Balıq haradan iylənir?

Guya ki, islahatlara start veriblər.
Bir neçə arxasızın, “şestyorka”nın, vasitəçinin, 3-cü sort vəzifə sahibinin dalına dəyib ya bayıra atacaqlar, ya da Bayıla göndərəcəklər.
Başqa necə hərəkət edə bilərlər?
Ayrı bir yolları yoxdur axı.
Ilham Əliyev fərman verib böyür-başındakıları, tayfa-tüləsini qanunun ayağına getməyə məcbur etməyəcək ki.
Məsələn, hökmdarın səhiyyə naziri Oqtay Şıxəliyevlə nə işi, maşallah, Anadolu türklərinin təbirincə desək, bir sürü baş həkim var, beş-onunun qulağını divara mıxlasa, Məmmədhəsən və Tükəzbanların başı neçə ay prezidentin antipodlara qarşı mübarizəsinə aludə olacaq.
Yaxud, Ilham Əliyevin nəyinə gərəkdir ki, məhkəmələrin bazara çevrilməsindən guya xəbəri olmayan ədliyyə naziri Fikrət Məmmədovun xətrinə dəysin.
5-10 hakimi cəzalandıracaq.
Bununla da ədliyyə sistemində islahatlara nöqtə qoyacaq.
Zəhmətkeşlər də çayxanada, bazarda varisin haqq-ədalət yolunda mücadilə etdiyini müzakirə edəcək.
Cümlə Naxçıvan əhli vilayətdəki feodal üsul-idarədən car çəksə də, Ilham Əliyev Vasif Talıbova gözünün üstündə qaşın var deməyəcək. Maksimum rayon icra hakimiyyətinin kiçik məmurlarından bir-ikisini qurban verməklə Muxtar Respublikada rüşvətin və korrupsiyanın qarşısının alındığı bəyan ediləcək.
Ilham Əliyev polis özbaşınalığına görə Ramil Usubovu əsla cəzalandırmaz.
Hacı Məmmədovun bandası ifşa olunanda çoxları güman edirdi ki, naziri vəzifəsindən atacaqlar.
Nəticəsi nə oldu?
Bu gün də Azərbaycan polisi rejimin 1 saylı qoruyucusudur və Ramil müəllim də general-polkovnik rütbəsində dövlətin baş polisi görəvindədir.
Ilham Əliyev orduda təzahür edən cinayət hadisələrinə və Müdafiə Nazirliyindəki korrupsiya hallarına görə Səfər Əbiyevi yox, aşağı rütbəliləri cəzalandırır.
Səbəbi aydındır.
Vergidəki dərəbəyliyə görə Vergilər nazirinin deyil, vergi məmurlarının torbası tikilir.
Eynən gömrükdə də belədir.
Təhsil Nazirliyində də bu proses gedir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi VTEK sədrlərini, Nəqliyyat Nazirliyi kiçik ranqlı müfəttişləri, universitetlərdə rektorlar dekanları, kafedra müdirlərini qurbanlıq edir…
Azərbaycanın adı beynəlxalq institutların korrupsiyaya, insan haqlarının pozulmasına dair hesabatlarında biabırçılıqla hallanır.
Və iki aydır ki, yüz illərin yuxusundan oyanan ərəb dünyası bir-bir diktatorları taxtından düşürür.
Ilham Əliyev bu təlatümə rəğmən hələ də millətə zülm edənlərin, qanunu ayaq altında tapdalayanların başçılarından birinin belə fitvasını verməyib.
Əvəzində müxalif fikir sahibi olan gənclər qondarma cinayət əməllərinə görə azadlıqdan məhrum edilir.
Soruşmaq gərək, sosial şəbəkədə hansısa bir şüar səsləndirən gənclər bu dövlət üçün təhlükəlidir, yoxsa korrupsiyanın sayəsində oliqarxlara çevrilmiş nazirlər?
“Balıq başdan iylənir”,- atalar belə deyib.
Şübhəsiz ki, bu həqiqəti Azərbaycanda yeddidən-yetmişyeddiyədək hamı dərk edir.
Təkcə rejimin başında dayananlar bu müdrik atalar kəlamını qəbul etmir.
Onlar iylənmənin səbəbini balığın başqa əzasında görürlər.
Haqlıdırlarmı?
Yanılırlarmı?
Çox yaxın zamanlarda bunun şahidi olacağıq.