eldar-ezizov

Eldar Əzizova Vaqif Əliyevdən qalan klanlar

Sumqayıtda söz sahibi olanlar yeni başçını neçə aya ələ alacaqlar?

Yeni başçı Gəncədən kimi gətirib?

Martın 4-də Gəncədən Sumqayıta yeri dəyişdirilən icra hakimiyyəti başçısı Eldar Əzizovun keçirdiyi müşavirə ilə bağlı müzakirələr hələ çox davam edəcək. Ona görə ki, 2003-cü il aprelin 3-də Heydər Əilyevin də iştirakı ilə keçirilən müşavirəni çoxları hələ unutmayıb. O zaman söylənilənlər həm də ona görə unudulmur ki, ötən illərdə bu şəhərdə dəyişilən yalnız icra başçısı və bir neçə klanın geri çəkilməsi olub. 2003-cü ilin yazında başçı təyin olunan Vaqif Əliyevin “Sumqayıtda artıq klanlar yoxdur” fikri isə, sən demə, gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş. Bunu E.Əzizov 4 mart müşavirəsində açıqca etiraf etdi…
Yox olmayan klanlar
Heydər Əliyev ovaxtkı müşavirədə Sumqayıtı bərbad günə qoyan klanlara xəbərdarlığında deyirdi ki, bu gündən istədiklərinizi edə bilməyəcəksiniz. Bu xəbərdarlıqdan ən çox pay düşənlər Sumqayıtda “çörək Tofiq” kimi tanınan çörək zavodunun direktoru Tofiq Hüseynov (onda həm də deputat idi), “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıxov, Mərkəzi Univermağın müdiri Zaman Isgəndərov idilər. T.Hüseynov artıq güc sahibi kimi qəbul olunmur. Çörək zavodunu özəlləşdirən keçmiş deputat indi həm də şəhərdə yaşayış binalarının tikintisi ilə məşğul olur. F.Sadıxovun taleyinin üstündən 2005-ci il dövlət çevrilişinə cəhd şousu ilə xətt çəkildi. Həmin il noyabrın 6-da keçirilən parlament seçkiləri ərəfəsi deputatlığa namizədlikdən geri çəkilən Sadıxovun əlindən şirkət də çıxdı, üstəlik, çevrilişə cəhdə dəstək verənlərdən biri kimi bir müddət həbsdə də saxlanıldı. Amma bu iki nəfərdən fərqli olaraq Z.Isgəndərov 2003-cü ildən sonra daha da yerini bərkitdi.

Sumqayıtın ən toxunulmaz klanı

2003-cü il aprel müşavirəsində dövlət başçısı klanlar haqqında danışarkən Z.Isgəndərovu xüsusi təqdim etmişdi. Hətta onu ayağa qaldırıb yığdıqlarını tək yeməməyi tapşırmışdı. V.Əliyev o zaman başçı kimi fəaliyyətə başlayanda doğrudan da Isgəndərovları bir müddət çərçivəyə sala bilmişdi. Amma cəmisi iki ay sonra bu klan müşavirədə söylənilənlərin elə oradaca qaldığını əməlləri ilə sübut etdi, necə deyərlər, V.Əliyevi ələ ala bildilər.
Geri çəkilməyən ata hətta 2005-ci il seçkilərində oğlu Nizami Isgəndərovu deputat da seçdirdi. Univermağın ərazisi daha da genişləndirildi, bu da başçının xeyir-duasi olmadan mümkün deyildi. Çünki müşavirədən sonra Isgəndərovlar ərazidəki tikinti işlərini bir müddət dayandırmışdılar.
Univermağı vaxtilə qanunsuz özəlləşdirən Z.Isgəndərovun artıq baltasının dalı da, qabağı da kəsirdi. O, uzun illər burada şöbə müdiri işləyən bir neçə nəfəri tamamilə uzaqlaşdırdı. Onların özəlləşdirmə ilə bağlı Dövlət Əmlak Komitəsinə müraciətlərinə də əhəmiyyət verən olmadı.
Yerini möhkəmləndirən Isgəndərov özəlləşdirmədə iştirakçı olan payçılara il ərzində cüzi dividentlər verir, icarədarlarla daha qanunsuz davranır, vergidən külli miqdarda gəliri yayındırmaqdan belə çəkinmirdi. Qeyd edək ki, univermaqda hər icarədardan ayda 800-1000 manat arası haqq alınsa da, onun miqdarı müqavilədə 100-120 manat göstərilir. Proses bu gün də davam edir. Univermağın keçmiş şöbə müdirləri E.Əzizovun odlu-alovlu çıxışından sonra düşünürlər: “Görəsən, 74 yaşlı Z.Isgəndərov bu ahıl çağında heç olmasa insafa gəlib onların qanuni haqlarının bərpasına maraqlı olacaqmı?”.
Qeyd edək ki, uzun müddətdir şəhərdəki Sülh küçəsi Isgəndərovlar küçəsi adlanır. Təsadüfi deyil, univermaqdan başqa küçə boyu fəaliyyət göstərən obyektlər onun klanına daxil olanlarındır.
E.Əzizov belə klanlara tab gətirə biləcəkmi? 2003-cü ildə H.Əliyevin göstərişinə əməl etməyən, ailənin adından “krışa” kimi istifadə edən Zaman və Nizami Isgəndərovların öhdəsindən gələ biləcəkmi? Yoxsa V.Əliyev kimi geri çəkiləcək?
Dünən əldə etdiyimiz məlumata görə, Əzizovun Sülh küçəsindəki ticarət obyektlərinin yığışdırılması haqda göstərişi artıq sahibkarları ciddi təşvişə salıb.

