Ölkədə aksiyalar silsiləsi başlayır

Yaxın Şərqin inqilab dalğası Azərbaycana keçir

 

Martın 9-da Nardarandakı Imam Hüseyn meydanında etiraz aksiyası keçiriləcək. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Azadlıq” radiosuna bildirib ki, aksiyanı sosial problemlərin həlli, hicaba olan qadağaların götürülməsi, həbsdə olan Islam Partiyası fəallarının və son vaxtlar saxlanılmış gənc fəalların azadlığa buraxılması tələbi ilə keçirəcəklər.

 

İslam Partiyası da mitinqə başlayır

Azərbaycan Islam Partiyası da ötən gün aksiyalara başlamaq haqda qərar verib. Partiya mitinqi Qarabağ probleminin həll edilməsi, ölkədə hökm sürən Islamafobiyanın aradan qaldırılması tələbi ilə və eyni zamanda AIP sədri Mövsüm Səmədovla birgə digər ruhanilərin qanunsuz həbsinə etiraz olaraq keçirməyi planlaşdırır. AIP Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, kütləvi tədbirin keçirilmə vaxtı və yeri, Bakı Şəhər Icra Hakimiyyətinə mitinqlə bağlı müraciətin cavabından sonra müəyyən olunacaq.
Azərbaycan Islam Partiyasının sədri Elçin Manafov faktxeber.com saytına deyib ki, mitinqə ciddi hazırlıq gedir: “Indidən deyə bilərəm ki, mitinqdə 10 min insanın iştirakı gözlənilir. Çox güman ki, keçiriləcək mitinq genişmiqyaslı olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”.

Mərkəzi Aran 12 martda qalxır

Martın 12-ə isə Sabirabad və Saatlı rayonlarının Kür daşqınından əziyyət çəkən sakinləri aksiya elan ediblər. Rayondakı mənbəmiz bildirib ki, Saatlının Musalı, Nərimankənd, Dəllər və Yeni Novruzlu kəndlərinin əhalisi Saatlı şəhərində “Rüşvətə, korrupsiyaya son!”, “Sosial ədalətsizliyə son!” və bu kimi başqa şüarlarla izdihamlı mitinq keçirəcəklər. Sabirabadın Qasımbəyli kəndinin sakinləri də aksiyaya qoşulacaqlarını bildiriblər.

“Böyük Xalq günü”nə hazırlıq güclənir

Facebook sosial internet şəbəkəsində 11 martı “Böyük Xalq Günü” elan edən gənclər də hazırlıqlarını davam etdirir.  Facebookda yaradılan eyni adlı qrupda gənclər aksiyaların formasını müzakirə edir, istifadəçilər aksiyaların vacibliyini yazırlar. Qrup Azərbaycan xalqına ünvanlanan yeni müraciət hazırlayıb. Gözlənilir ki, bu müraciət çap edilərək Bakı və əyalətlərin müxtəlif yerlərində yayılsın, divarlara vurulsun. Həmin müraciətdə yazılır:
“On səkkiz ildir ki, Əliyevlər sülaləsi Azərbaycan xalqına zülm edir. Bu zülmü sizin hər biriniz hiss edirsiniz, amma susursunuz, qorxursunuz!
Balalarınızın xatirinə danışmayıb susan sizlərə müraciət edirik: Siz susduqca Əliyevlər Azərbaycanı cəhənnəmə döndərir. Bu cəhənnəmi balalarınıza mirasmı qoyub getmək istəyirsiniz?
Bəsdir susdunuz! Qalxın ayağa! Etiraz səsinizi ucaldın! Ilham Əliyev hökumətini süpürüb atın Azərbaycandan! Xalq hakimiyyəti qurun!

Balalarınızın normal gələcəyini təmin edin!

Əliyevlər hökuməti erməni işğalını çox bəhanə edir, amma bu hökumət erməni işğalçılarından çoxmu fərqlənir? Erməni işğalçıları bir milyona yaxın soydaşımızı öz yurd-yuvasından didərgin salıb. Əliyevlər rejimi üç milyona yaxın insanı qürbətə üz tutdurub. Erməni işğalının üçqat mislidir Əliyev rejimi!!! Bu işğaldan birlikdə qurtulaq!”.

Natiq