oqtay esedov

Oqtay Əsədov Heydər Əliyevin arxivini niyə dağıdır?

Rauf Nəsirov: «Görünür, spiker nələrsə danışıb ki, indi ehtiyat edir»

 

“Oqtay Əsədov spiker seçiləndən sonra Heydər Əliyevin tapşırığı ilə Milli Məclisdə yaratdığım arxivi dağıtmağa cəhdlər oldu. Buna etiraz etdiyim üçün dəfələrlə təzyiqlərə məruz qaldım və nəhayət, işdən çıxmağa məcbur oldum”. Bu sözləri “Azadlıq”a 20 ilə yaxındır Milli Məclisdə şöbə müdiri işləyən və dekabr ayında işdən çıxarılan Rauf Nəsirov deyib. Rauf Nəsirovun sözlərinə görə, o, işdən öz ərizəsilə azad edilib: “Amma bu o demək deyil ki, mən işimdən bezmişdim, işləmək istəmirdim. Əksinə, mən çalışırdım ki, Milli Məclisin televiziya mərkəzindəki arxiv materiallarını qaydasına salım. Lakin imkan vermədilər, arxivi dağıtmaq üçün məni də işdən çıxardılar”.
Sabiq şöbə müdiri bildirib ki, əvvəllər də ona arxivdəki materialları məhv etmək üçün təzyiqlər olub: “Bəzi adamlar mənə təzyiq edirdilər ki, çəkdiyim videomaterialları məhv edim. Çünki həmin adamlar Heydər Əliyevə qarşı çıxışlar ediblər. Istəmirlər ki, həmin çıxışlar arxivdə qalsın. Lakin mən bu təzyiqlərdən çəkinmirdim. Bu arxivi yaratmağı mənə Heydər Əliyev şəxsən tapşırıb. Məni də Milli Məclisə o gətirib. Oqtay Əsədov spiker olandan sonra təzyiqlər daha da artdı. Doğrusu, mənə aydın deyil ki, Oqtay müəllim nə üçün belə edir. Amma onu bilirəm ki, Heydər Əliyev Azərbaycana gələndə Oqtay Əsədov onun yanında yox idi, onu dəstəkləmirdi. Indi hakimiyyətdə çox adamlar var ki, o vaxt Heydər Əliyevə salam vermək belə istəmirdilər. Ehtiyat edirdilər ki, buna görə onlara söz gələr. Amma indi ağızdolusu Heydər Əliyevdən danışırlar”.
Rauf Nəsirov bu mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinə də bəzi mətləbləri deyib. Sabiq şöbə müdirinin sözlərinə görə, parlament seçkilərində spikerin ona qarşı təzyiqləri pik həddə çatıb. Oqtay Əsədovla rəqib olan Müsavatın Məclis sədri Arzu Səmədbəyli arxivdən Milli Məclisdə etdiyi çıxışların videogörüntülərini götürdüyü üçün spiker qəzəblənib. Buna görə də Rauf Nəsirova şiddətli töhmət verilib. Bir qədər sonra isə o, işdən çıxarılıb. Rauf Nəsirov bildirib ki, o işdən çıxarılandan sonra arxiv, demək olar, məhv edilib. Amma Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov sabiq şöbə müdirinin dediklərini təkzib edib. “Tam yalan deyir. Əksinə, köhnəlmiş kasetlərin hamısı yenidən köçürülüb. Artıq bu proses başa çatıb, hamısı disklərə köçürülüb və arxivləşmə prosesi başa çatıb”,- deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Rauf Nəsirov isə bizimlə söhbətində Akif Nəsirovun gülünc danışdığını deyib: “Milli Məclisdə elə bir texnika yoxdur ki, köhnəlmiş kasetləri köçürmək mümkün olsun. Bunun üçün həmin materiallar xüsusi aparata köçürülməli, rəqəmsal edilməli, keyfiyyəti artırılmalı və nəhayət diskə köçürülməlidir. Əks təqdirdə həmin materialları televiziyada yayımlamaq olmayacaq. Milli Məclisdə isə həmin aparatlar yoxdur. Ona görə də Akif Nəsirovun söylədikləri gülməlidir”.
Arzu Səmədbəyli ilə bağlı məsələyə gəlincə, Rauf Nəsirov deyib ki, hər bir deputatın öz çıxışını arxivdən götürmək hüququ var: “Götürüb köçürə bilərlər. Burada problem yoxdur. Bir də ki, parlament seçkilərində Oqtay Əsədov özü mənə göstəriş vermişdi ki, Fazil Qəzənfəroğlunun çıxışlarını ona verim. Belə çıxır ki, birinə olar, birinə yox?! Sadəcə Oqtay Əsədov məhz arxiv məsələsinə görə mənimlə yola getmirdi, ona görə də belə elədi. Görünür, Oqtay müəllim nələrsə danışıb ki, indi ehtiyat edir”.
Rauf Nəsirov bildirib ki, ona Ilham Əliyevlə də görüşməyə imkan vermirlər: “Artıq mən mətbuatda çıxış etmişəm. Hələ ki, heç bir reaksiya yoxdur. Ilham Əliyevin mənə münasibəti pis olmamalıdır. Çünki mən Heydər Əliyevin tapşırığını yerinə yetirərək bu arxivi yaratmışam”.

 

Vidadi