“Qaçqınkom” sədrinin Sumqayıtdakı klanı

Sumqayıtda indi də mövcud olan klanlardan biri də “Qaçqınkom”un sədri, baş nazirin müavini Əli Həsənovun himayəsindədir. Onun qardaşı Ramiz Həsənov Təvəkkül Məmmədov icra hakimiyyəti başçısı işlədiyi vaxtdan müavin kimi humanitar sahələrə kuratorluq edir. V.Əliyev başçı təyin olunandan sonra toxunulmaz qalmışdı. Amma E.Əzizovun keçirdiyi müşavirədə onun ünvanına ciddi tənqidlər səsləndirilib. Etibarlı mənbənin məlumatına görə, 4 mart müşavirəsində E.Əzizov bir sıra məsələlərə toxunub. O, şəxsən 12 saylı məktəbdə olduğunu, bir neçə nöqsanlar aşkarlandığını vurğulayıb. Deyib ki, H.Əliyevin portretini atılmış və toz basmış vəziyyətdə görüb. Direktor Mətanət xanım isə bəzi bəhanələr gətirərək özünü hədəfdən yayındırmağa cəhd edib. Qeyd etməliyik ki, 12 saylı məktəbin direktoru 4 ildən çoxdur həmin vəzifəyə Z.Isgəndərovun köməkliyi ilə təyin olunub. Əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan xanım bir neçə ildir şəhərdə kirayədə qalır.
Müşavirədə təhsil şöbəsinin müdiri Vidadi Həsənovun da hesabatı dinlənilib. E.Əzizov onun çıxışına müdaxilə edərək məktəblərdə pul yığıldığı, müəllimlərin pulla işə götürülməsi haqqında iradlar səsləndirib. Təhsil şöbəsinin müdiri isə iradlara cavab olaraq deyib ki, bu işlərin hamısının günahkarı Ramiz Həsənovdur.
28 saylı məktəbin direktor müavini isə daha uzağa gedərək rastlaşdığı qanunsuzluqdan danışıb. Onun sözlərinə görə, iki gün öncə direktor tərəfindən əsassız yerə töhmət alıb. Buna səbəb isə, 2011-ci il üçün nəzərdə tutulan gündəlikləri indiyədək şagirdlərə satıb pulunu yığmaması olub. E.Əzizov bu zaman zalda əyləşən direktor Vələd müəllimi qaldırıb, o, iradlara tutarlı cavab verə bilməsə də, yeni başçı məsələnin üstündən keçib. Müşavirədə iştirak edənlərin fikrincə, hansı məsələ birbaşa nazirliklərlə bağlı olurdusa, Əzizov nə reaksiya verir, nə də bununla bağlı müvafiq tədbir görülməsini tapşırırmış. Bu isə o deməkdir ki, yeni başçı sadəcə görüntü yaratmaq xatirinə müşavirə keçirib…
Qeyd edək ki, “Qaçqınkom” sədrinin digər qardaşı Ilyas Həsənov da uzun illərdir şəhər Yaşıllaşdırma Idarəsinin rəisi işləyir. Müşavirədə onun da çıxışı dinlənilib və yaşıllaşdırma məqsədilə xərclənən vəsaitin hesabatını verib. Mənbənin sözlərinə görə, bu zaman əsəbiləşən Əzizov əli ilə əkilən ağacların boyuna işarə edib, gəzdiyi ərazilərdə bununla bağlı vəziyyətin onu qane etmədiyini vurğulayıb. Məhz bundan sonra yeni başçının “hara baxırsansa, birinin filankəsin qardaşı, birinin filankəsin bacısı, birinin filan nazirin qardaşı olduğu” kimi məlumatlar aldığını deyib.   
Əzizov müşavirədə təhsil şöbəsinin müdirinin Sumqayıtın təhsil sahəsində respublikada öndə gedən şəhərlədən biri olması fikri ilə razılaşmayıb. Yeni başçı deyib ki, bu məktəblərdəki təhsilin səviyyəsindən yox, şagirdlərin evlərdə repetitorlar tərəfindən hazırlanmasının nəticəsidir. Bütün iradlardan sonra V.Həsənov “əgər etimad göstərsəniz, nöqsanları qısa müddətdə aradan qaldıracağıq” deyərək vəd verib.

