Görəcək günlərimiz varmış. Indi də adam oğurlamağa başladı bu hakimiyyət.
Tutub içəri atırlar və yaxınlarından kimsəyə bu haqda bir xəbər vermirlər.
Söhbət gənc fəal Dəyanət Babayevin oğurlanmasından gedir. Əgər sən birini həbsə atırsan və üstündən iki gün keçir, heç bir doğmasına-yaxınına bu haqda xəbər vermirsənsə, bu, artıq rəsmən oğurluqdu. Bundan belə beynəlxalq hesabatlarda dövlətimizin adı oğru kimi hallansa, heç təəccüblənməyin.
Hələ onun həbs motivini oxuyanda adamı dəli gülmək tutur. Milli Bankın qarşısında keçakeçdə telefonla ucadan danışırmış, söyüş söyürmüş və ictimai asayişi pozurmuş.
Başına dönüm, ay Allah, belə də biabırçılıq olar?
Ictimai asayiş deyərkən bunlar nəyi nəzərdə tuturlar, qəti aydın deyil. Bilmirsən, söhbət yeddi qıfıl arxasında oturan Bank işçilərindən gedir, ya yaxınlıqda söyüşün biri bir qəpikdən də ucuz düşən avtobus dayanacağındanmı, ya yoldan bir-birinin üstündən söyüş söyə-söyə ötən, eşşək səsindən tutmuş canavar səsinəcən ən əcaib siqnallarla haray-həşir qoparan sürücülərdənmi, Heydər Əliyev adına Lenin sarayının qarşısındakı parkda şellənənlərdənmi, ya elə üzü Milli Banka sarı rentgen nəzərlərlə baxan heykəldənmi. Yəni ictimaiyyət bunlarmış və bunlar da narahat olub, asayiş pozulub, aləm bir-birinə dəyib, hamısı təlaşa düşüb və hakimiyyətin dayaqları sarsılıb…
Bu qədər korazehinlik olarmı?
Sanki hansısa hakimiyyətdaxili bir qüvvə bu inqilab rüzgarları əsən günlərdə Ilham Əliyev hakimiyyətinə qəsdən balta çalır. Onu dünyanın və xalqın gözündə rüsvay eləməyə çalışır. Tanrı, hər kimdisə, onların köməyi olsun. Ancaq bu hakimiyyətə daxildən zərbə vurmaq üçün mütləq elə adam oğurlamaqmı lazımdı? Məgər bunun bir sivil yolu yoxdu? Bəlkə polis belə eləməklə indidən xalqın tərəfinə keçdiyini bəyan eləyir?
Yox, əgər gerçəkdən məsələ asayiş məsələsidisə, onda gərək gündə yüzlərlə polis həbs oluna. Hər gün hardansa kimsə gəlib keçəcək deyə saatlarla meqafonlardan ucalan əcaib polis səsi aləmi başına götürür. Nə dediklərini belə anlamaq olmur. Təsəvvür eləyin ki, hələ bunlar hardasa yaşayış olmayan yerlərdə yox, xəstəxanaların, yaşayış massivlərinin qarşısında baş verir. Xəstələr, qan təzyiqi olanlar, yeni doğulan körpələr, qocalar nə qədər bu səsdən əsəb keçirir və yeri gəlmişkən, onların da dili söz tutanı nə qədər söyüş yağdırır. Onda ictimai asayişi pozan o polislərlə onların səsindən cəzana gəlib söyüş söyən o adamları da bir-bir oğurlamaq və 10 sutkalıq həbsə atmaq lazımdı.
Bir həftə qabaq Fətəli xan Xoylu prospektində yenicə tikilmiş körpü təmirə bağlandı, asfaltını qaşıdılar, yolu bağladılar, nəqliyyatın hərəkətini iflic elədilər, ama heç cür işi başa çatdıra bilmirdilər. Çünki hər axşam əlahəzrət gəlib oradan keçməliydi və bundan bir-iki saat qabaq qədimdə padşahların qədəmlərinə xalça döşədikləri kimi, onun da gələcəyinə görə yola müvəqqəti asfalt döşəyirdilər və o gedən kimi yenidən yolu qaşımağa başlayırdılar. Beləcə, bu asayişpozma əməliyyatı günlərlə çəkdi və axır ki, dövlət başçısının ölkədə bir neçə gün olmayacağından istifadə eləyib hay-həşirlə asfalt döşəməyə başladılar.
Bəs niyə kimsəni asayişi pozduğuna görə həbs eləmədilər?
Mən hələ o xalça döşəmə, yolqaşıma əməliyyatlarına nə qədər vəsait dağıdıldığını, ordan nə qədər basıb yediklərini yada belə salmıram. Neynəsinlər, axı korrupsiyaya qarşı müharibə gedir.
Əxlaqın yerli-dibli yoxa çıxdığı bir ölkədə polisin özünü bir də əxlaq polisi kimi göstərməsində qeyri-adi heç nə yoxdu. Məsələ isə çox bəsitdi – Millətin qanını şüşəyə tutmaq. Vəssalam.