“Eynulla qeyri-insani rəftara məruz qalıb”

Elçin Behbudov: «Penitensiar Xidmətin rəisinə müraciət edəcəm»

«Bilməliyik ki, Eynullanı kimlər aparıb – əsgərlər, «konvoylar» yoxsa, xüsusi xidmət orqanlarının əməkdaşları»

Məhbus baş redaktor Eynulla Fətullayevi həyatı üçün təhlükəli saydığı 1 saylı cəzaçəkmə müəssisəsinə köçürmələri azmış kimi, köçürmə prosesində ona qarşı zorakılıq da tətbiq ediblər. Srağagün vəkili Anar Qasımov E.Fətullayevlə görüşəndən dərhal sonra mətbuat konfransı keçirərək jurnalistin “karserə” salındığını, üstəlik yeni kalona köçürülərkən fiziki təzyiqlərə məruz qaldığını bildirib.
“Eynullanı Kürdəxanıdan axşam saatlarında aparıblar. Oradan 1 saylı cəzaçəkmə müəssisəsinə bir saatlıq yoldur. Onu 2-3 saat şəhərdə maşında gəzdiriblər. Bir yerdə saxlayıblar və iki idmançı cüssəli, maskalı şəxs maşına minib. Eynulla onlardan soruşub ki, siz kimsiniz. Onlar rusca Eynullaya ”sus!” deyiblər. Sonra onu yerə yıxaraq ayaqları ilə boynundan sıxıb saxlayıblar. Onu bu vəziyyətdə aparıblar. Köçürülmə prosesinin 2 marta təsadüf etməsi də ona çox pis təsir edib. Düşünüb ki, onu öldürməyə aparırlar” – deyə, vəkil bildirib”.
A.Qasımov hüquq müdafiəçilərinin E.Fətullayevin 1 saylı kalona köçürülməyinə soyuq yanaşmalarından da narazılıq edib: “Eynulla 9 saylı kalona köçürülməsində israrlıdır. Əks halda aclıq aksiyasına başlamaq qərarı verə bilər”.
Hüquq müdafiəçisi Elçin Behbudov E.Fətullayevə qarşı baş verənlərin qeyri-insani rəftar olduğunu deyir: “Mətbuatdan oxudum ki, köçürülmə zamanı Eynullaya təzyiq olub. Dərhal 1 saylı kalonun rəisi Qəhrəman müəllimlə əlaqə saxladım.
O dedi ki, qəzet stolumun üstündədir, amma Eynullaya cəzaçəkmə müəssisəsinə gələnə qədər – maşında təzyiq olunub. Bilirsiniz ki, maşın da Penitensiar Xidmətə, ədliyyə polisinə tabedir. Bu gün Eynulla Fətullayevin atası ilə danışacam ki, bizə ərizə ilə müraciət etsin. Biz də ərizəni əsas götürüb Penitensiar Xidmətin rəisinə müraciət edəcəyik.
Müəyyənləşdirmək lazımdır ki, Eynullanı maşında kimlər aparıb – əsgərlər, “konvoylar” yoxsa, xüsusi xidmət orqanlarının əməkdaşları?”.
E.Fətullayevin 1 saylı kalonu həyatına təhlükə saymasına gəlincə, E.Behbudov bundan təəssüf etdiyini dedi: “Mən müraciətimdə xahiş etmişdim ki, onu 9-a köçürsünlər. Amma cavab vermədilər. Çox təəssüf ki, Eynullanı 9-a yox, 1-ə köçürdülər”.
Qeyd edək ki, martın 2-də vəkillərinə və valideynlərinə heç bir məlumat vermədən E.Fətullayevi Böyük Şor qəsəbəsindəki 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Bir neçə həftə əvvəl E.Fətullayev saxlanıldığı Bakı Istintaq Təcridxanasından ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət etmişdi ki, məhkəmə ona verilmiş son cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi təyin edib. Lakin o, 1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrini özü üçün təhlükəli sayır. Buna görə də nazirdən 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməyini xahiş edir. O, nazirin ədalət hissinə ümid etdiyini də gizlətməmişdi. 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə ötən gün mətbuata açıqlamasında E.Fətullayevin həyatına təhlükə olmadığını bildirib.
2007-ci ildən həbsdə olan E.Fətullayev hazırda Qaradağ Rayon Məhkəməsinin 2010-cu il iyulun 6-da çıxardığı hökmlə cəza çəkir. E.Fətullayev narkotik vasitə saxlamaqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Gültəkin