Böyük Xalq Günü

Facebook sosial şəbəkəsində martın 11-də virtual etiraz aksiyasında iştirak üçün 30 mindən çox istifadəçiyə sorğu göndərən “11 Mart – Böyük Xalq Günü” qrupu öz mübarizə formasıyla mənə tam aydın olmasa da, məzmununa görə gün kimi apaçıq.
Bu qrup yaranmasıyla, çox qısa bir vaxtda hakimiyyətin çürüklüyünü ortaya çıxardı. Hakimiyyət isə “Günəbaxan” Turandan başqa ortaya çıxarmalı bir şeyinin olmadığını sərgilədi.
“11 Mart” qrupu Azərbaycan gənclərinə, Azərbaycanın sabahına bel bağlayır.
“11 Mart” qrupu bu günəcən ailə hakimiyyətinin möhkəmlənməsində vintciyə çevrilmiş müəllimlərin, həkimlərin və başqa büdcə təşkilatlarında çalışan üzüyola, gözünü kiçicik, təhqiredici, yalnız acından ölməmək üçün yetən maaşlarına dikmiş bu qəbil vətəndaşların da ayılıb şərə qarşı duracaqlarına və qorxu zəncirlərini axır ki qırıb dikələcəyinə bel bağlayır.
Hakimiyyətin ümidi isə… Turan Ibrahimovadı. Xalqın sabahının üstünə getməyə hələ ki, ən sanballı kadr odur.
Təsəvvür eləmək belə adamın ətini tökür..
Ilham Əliyevin komandası Turanın dili ilə xalqı şantaj etməyə başlayıb. Onlar deyirlər: “Ölkəmizin ürəyi Bakıdakı ən kiçik iğtişaş Qarabağın itirilməsinə gətirib çıxara bilər!”. 10 mindən artıq insanı qətlə yetirən, Azadlığı görmədən şirin canından eləyən Qəzzafi su boğazına dirənən kimi, canına və malına zəmanət qarşılığında hakimiyyətdən əl çəkəcəyini və ölkəni tərk edəcəyini bəyan eləyir. Bizdə isə məsələ hələ hakimiyyəti saxlamaq mərhəlisindədi ki, həmin mərhələdə Qəzzafi 10 minin ömrünə son qoyub. Turan Ibrahimovun ağzı ilə danışanlar isə, “hakimiyyətimizə əl uzatsanız Qarabağı görməyəcəksiniz”,- deyirlər. Necə?
Bunun birinci variantı, Qarabağı verməklə dünya güclərindən hakimiyyətdə qalmaq şansı almaqdı, ikincisi isə, xalqı qırğına vermək üçün cəbhə bölgələrindəki ordunu Bakıya çəkəcəklərinə işarə. Yəni, Turan kimilərinin ümidinə qalan hakimiyyət hər şeyə, hər cür rəzilliyə qadir olduğunu gizlətməməyə çalışır. Dostunu göstər, deyim kimsən – onlar da dostlarını göstərirlər…
Çünki artıq başqa dostları qalmayıb. Nə Qərb, nə Şərq. Hamı açıq, “Get” mesajı verməyə başlayıb. Artıq bu hakimiyyət heç kimə bel bağlamır. Ərəb ölkələrinin nümunəsində aydın oldu ki, supergüclər artıq qartımış, yabanılaşmış, insanlıq hissiyyatını itirmiş, öz var-dövlətlərindən ötrü uf demədən insan qanını sel kimi axıtmağa hazır olan diktatorları deyil, canı boğazına yığılmış xalqları dəstəkləyir. Necə olsa, supergüclər diktatorlardan aldıqlarını sivil yollarla yeni gələnlərdən də almaqda sorun yaşamayacaqlar. O zaman nədən dünyanın demokratiya libaslı dövlətləri özlərini bəşəriyyətin gözündən salsın ki?
Deməli, ümid yalnız “Ilham Əliyev ilə sabitliyə və inkişafa dəstək” şüarı ilə silahlanan turankimilərə qalır. Ümid şərə qarşı barışmaz mövqe tutan gəncləri dənləməyə qalır. Ama məgər bu gənclik 5-6, 100-200 nəfərdimi? Bu gənclik böyük bir ordudu. Böyük aclıq ordusu. Bu ordu isə çörək acı deyil, AZADLIQ acıdı. Onun qarşısında nə Iran, nə Turan dura bilər.
“Böyük Xalq Günü” – həm də bu xalqın öz böyüklüyünü göstərməsinə çağırışdı. Bəlkə bu hakimiyyət bu günəcən alçaltdığı xalqın böyük olmasına inanmır? Onda bu xalqın böyük olduğunu göstərməkdən başqa bir çıxış yolu qalmır. Yoxsa ayıb olacaq. Ayıbın yarısından qayıtmaq da xeyirdi.