Adam tədricən hər şeyə alışır. Bir vaxt bizə qeyri-adi görünən şeylər tez-tez təkrarlanandan sonra adiləşir. Bəli, qəribə günlərimiz varmış. Insan bir də görürsən, yoxa çıxır, bir neçə gün ondan heç bir soraq olmur, sonra isə həbs olunduğu haqda məlumat gəlir. Sizləri bilmirəm, mən belə hallara heç də alışmaq istəmirəm, bu, artıq zorakılığın zirvəsidir. Belə hallar vaxtilə nə yaxında, nə uzaqda, bəli, elə Çilidə, A.Pinoçetin dövründə baş verirdi. Hər halda bu haqda çox oxumuşduq. Güman, başqa diktaturalarda da elə belə olmuşdu. Indi biz də bu günü gördük. Bu qədər insanı nəzarətdə saxlamaq, kimisə harasa aparmaq üçün böyük repressiv aparat tələb olunur. Indi gör bizim neft pullarımız nəyə, hansı işlərə sərf olunur! Adamın yadına lap elə “Davam edir 37…” şeiri düşür. 37-də də evlərin kəndarında qara maşınlar peyda olurmuş və insanları aparırlarmış. Sonra da yaxşı halda soraqları lap uzaqdan, Sibirdən gəlirmiş… Burada bir detalı qeyd etməyə bilmirəm. Hansı partiyaya daha çox təzyiq edilir, hansı partiya təqib edilir – elə bu hadisələr bunu gözəlcə nümayiş etdirir. Burada mübahisəlik yer yoxdur. Amma çox təəssüf ki, hamı, yəni müxalifət düşərgəsində hamı, bunu qəbul etmir, ciddi inteqrasiyadan, gücləri bircə yerə səfərbər etməkdən min bəhanə ilə yayınır və vaxtı uzatmağa cəhd edirlər. Olsun. Onsuz da hər şey hamıya aydındır.
Insanları dinləmək və güdmək hüququ
Bu yaxınlarda bununla bağlı bir detal eşitdim. Mənə belə məlum oldu ki, indi bütün gizli dinləmə vasitələri ciddi qadağan olunacaq, bu işlə məhkəmənin qərarı ilə zəruri halda ancaq dövlət orqanları məşğul olacaq. Məgər əvvəllər belə deyildi? Bəlkə bununla vətəndaşlar da məşğul olurmuş? Bilmirəm. Bir detalı qeyd etmək istəyirəm. Gizli dinləmə çox pis şeydir, o, yasaq olunmalı və nəzarətə götürülməlidir. Amma mənim yadıma elə buradaca bəzi gizli və intim çəkilişlər düşür. Bəs onlar hansı məntiqlə, kim tərəfindən və hansı bir hüquqla həyata keçirilirdi? Bax, bunun cavabı yoxdur. Bir vaxtlar insanların intim həyatı ilə bağlı gizli çəkilişlər aparır, sonra da elə televiziya vasitəsilə milyonlarla insana nümayiş etdirirdilər. Belə hallara da nöqtə qoyulacaqmı? Hər halda bu cür “praktika” da birdəfəlik yasaq olunsaydı çox yaxşı olardı.
Ah, qarışıq dünya!
Internet dünyanı silkələdi. Bundan hamı öz nəticəsini çıxardı. O cümlədən də hakimiyyətlər. Mən əvvəlki yazılarımın birində qeyd etmişdim ki, siyasət və hakimiyyət adamları nəyəsə diqqət yetirəndə bunun acı nəticələri olur. Bəli, B.Obama da sosial – şəbəkə liderlərilə görüşdü, onlara böyük vəsaitlər ayıracağını vəd etdi. Amma Assanca qarşı hüquqi təqib davam edir. Bəli, o, başqa motivlərə görə təqib olunur. Üstəlik, onun adı gələcək Nobel laureatı kimi də hallanır. Amma bir sual rahatlıq vermir: nəyə görə Assancın cinayət törətməsi ancaq Vikiliksin açıqlamalarından sonra yada düşdü? Bəli, ABŞ rəsmiləri bəyan etdilər ki, internetdən azad istifadə etmək üçün insanlara hər cür yardım ediləcək. Bu il internet istifadəçilərinin sayının 2 milyarda çatacağı güman edilir. Triumfdur, bir şərtlə, məhdudiyyətlər olmaya!
Azadlıq ideyası ilə rəqabətdə
Baron Münhauzen iddia edirmiş ki, saçından yapışaraq özünü bataqlıqdan çəkib çıxarıb. Indi avtoritar rejimlərin ömrünü bütün vasitələrlə uzatmağa cəhd edənlər də sanki saçlarından yapışaraq özlərini bataqlıqdan çıxarmaq istəyirlər. Fizika baron Münhauzenin küyçü olduğunu asanlıqla sübut edir. Yəqin sosial elmlər də avtoritar rejim xilaskarlarının yanlış yolda olduğunu isbat etmək iqtidarındadır. “Təbii hal” ifadəsi, düzdür, Volterin atmacasından sonra bir qədər risqli ifadə hesab edilir, çünki həmin müsyö Volter Russoya yazmışdı ki, sizin əsərlərinizi oxuyanda adam əlləri üstündə yerimək və bir də dördayaqlı olmaq istəyir. Amma başqa ifadə də yoxdur. Azadlıq insanın təbii halıdır, onu bundan məhrum etmək olmaz. Kant deyirdi ki, Allahın və Azadlığın mövcudluğunu isbat etmək mümkün olmadığından elə yaşamaq lazımdır ki, sanki onlar mövcuddur! Bəlkə eşidək onu?!