Qəzzafi getməyə hazırdır

Liviya diktatoru təhlükəsizliyinə təminat istəyir

 

Liviya diktatoru Müəmmar Qəzzafi nəhayət öz şərtlərini açıqlayıb. Qəzzafi təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə, rəhbərlikdən əl çəkəcəyini bəyan edib. Qeyd edək ki, bu xəbər kütləvi informasiya vasitələri arasında sürətlə yayılıb. “Asharq Alawsat” qəzetinin yazdığına görə, Qəzzafi deyib ki, özünün və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət veriləcəksə, ölkəni tərk edəcək. 

“MIGnews” isə yazır ki, “Asharq Alawsat” qəzetinin bu xəbəri hələlik rəsmi təsdiq tapmayıb və məsələ ilə bağlı hər hansı bir şərh verilmir. 

Bu xəbərlər fonunda Liviyada hakimiyyət əleyhinə baş qaldıran üsyan davam edir. Ölkə lideri Müəmmar Qəzzafini dəstəkləyən qüvvələr üsyançılara qarşı havadan zərbələr endirib. Liviyanın sahilboyu yerləşən bir sıra şəhərlərində gedən qarşıdurmalar zamanı çoxsaylı ölən və yaralananlar barədə məlumat daxil olmaqda davam edir. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, son saatlar ərzində Misrat şəhər xəstəxanasına 20-dən çox ölü və 100-dən artıq yaralı şəxs gətirilib. Yerli həkimlərin məlumatına görə, Bin-Cavad şəhərində ən azı 7 nəfər ölüb, 50-dən artıq insan isə yaralanıb.

BBC-nin məlumatına görə, prezident Müəmmar Qəzzafi tərəfdarları ölkənin şərqində yerləşən Ras-Lanuf şəhərini bombalamağa cəhd etsələr də, hücum üsyançılar tərəfindən dəf edilib. Şiddətli döyüşlərə baxmayaraq, Müəmmar Qəzzafi qüvvələri şəhərlərə nəzarəti ələ ala bilməyib. Müxalifət iri şəhərləri əldə saxlaya bilib. Tripoli Qəzzafinin əlində qalan əsas ərazi hesab edilir.
Qeyd edək ki, Liviya dövlət televiziyası dünən hökumətin bir sıra şəhərlərdə hakimiyyəti geri aldığını bildirsə də, müxalifət bunu təkzib edir. Liviya hakimiyyəti humanitar böhranın səviyyəsini qiymətləndirmək üçün BMT ekspertlər qrupunu ölkəyə buraxıb. Missiyaya İordaniyanın sabiq xarici işlər naziri Abdelila əl-Xətib rəhbərlik edir.
BMT-nin qiymətləndirməsinə görə, Liviyada gedən döyüşlər zamanı təqribən 200 min nəfər ölkədən qaçqın düşüb. 6 min nəfər həlak olub.

 

***

 

Müxalifət Qəzzafinin  qoşunlarına dirəniş göstərir

 

Liviyada gərginlik davam edir.Bin Cavad şəhərini ələ keçirən Müəmmər Qəzzafiyə bağlı silahlı birləşmələr indi də neft bölgəsi Ras Lanufa doğru irəliləyir. Hərbi helikopterlər də şəhəri havadan bombalayır. “Reuters”a danışan şahidin sözlərinə görə, o, Bin Cavad şəhərinə getdiyi zaman təxminən Qəzzafiə sadiq əsgərlərdən ibarət hərbi konvoy şəhərə daxil olub. Bölgədəki “AFP” xəbər agentliyinin məlumatında bildirilir ki, şəhərin təxminən 2 km şərqində bir partlayış meydana gəlib. Müxalifət tərəfdarları hərbi helikopterlərin hücumunu dəf edə biliblər.

Bin Cavad şəhərində müxalifətçilərlər Qəzzafi tərəfdarları arasında yaşanmış silahlı qarşıdurma nəticəsində 12 nəfər həlak olub, 52 nəfər isə yaralanıb.
Üsyançıların əlindəki şəhərləri nəzarətə götürmək istəyən Qəzzafi Afrika Birliyinin Liviyaya araşdırma komissiyası göndərəcəyini bildirib. “France 24” kanalına açıqlama verən Müəmmər Qəzzafi Liviyada vəziyyətin normal olduğunu söyləyib. Liviyanın keçmiş baş naziri Cadallah Azus Əl Talhi, üsyançı liderlərə səslənərək onları dialoqa çağırıb. Lakin keçmiş baş nazirin təklifinə müxalifət rədd cavabı verib. Müxalifət təmsilçisi Əhməd Cəbrayıl Qəzzafi və onun rəhbərlik etdiyi rejimlə dilaoqa ehtiyac qalmadığını bildirib. Onun sözlərinə görə, müzakirələr yalnız Müəmmər Qəzzafinin istefasından sonra mümkün ola bilər.