Daşdələnin Türkiyə məktubu

6 mart 1955-ci il. Unudulmaz bir tarix. O il, o gün Ulu Öndərimiz, Milli Liderimiz Məmməd Əmin Rəsulzadə qardaş Türkiyədə gözlərini biryolluq yuman tarixdir. Xalqımız o tarixi bir neçə gün qabaq televiziyalarda bir daha anmalı, bir daha yaşamalı idi. O gün səssizlik içində keçib getdi: Azərbaycanda Sovet imperiya rejiminin tör-töküntüləri – Məmməd Əmin Rəsulzadənin ideya-yol düşmənləri hələ də hakimiyyətdə olduqlarına, ölkəmizdə sovetlərdən daha pis işğalçı rejim qurulduğuna görə!
Işğal rejimi qaldıqca belə olacaq: xalqa gərəkli oğullar unutdurulacaq, xalqa düşmən kimsələr anıtdırılacaq! M.Ə.Rəsulzadə işğalçı rejim əlindən bu ölkədən çıxıb gedəsi olmuşdu. M.Ə.Rəsulzadənin hələ də bu ölkəyə qayıda bilməməsinin bir başlıca nədəni var: Ölkə hələ də işğal altındadır! Bir daha demək gərəkir: indiki işğal Azərbaycanın dəyərli, gərəkli oğulları üçün sovet-bolşevik işğalından qat-qat qorxulu, qat-qat öldürücü işğaldır. Sovet-bolşevik işğalının arxasında pis-yaxşı bir dövlət ideologiyası vardi, əliyevçi işğal rejiminin ideologiyası bütünlüklə antidövlət xarakteri daşıyan KORRUPSIYA ideologiyasıdır. Elə buna görə də, arxasında Rusiya, Iran kimi Azərbaycana düşmən dövlətlərin dayandığı əliyevçi rejim dönəmindən bu yana bizdə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq DÖVLƏT SIYASƏTIdir! Belə bir durumda Ulu Öndər, Milli Lider M.Ə.Rəsulzadəyə sevgi, sayğı, eləcə də bütünlüklə işğal rejiminə bağlı televiziyalardan bu yöndə nəsə gözləmək, sözsüz, gərəksiz gözləntidə bulunmaq deməkdir. Qabaqca Ölkəni işğaldan qurtarmaq, sonra, yalnız ondan sonra belə bir gözləntidə bulunmaq gərəkdir.
Son iki-üç ildə elektron poçtuma Türkiyədən çoxlu məktub gəlir. Məncə, bunlar yalnız bir yazarın adına bağlı deyil, bütövlükdə son illər Türkiyədə Azərbaycana artan ilgilənmə-maraqla bağlıdır. Türkiyədən mənə saya adamlardan tutmuş doktor-professorlaradək çeşidli iş-professiya yiyələri məktub yazır. Aldığım məktubların çoxunda onların Azərbaycanla bağlı qayğıları, yanğıları başlıca yer tutur. Bu məktubların çoxu Azərbaycana, xalqımıza sevgiylə doludur. Tək-tək elə məktublar da var, onlarda bu sayaq sevgi yoxdur. Belə məktubları yazanlar Azərbaycanla Azərbaycana, bütövlükdə türklüyə düşmən indiki rejimi bir-birindən ayırmağı bacarmayanlardır. Belələri Azərbaycanla bağlı küskünlüklərini dilə gətirərək Azərbaycanı az qala Türkiyəyə düşmən gözündə görürlər. Olduqca üzüntülü bir görsənişdir. Biz bu küskünlüyün əliyevçi antitürk politikalarından ortaya çıxdığını bildiyimizdən, Türkiyəli Azərbaycandan küskün qardaşlarımızdan incimirik. Biz onlardan ancaq Azərbacandakı əliyevçi rejim politikalarının dərinliklərinə baş vurmalarını istəyirik.
