Ramiz Mehdiyev istəyinə çatdı

Poladtökmə zavodu tam olaraq PA rəhbərinin nəzarətinə keçdi

 

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin metallurgiya bazarını ələ keçirərək bu sahə ilə bağlı nazirlik yaratmaq istədiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, Ramiz Mehdiyev artıq ən iri müəssisələri ələ keçirib. “Baku Steel Company” əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənovdan alınıb. Müəssisənin idarəçiliyi Ramiz Mehdiyevin kürəkəni, deputat Ilham Əliyevə verilib. Bakı Poladtökmə Zavodunun tam ələ keçirilməsi ilə bağlı isə son günlərə qədər mübarizə gedirdi. Əvvəllər bu zavodun sahibi Loğman Zülfüqarlı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra səhmlərinin 80 faizindən imtina etməyə məcbur edildi. Qalan 17 faiz onun adında saxlanılsa da, təzyiqlərə tab gətirməyərək Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Loğman Zülfüqarlı hazırda Türkiyədədir.
“Baku Steel Company” MMC Kərəm Həsənovdan alınaraq Ramiz Mehdiyevin kürəkəninin idarəçiliyinə veriləndən sonra Poladtökmə Zavodu da faktiki olaraq onun əlinə keçib.
Srağagün zavodun yeməkxanasında səhmdarların toplantısı keçirilib. “Bizim yol” qəzetinin yazdığına görə, toplantı zamanı bəlli olub ki, zavodun 80 faiz səhmlərinin sahibi Lerik rayon sakini Gəray Məmmədov adlı şəxsdir. Həmin şəxs çobandır. Gəray Məmmədov formal olaraq səhmlərin sahibidir. Əslində bütün bunlar Ramiz Mehdiyevin işləkləridir. PA rəhbəri indi də çalışır ki, qalan 17 faiz səhmi də alsın. Bunun üçün də faktiki olaraq zavodu qəsb edib.
Artıq Ramiz Mehdiyev istəyinə nail olub. 17 faiz səhmlər də ələ keçirilib. Bu isə zavodun tam nəzarətə götürülməsi deməkdir. Məlumatlara görə, yaxın vaxtlarda Metallurgiya Nazirliyi, yaxud da “Metallurgiya” Açıq Səhmdar Cəmiyyətinin yaradılacağı elan ediləcək. Qurumun rəhbərliyinə isə Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyev gətiriləcək.

 

İnformasiya şöbəsi