Maraqlıdır, yeni başçı həsənovlarla mübarizə aparacaqmı?

Yeri gəlmişkən, korrupsiyaya qarşı mübarizə kampaniyası başlayandan ölkədə rüşvətin kökünün kəsildiyi iddia edilir. Amma Sumqayıtdakı müşavirədə gündəliklərin satılması ilə bağlı səslənən konkret fakt bir daha sübut edir ki, təhsil sistemində pul yığımı əvvəlki qaydada davam edir. Və həm də sübut olunur ki, məktəblərdə gündəlik satışı Təhsil Nazirliyinin tapşırığı ilə həyata keçirilir. Adının çəkilməsini istəməyən Sumqayıt şəhərindəki bir neçə məktəb direktorunun dediyinə görə, il ərzində məktəbə ayrılan büdcə vəsaitinin 22 min manat olmasına baxmayaraq, ondan bir manat da məktəblərə verilmir. Sadəcə aktlar tərtib olunur və direktorlar onu imzalayırlar. Direktorlar hətta deyirlər ki, bəzi hallarda məktəblərə verilən bir ədəd paltar sabununun qiyməti fakturada 1 manat 50 qəpik göstərilir…

Nəqliyyat nazirinin Sumqayıtdakı adamları

Sumqayıtdakı klanlardan söz düşəndə çox vaxt mərkəzi kolxoz bazarının müdiri Ağamirzə Əhədovun adı çəkilmir. Amma nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan “bazarkom” şəhərdə heç də sıradan biri deyil. 1993-cü ildə demokratik qüvvələrin hakimiyyəti devriləndən sonra bazara yenidən müdir kimi qayıdan A.Əhədov artıq bu ərazidə özünə kifayət qədər ərazi əldə edib. Özəlləşdirilən kolxoz bazarı azmış kimi, burada “Karvan” ticarət mərkəzi də tikdirib və çoxsaylı icarədarlardan yığılan külli miqdarda pulun bir hissəsini neçə ildir vergidən məharətlə yayındırır. Əlbəttə, bu, arxayınlıqdan irəli gəlir. Xatırladaq ki, qardaşı Ağarza Əhədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhər şöbəsinin rəisidir. O, 6 ay əvvəl külli miqdarda vəsaiti mənimsədiyinə görə bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Deyilənə görə, 1 milyon manatdan çox pulunu aldıqdan sonra buraxılıb, hətta işinə də bərpa olunub.
E.Əzizov üçün V.Əliyevdən qalma daha bir klan Əhədovlardır.
Ağarza Əhədovun müşavirədəki çıxışı zamanı şəhər sakinlərindən biri deyib ki, müavinətinin bir illik məbləğinin 6 ayını bu başdan ondan alıblar.
Dili topuq vuran şöbə rəisinin cavabı isə belə olub: “Cənab Əzizov artıq iki aydır ki, belə işlər yığışdırılıb”.
Amma canını bununla qurtara bilməyib. Müşavirə iştirakçılarının dediyinə görə, yeni başçı şəhər prokuroruna şöbənin fəaliyyətinin yoxlanılması haqda göstəriş verib. Prokuror demişkən, Sumqayıtın prokuroru Dağlar Zeynalov da Əhədovlar kimi əslən Ucardandır. Nəqliyyat naziri Ziya Məmmədovun himayə etdiyi qardaşların qanunsuz əməllərini Əzizov tərgitdirə biləcəkmi? D.Zeynalovun adamları yoxlamadan sonra hansı qərara gələcəklər?

Yeni başçı bələdiyyə sədri ilə necə işləyəcək?

