Zeynəb Xanlarovanın seçicisi Polad Alemdar imiş

“Yeni Müsavat” qəzetinə müsahibə verən deputat Zeynəb Xanlarova gecələr oyaq qalırmış. O da BIZimlədir, fikirləşib, sevinməyin. Deputatın oyaq qalmasına səbəb “səhər övladlarıma nə bişirəcəyəm” fikri, əsgərlikdən tabutları gələn oğulların müəmmalı ölümlərinə görə deyil. Minlərlə seçicinin məsuliyyətini çiynində daşımağa söz verən deputat xanım, sevimli seriallarına baxmaq üçün gecələr oyaq qalır: “Bütün gecəni televiziyaya baxıram. Seriallarım var – ”Kurtlar vadisi”, “Aşq və cəza”, “Fatmagülün suçu nə”, “Bitməyən şarkı”, “Sübhi”, “Hanımın çiftliyi”, “Gönülçələn”… Adətən, səhər saat 7-dən 2-yə qədər yatıram”. Belə səmimi etirafa görə deputat xanıma təşəkkür edirik!
Ömrünün səkkizinci on illiyini yaşayan, 25 il deputat stajı olan Zeynəb xanım belə kefli, qayğısız həyat yaşayırsa, bəs ağzından süd iyi gələn, deputatlığın siftəsini edənlər gecələr nə edir, gündüzlər neçə saat yatır? Yəqin ki, onlar da səhərə kimi “avtoşluq”la məşğuldur, barlarda rəqs edib “əziyyət çəkirlər”. Sonra da bütün günü yatırlar: yazıqlar, Milli Məclisin iclaslarında monitorların arxasında gizlənib, qocalı-cavanlı xoruldayırlar. Problemlər içində boğulan seçicilər də qorxa-qorxa barmaqlarını televizora yaxınlaşdırıb, ekrana asta-asta vururlar ki, bəlkə, yatmış deputatı oyansın. Amma kimdir ayılan? Istəyirsən baltanı götürüb televizoru doğra, xeyri yoxdur. Onların hamısı 5 illik yuxu dərmanı içib, xoruldayıb fısıldamağa görə maaş alanlardır. Z.Xanlarovanın baxdığı seriallardan təəssüf ki, təkcə “Kurtlar vadisi” haqqında azdan-çoxdan məlumatım var. Odur ki, deputat xanımın arxasında dayanan qəhrəman “seçicilər”indən geniş yaza bilməyəcəyəm. Amma 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən məşhur müğənniyə təkcə Polad Alemdarın, Mematinin, Abdulheyin… dəstəyi yetər ki, xanım deputat səhərə kimi seriallara baxsın. Bəs hüquqları zorlanan, çarəsizlikdən boğazına kəndir salan Fatmagüllər, necə olsun? Axı onlar Xızı dağlarının başında kimsəsiz və köməksizdirlər. Ümidləri deputatlarınadı, o da gecələr seriallara baxır, gündüzlər isə yatır. Axı bədbəxt Fatmagülün, SEÇICIgülün suçu nədir ki, vicdansız deputatların ümidinə qalıb?

Düzdür, Zeynəb Xanlarova 20 Yanvarda şəhid olan övladlarımıza bir il yas saxladı, qara geyindi, ekranlarda görünmədi. Amma üstündən 21 il keçməsinə baxmayaraq, AZADLIQ uğrunda şəhid olanların qisası hələ də alınmayıb, onların arzuları həyata keçməyib. Indi biz müğənninin yasının səmimiliyinə necə inanaq? Zeynəb xanım müsahibəsində “qoy prezident birinci ilana zəhər verən kərtənkələləri cəzalandırsın” deyir, amma cəsarət edib onların adlarını çəkmir. Lütfən deyin, kimdir ILAN, kimlərdir KƏRTƏNKƏLƏ? Siz də jurnalist deyilsiz ki, düz söz üstündə həbs olunasız, bıçaqlanasız, qətlə yetiriləsiz. Millətin toxunulmaz deputatları belə qorxaqdırsa, görün toxunulan seçicilər nə gündədir. Zeynəb xanım Milli Məclisdə Anarı, Vaqif Səmədoğlunu, Maqsud Ibrahimbəyovu, Sirus Təbrizlini sağında və solunda görmək istədiyini bildirir. Niyə? Seriallar haqqında fikirlərini bölüşmək üçünmü? Axı onlar 18 ildir susurlar, hətta seriallardan danışmağa qorxurlar. Zeynəb xanım niyə səsləri oğurlanan, hüquqları tapdanan qeyrətli namizədləri Məclisdə görmək istəmir, onlardan birinin də adını çəkmir? Çünki Heydər Əliyev ona xalq artisti adı verib, ona görə də müğənni deputatın sevgisi təkcə bu hakimiyyətədir. Əslində isə Elçibəy hakimiyyətindən başqa xanım müğənni bütün dövlət başçılarını nəğmələri ilə vəsf edib. Hər dəfə konsertlərində iştirak edən hakimiyyət başçılarını eyni sözlərlə, lakin ADlarını dəyişməklə tərifləyib. Yadımda qalanları xatırlada bilərəm: Heydər Əliyev, Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov. Və bu sıralamadan sonra yenidən hakimiyyətə qayıdan Heydər Əliyevi, indi isə Ilham Əliyevi tərifləyir.

P.S. Zeynəb xanım, bu hakimiyyətə sevgi – bir il yasını saxladığınız 20 Yanvar Şəhidlərinin, Bakıda heykəllərini görmək istədiyiniz M.Ə.Rəsulzadənin, Şəhriyarın, nəğmələrini oxuduğunuz cəsur şair M.Müşfiqin həyata keçməyən ideyalarına xəyanətdir. Zeynəb xanım, bilin ki, istedadlıların ŞƏRin yanında olması Allaha xəyanətdir. Allah isə VICDANa xəyanəti heç vaxt bağışlamır!