“11 mart” aksiyası artıq başlandı

Sumqayıtda etiraz vərəqələri yayıldı; gənclər pulu təbliğat vasitəsinə çevirdi

 

11 martı “Böyük Xalq Günü!” elan edən və bu adda “Facebook” sosial şəbəkəsində qrup yaradan gənclər “11 mart” istiqamətində işlərini intensivləşdiriblər.
Dünən adıçəkilən qrupda Sumqayıtda çəkilən bir video yayılıb. Videoda 11 martda əhalini etiraza səsləyən kağız vərəqələrin paylanması öz əksini tapıb. Eyni hadisənin ölkənin başqa iri şəhərlərində, o cümlədən Gəncə və Şirvanda da təkrarlanacağı anons edilib.
Bəzi məlumatlara görə, dünən Bakıda insanlara içində 11 marta aid yazılar olan 150-yə yaxın şar paylanılıb. Şəhərdaxili 4 marşrutda 11 marta aid yazılar olan kağızlar qoyulub.
Hazırda 3 min 700 internet istifadəçisi 11 Mart aksiyasına qatılacağını bəyan edib. Qrup üzvləri aksiyanın tamamilə dinc xarakterdə olacağını yazışmalarda dönə-dönə qeyd edirlər. Dinc mübarizənin parlaq siması sayılan Qandinin “Əvvəlcə sizə məhəl qoymayacaqlar, sonra sizə güləcəklər, sonra sizinlə mübarizə aparacaqlar, sonda siz qalib gələcəksiz!” fikirləri dünən gün boyu “11 mart – Böyük Xalq Günü!”nün “facebook” səhifəsini bəzəyib.
“11 mart”çılar tövsiyə edib ki, kimin imkanı varsa, rəngli boyalarla avtobuslara, dayanacaqlara, divarlara, yerə, bloka, bir sözlə, yazılması mümkün olan hər yerə “11 mart – Böyük Xalq Günü!” yazsın.
Dünəndən etibarən qrupda hakimiyyətin öyrətdiyi istifadəçilər də görünməyə başlayıb. Onlar aksiyaları pisləyən qeydlərlə çıxış etsələr də, bu hərəkətlərilə çoxsaylı tənqidlərdən başqa qazancları olmayıb.
“11 mart” aksiyası ilə bağlı gənclər yaradıcılıq nümunələri də hazırlayıblar. Onlardan biri internetdə nümayiş etdirilib. Bu, 1 manatlıq milli əskinazdır. Əskinazın üstündəki 1 (bir)-in böyrünə 1 əlavə edilib, “manat” sözü isə “mart”la əvəzlənib. Nəticədə “11 mart” yaranıb. Bu pullar təbliğat vasitəsi kimi artıq dövriyyəyə buraxılıb.

 

Natiq