Bələdiyyə sədri Əbülfəz Babayevin qanunsuzluqları haqda mətbuatda vaxtaşırı yazılır. Bu həmin Babayevdir ki, baş mühasib Səyyaf Cabbarovla büdcədə milyonlarla manat pul olmasına baxmayaraq bələdiyyənin təmir-tikinti idarəsinin işçilərinin iki illik əməkhaqqını vermir, onları məcburi qaydada öz hesablarına məzuniyyətə göndərirdilər. Bu azmış kimi hətta bələdiyyə üzvləri də 8-9 aylıq əmək haqlarını ala bilmirdilər.
Korrupsiya əleyhinə kampaniya başlayandan isə maliyyə problemləri həll olunub. Görəsən, əvvəllər pulun olmadığını bəhanə gətirən bələdiyyə sədri və baş mühasib indi vəsaiti haradan tapdılar? Mətbuatda dəfələrlə bələdiyyəyə məxsus texnikanın özəlləşdirilməsi və yeni texnikanın öz məqsədləri üçün istifadə edilməsi haqda da yazılıb. Ə.Babayev bütün bunları həm də bələdiyyənin hüquqşünası, qızının əri Tamerxan Babayevin əli ilə edib. Mahir torpaq satıcısı kimi kürəkənin həm də bələdiyyəyə aid “Jiquli” markalı maşını mənimsədiyi də iddia olunur. Görəsən, yeni başçı E.Əzizov bununla bağlı araşdırma aparacaqmı? Görəsən, baş mühasibin əli ilə bələdiyyəyə məxsus pulların hara və nə məqsədlə silindiyi araşdırılacaqmı? Qeyd edək ki, bütün bunlarla bağlı vaxtilə Ədliyyə Nazirliyinə də müraciət olunub.
Sumqayıtda əbəs yerə keçmiş bələdiyyə sədri Zakir Fərəcovla indiki sədrin dövründə görülən işləri müqayisə etmirlər. Çoxları belə düşünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adamı kimi tanınan Ə.Babayev bələdiyyə sədri kimi torpaq satmaqdan savayı gözəgörünən fəaliyyətlə məşğul olmayıb.

Müşavirədə daha nələr danışılıb?

Iştirakçılardan birinin sözlərinə görə, E.Əzizov şəhər mədəniyyət şöbəsinin müdiri Namiq müəllimdən də yan keçməyib. Yeni başçı dəniz kənarındakı parkın niyə hasara alındığını xəbər alıb. Mədəniyyət şöbəsinin müdiri “Bakıdan gəlib alıblar və hasarlayıblar” deyib, Əzizovun bu cavaba reaksiyası da maraqlı olub: “Mən soruşmuram ki, haradan gəliblər, kimlər hasarlayıblar”.
Şəhər 1 saylı doğum evinin müdiri işdən çıxarılması və məhkəmə qərarının olmasına baxmayaraq vəzifəsinə bərpa olunmamasından şikayətlənib. Başçı isə deyib: “Biz məhkəmə qərarlarının icrasına baxmırıq”.
Sumqayıtdakı mənbələrin verdiyi məlumata görə, artıq bu şəhərdə V.Əliyevin vaxtında razılıq verilən yeni binaların tikintisi bir neçə gündür dayandırılıb. Bu haqda göstərişin icra hakimiyyətinin nümayəndələrinin tikinti şirkətlərinə çatdırdığı deyilir.
Əzizovun gəlişindən sonra V.Əliyevdən əvvəl başçı olan, indi isə şəhərin kommunal təsərrüfatına rəhbərlik edən Təvəkkül Məmmədovun işgüzarlığı ortaya çıxıb. Mənbənin sözlərinə görə, Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədən sonra Məmmədovu iş otağında tapmaq belə mümkün deyil. Şəhərdəki təmizlik işlərinə özünün birbaşa nəzarət etdiyi bildirilir.
Indi görülən işlərlə yanaşı, hamını belə bir sual düşündürür: “Yeni başçı kimləri yola salacaq?”.
Bəzi mənbələr onun V.Əliyevdən qalma müavinlərlə işləməyəcəyini xüsusi vurğulayırlar. Ən sonda aldığımız məlumatda isə bildirilir ki, Əzizov artıq Gəncədə özü ilə birgə işləyən kadrlarından birini Sumqayıta gətirib. Adı hələlik açıqlanmayan həmin şəxsin şəhər təsərrüfatına rəhbərlik edəcəyi istisna olunmur. Yeni başçının adamı üçün icra hakimiyyəti binasının ikinci mərtəbəsində hətta kabinetin də ayrıldığı deyilir.
Əgər söylənilənlər həqiqətdirsə, şəhər təsərrüfatı məsələləri üzrə müavin Tariyel Hacıyevin vəzifəsindən uzaqlaşdırılacağı daha realdır.

Azər Hüseynbala