə, Azərbaycanda iki səviyyədə korrupsiya var və onların hər birinin həlli yolu fərqlidir: “Birincisi, yuxarı səviyyədə olan korrupsiyadır. Bunun həlli üçün siyasi iradə olmalıdır. Çünki Azərbaycanda korrupsiyanın mənbəyi dövlət idarəetməsidir. Ikincisi də, məişət səviyyəsində korrupsiyadır ki, bunun da öz həlli yolu var. Yuxarılar aşağıdan əlavə vəsait tələb etməməli, aşağıdakıların da normal maaşı və məsuliyyət mexanizmi formalaşdırılmalıdır”.

Gültəkin