Elektron poçtuma Türkiyədən ən çox doktor-professor Yəhya Daşdələn məktub yazır. Özünün də yazdığı kimi, bir ara aldadılaraq Heydər Əliyev hökuməti ilə işləməli olan Yəhya bəy bu hökumətin nə hökuməti olduğunu gözəl bilir. Buna görə Yəhya bəyin məktubları bütünlüklə başqa xarakterli məktublardır. Yəhya bəy mənə Anqaradan bir məktub da göndərib – büsbütün başqa məktub; konvertdə, üstəlik, 17 tarixi foto ilə birlikdə. Bu olduqca dəyərli məktub-fotolara görə Yəhya bəyə öz adımdan, Məmməd Əminsevərlər adından sonsuz sevgilərimi, sayğılarımı sunuram! Məktubu olduğu kimi, yalnız çətin anlaşılan bir sıra sözləri Azərbaycan türkcəsinə uyğunlaşdırmaqla bura köçürürəm:
“Sayın Xaliq bəy,            
O azman, gerçəkləri dilə gətirən keçmişin üzüntülü günlərini nəfis bir şəkildə özət olaraq anlatmanız, həyatın və siyasətin bütün qasırğalarının güclü, dözümlü insanlara çox da etki göstərmədiyinin görsənişidir. Türkiyədə istər bürokratiyada, istərsə də ekonomik alanda önəmli yerləri tutmaq, karyera qazanmaq oradakı (Azərbaycandakı – X.B.) kimi əngəlli olmur (bugünləri çıxmaqla).
Siyasətdəki çarpışmanız, gerçəkləri dönməzcə savınmanız mənim yaşam çarpışmamla paralellik yaradır. Bizim yaşamımız siyasi, tarixi, eləcə də dadlı bir çarpışmadır. Anlayıram, dirənməmiz, çarpışmamız heysiyyət, şərəf genetiyidir. Biz çarpışmalarda özümüzü itirmədik. O provakatorlar, sabotajçılar üzüqara olublar. Indi, sizin yazınızdan sonra bütün Azərbaycan çalxalanır. Hələ ata-bala əliyevçilər çırpınmalarla durmaqdadırlar. Inanın, o qapı qullarının deyəcək bir sözləri yoxdur. Çünki hamısı qarnının quluna çevrilib. Nə cür əl-ətək öpdüklərini, yuxarıya yol tapmaq üçün məndən necə yararlanmağa çalışdıqlarını acıyaraq dilə gətirirəm. Elə san, mən o çağlar diktator yardımçısıydım. Ağılsızlar bilmirdilər: mən onda siyasal teatrın rejissoru olaraq, tragik bir əsəri səhnəyə qoyurdum.
1990-91-ci illərdə rəhmətlik prezidentimiz Elçibəylə orada çox toplantılara qatıldım, çox yemək yedik, çox çörək kəsdik, dahi vodkamızı içdik, çox gözəl söhbətlərimiz oldu. Anqarada prezidentimizlə Hilton otelində, Atatürkün tarixi anıtı olan Anqara Palasda unudulmaz siyasi söhbətlərimiz oldu. On üç il Anqarada böyükelçi olan Məmməd Novruzoğlu da qapımızda gözləyirdi. O çağkı dış işlər baxanı Tofiq bəy bunları bilir. Xatirələr bitmir: Əli Kərimli, Isa Qəmbər o illərdə çox gənc idilər. Çarpışma komandasının başındaydılar. Indi isə özgürlük, şəxsiyyət çarpışmasının öncülləri olaraq, xalqımızla, sizlərlə birgə savaşı sürdürməkdədirlər.
Dəyərli yazar arxadaşım, Milli Liderimiz, Ulu Öndərimiz M.Ə.Rəsulzadə rəhmətə gedəndə (1955) mən yeni yaşama atılmış, universitetləri qurtarmışdım. Mart ayında Ulu Öndərimiz Anqarada rəhmətə getdi. Ona Türkiyə Cümhuriyyət Dövləti dövlət cənazə törəni düzənlədi. O çağlar tarixi önəmi olan Hacı Bayram Camesində cənazə törəni yapıldı. Mən də gənc bir köməkçi olaraq törənə qatılma şərəfi qazandım. O ulu cənazə törəni ilə bağlı orijinal fotolar mənim arxivimdə idi. Indi bütünlüklə yeridir: o böyük şəkilləri dəyərləndirməyiniz üçün sizə göndərirəm.
Sevgilər, sayğılarla d-r Y.Daşdələn”.