Əliyev xalqın qabağına «Günəbaxan» Turanla çıxdı

İnqilab və əks-inqilab davası “Facebook”u sardı

 

Facebook sosial şəbəkəsində 11 Mart – Böyük Xalq Günü (11 March – Great People’s Day in Azerbaijan) qrupu martın 11-də virtual etiraz aksiyasında iştirak üçün 30 mindən çox istifadəçiyə sorğu göndərib. Bu günədək 2886 nəfər etiraz aksiyasında iştirak edəcəyini, 5065 nəfər isə aksiyada iştirak etməyəcəyini bildirib. Bununla yanaşı, 1911 nəfər “ola bilsin ki, iştirak etdim” cavabını verib. 22 969 nəfər sorğuya hələ cavab verməyib.   
11 Mart – Böyük Xalq Günü qrupu Elnur Məcidli, Isa Yusifli, Baxtiyar Hacıyev, Həbib Müntəzir, Arzu Qeybullayeva, Mecid Mərcanlı adlı istifadəçilər tərəfindən yaradılıb. Qrup insanları Azərbaycan iqtidarının siyasətinə qarşı etiraz etməyə çağırır. Etiraz aksiyası virtual aləmdə həyata keçiriləcək.
11 Mart – Böyük Xalq Günü qrupunun tərəfdarları insanları aksiyaya cəlb etmək məqsədi ilə səhifələrində videoroliklər yerləşdirib. Videoroliklərdən birində Bakının mərkəzi meydanlarından birində binalardan çağırış vərəqləri yayıldığı təsvir edilib.
Qrupun təklif etdiyi əsas şüarlar bunlardır:
– 11 martda Azərbaycan xalqı öz varlığını göstərəcək.
– 11 martda toplanırıq… Müxtəlif şəhərlərdə, rayonlarda…
– 5 nəfər, 10 nəfər, 100 nəfər, 1000 nəfər… Fərq etmir… Bizi güclü edən gələcəyə və özümüzə olan inamımızdır.
– Niyə 11 Mart? Bu tarixdə dünyada və Azərbaycanda bir sıra tarixi hadisələr baş verib. 11 rəqəminin özü də əsrarəngiz bir rəqəmdir.
– Azərbaycanda tək olduğunu, yəni sadəcə 1 (nəfər) olduğunu düşünərək haqsızlıqlara susmaq məcburiyyətində qalan böyük çoxluq, ayrı – ayrılıqda özünü tək hesab edənlər, yəni 1-lər var.
Tək (1) əldən səs çıxmaz deyiblər. Elə isə eyni haqsızlıqlarla üzləşən, eyni ideyanı, əqidəni paylaşan təkləri (1) bir araya sivil formada gətirmənin vaxtıdır! Eyni haqsızlıqlarla üzləşən sadəcə iki təki, yəni özünü 1 hesab edəni yan-yana gətirdikdə, 11 dəfə daha güclü olurlar.
Beləliklə, 11 martda özünü haqsızlıqlar qarşısında tək hesab edən hər kəsi bir araya gəlməyə dəvət edirik.
– Kəndindən, rayonundan, şəhərindən asılı olmayaraq. Böyük Xalq Günündə toplanırıq.
– 11 fevralda Misir xalqının israrlı mitinqləri nəticəsində şərq diktatorlarının ən yaşlısı, ən güclüsü istefa verməyə məcbur oldu. Xalq bir arada olarsa, özünü 1 hesab edən böyük səssiz çoxluq eyni anda və eyni yerdə, bir hədəfə vurarsa istənilən rejimi yıxmağa qadirdir.
11 martda, Misir diktatorunun gedişindən 1 ay sonra, Azərbaycandakı diktator rejimi də sivil və təxribatsız şəkildə süquta uğratmaq üçün toplanmağa hazırsınızmı?!
El Gücü, Sel Gücü! Biz Inandıq, Siz də Inanın!
– Zəfər indi bizim yanımızdadır, Azadlığımız Yaxın! Azərbaycan xalqı öz böyüklüyünü rejimə və dünyaya göstərəcək!
“11 mart Böyük Xalq Günü” kampaniyasına əks təbliğat olaraq “günəbaxan”  Turan İbrahimovun başçılığı ilə bir qrup gənc “İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək” – “11 Mart Böyük Xalq Gününə” etiraz kampaniyası başladıblar. Qrupun əsas şüarı isə belədir: “Ölkəmizin ürəyi Bakıdakı ən kiçik iğtişaş Qarabağın itirilməsinə gətirib çıxara bilər!”. Yaranan bu qrup T.İbrahimov başda olmaqla Azərbaycan hakimiyyətinə qarşı internetdə növbəti bir etiraz dalğası yaradıb.
Müxtəlif qruplarda, eləcə də yaradılan yeni qrupda yazanlar Turan Ibrahimovun hərəkətini ən kəskin şəkildə pisləyir, tənqid edirlər.

 

S. Novruz