Xilas üçün bir düstur

Goranboyda keçmiş baş həkimin ondan tələb olunan rüşvəti verə bilmədiyinə görə intihar etməsi, yadıma “hamı dəli olanda mollanın üstünə gedir, bəs molla dəli olanda neynəsin” məsələni saldı.

Tibb Universitetinin ikinci kurs tələbəsi Elvin Qasımov da fevralın 16-da intihar etmişdi…
Onun ölümündə də rüşvət rol oynamışdı. Deyilənlərə görə, gənc imtahan üçün tələb edilən pulu verə bilmədiyindən ipi boğazına keçirib.
Bu nə ölkədi Ilahi, şəxsən özümün, nə qədər məktəbli yoldaşımın Tibb Universitetinə girmək, həkim olmaq ən ülvi arzularından olub…
Indi görürük ki, həkim olacaq tələbə də özünü öldürür, bu sənətdə uca zirvələrə qədər gedib çıxmışlar da…
Hadisələri şişirtdiyimi düşünəcək, bəlkə də mərhumların ruhi vəziyyəti yerində olmayıb deyəcəksiniz. Deyin, ancaq səbr edib məni də dinləyin.
Düzünü deyim ki, Tibb Universitetində oxuyub, özünü asmamaq hər oğulun işi deyil. Mən də uzağı orada bir il dözərdim. Baxın, bu universitetə Əhliman Əmiraslanov adlı birÿ akademik rektorluq edir. Akademik sözünü eşidəndə qabaqlar mənim vücudum titrərdi, daxili bir təlatüm keçirərdi. Akademik Vernadski, akademik Keldiş, akademik Saxarov, akademik Amosov… təkcə bu adların səslənməsi insanın gözü qarşısına elmin nəhəng nailiyyətlərini, qüdrətini gətirir.

Bəs akademik Əmiraslanov dedikdə…

Bu ad məndə elmlə bağlı heç bir assosasiya yaratmır, geniş ictimaiyyətdə Əhliman müəllim iki hadisəylə xatırlanır.
Bir: Əli Insanovla can bir dost-qardaş olduğu halda, səhiyyə naziri həbs olunar-olunmaz onun dalınca ittihamlar yağdırması.
Iki: “Tut ağacı” Aygün Bəylərə özü barədə “Həkim Əhliman” mahnısı oxutması, bu mahnının klipinin ATV-də nümayişinə sevinməsi.
Aygün Bəylər oxuyanda mən əsəbimdən iki gün çörək yemirəm, bu xanıma özü haqqında bir akademikin mahnı oxutması necə bir işgəncədir. Dəhşət deyilmi? Azca hissiyyatı iti olan adam bu dərdə, dəhşətə dözərmi? O qədər asan deyil, inanın, heç asan deyil.

Iş akademik Əhliman Əmiraslanovla bitsəydi nə vardı ki… Tibb Universitetinin daha bir tanınmışı var – Paşa Qəlbinur. Paşa müəllimdən bir dəfə tənqidi köşə yazmışdım. O, bu köşəyə bir cavab yazdı ki, 2 ildir dəhşətdən ödüm süzmür.

Diqqətli oxucular qəzetdən görüb, köşələrimin rubrikası “Homo Habiles”dir. Bu, bir növ özünü təqdimdir. Bizim köşə yazarları hərəsi özü üçün bir söz götürür mən də “Homo habiles”i seçmişdim. Bu bir latın sözüdür, tərcüməsi bacarıqlı insandır və termin olaraq, darvinizmdən gəlib. Homo habiles, Homo sapinesdən (dərrakəli insan – yer üzərindəki hazırkı insan) əvvəlki təkamül varlığıdır. Homo sapines bütün keyfiyyətlərinə görə homo habilesdən üstündür. Bütün bunlara baxmayaq, elm adamı, biologiyanın şinelindən çıxan Paşa müəllim köşəmə “homo habiles” sözü seçməyimi eqoizmim, özünə vurğunluğum kimi lənətləmişdi.

***

Məşhur bir fransız klinisti olub, Trusso. Ondan soruşublar ki, “Həkimdə hansı əsas keyfiyyətlər olmalıdır?”

O, “daha çox sağlam düşüncə, bir az nəzakət və cəsarət” deyib. “Bəs bilik?” – “Bilik? Hərdən o da lazım olur” – deyə o, məsələni tamamlayır. Azərbaycanda bilik və nəzakətdən heç bir problemi olmayan həkimlər kifayət qədərdir. Ancaq bizi intiharlardan, bu acı günlərdən bilik və nəzakətdən çox cəsarət xilas edəcək.
Çoxsaylı və intellektual həkimlər ordusu o cəsarəti daxillərində oyatsalar, biz təkcə intiharlardan yox, əhlimanəmiraslanovlardan, paşaqəlbinurlardan xilas olacağıq…