Qubad İbadoğlu: «Bu, hakimiyyətin özünə ciddi problemlər yarada bilər»
«Monopoliyaya qarşı çıxmaq oturduqları budağı kəsməyə bənzəyər»
Heç kim inkar edə bilməz ki, bu gün Azərbaycan bazarına çıxarılan istənilən məhsulun üzərindən monopoliya götürülsə, onun qiyməti bir neçə dəfə ucuzlaşacaq. Yerli iqtisadçıların apardığı tədqiqatlar sübut edir ki, ayrı-ayrı məhsullar ölkə gömrüyünə çox ucuz qiymətə daxil olur, çox cüzi fərqlə də gömrükdən çıxır. Lakin sonradan biz həmin malları bir neçə dəfə bahasına almalı oluruq. O da məlumdur ki, Azərbaycanda korrupsiyanın əsas səbəblərindən biri də məhz monopoliyadır. Amma antikorrupsiya tədbirləri çərçivəsində monopolistlərin mənafeyinə toxunacaq heç bir addım atılmır.
Iqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, bütün monopolistlər siyasi hakimiyyətə bağlı şəxslərdir və onlara qarşı mübarizənin nəticəsini əvvəldən proqnozlaşdırmaq olar: “Onlara qarşı mübarizə aparmaq oturduqları budağı kəsməyə bənzəyər. Çünki monopol şirkətlərin əldə etdiyi gəlirlər, yaratdığı sərvətlər bu hakimiyyəti möhkəmləndirən vasitələrdən biridir. Monopoliyaya qarşı mübarizə məişət korrupsiyasına qarşı mübarizə qədər sadə bir şey deyil. Bunun üçün hüquqi baza təşkil edilməli, müstəqil institutlar olmalı, iqtisadiyyatda islahatlar getməlidir. Bu istiqamətdə vahid hüquqi baza yaratmaq üçün Rəqabət Məcəlləsi yaradılmışdı. Dörd ildir həmin məcəllə parlamentdədir, hələ də qəbul olunmayıb. Deməli, monopoliyaya qarşı mübarizə istiqamətində siyasi qərar yoxdur. O məcəllə qəbul olunandan sonra antiinhisar siyasəti daha müstəqil əsaslarla formalaşmalıdır. Bunlar da indiki dövrdə hakimiyyətin hədəfində dayanan məsələlər deyil”.
Q.Ibadoğlu deyir ki, korrupsiyaya qarşı mübarizə məsələsində hakimiyyət daha çox xırda, gözəgirən addımlar atır: “Monopoliyaya qarşı çıxmaq hakimiyyətin özünə ciddi problemlər yarada bilər. Çünki monopolistlər iri bazar payına, bazarda hökmran mövqeyə sahibdilər. Onlar bazarda qiymətlərin sabotajından tutmuş, digər təsir vasitələrinə qədər hər üsula əl ata bilərlər. Yəqin ki, hakimiyyətdə bu qorxu da var. Siyasi məsələlərlə yanaşı, bu kimi şeylərin də nəzarətdən çıxa biləcəyindən ehtiyatlanırlar”.
Gültəkin