Zalıma səsləniş

Mənim heç nəyim yoxdu…
Dubayda villam yoxdu. Buraxın Dubayda villanı, beş birəm belə yoxdu. Pulum yoxdu, polisim yoxdu. Daxili Qoşunlarım, “bandotdel”im yoxdu.
Sənə deyiləcək sözüm vardı ya… artıq o da yoxdu. Nə xalqı və dünyanı qarşına alıb ömürlük prezident olmaq iddiana, nə 21-ci əsrdə feodalizmə yeni nəfəs vermək istəməyinə deyiləcək sözüm yoxdu artıq.
Yerində gözüm yoxdu. “Şahdəniz”im yoxdu. Daha nəyim yoxdu? Sevgiladəm, Çaladzem yoxdu. Siyavuşum yoxdu, Mübarizim yoxdu.
Övladına toy etməyə pul tapa bilməyib intihar edən atalar varkən bu ölkədə, bir qarın çörək üçün bətnindəki dörd aylıq körpə ilə fahişəliyə məcbur olan analar varkən vicdanı belə sızlamadan, inkişaf nağılları üyüdüb-tökəcək, 1 milyarda stadion tikəcək üzüm yoxdu.
Daha nəyim yoxdu? Sifarişli məhkəməm, ədalətsiz hakimim yoxdu.
Saxtakar müəllimim, başqasını sağaltmağa borcluykən özünün ürəyi və ruhu xəstə olan həkimim yoxdu.
Yalanım, yaltağım, məddahım, Zəlimxanım yoxdu. Bank hesablarım yoxdu. Fikrət Qocam, Əkrəm Əylislim, Anarım yoxdu. Muğamım yoxdu, kamanım, tarım yoxdu.
Dubinkam yoxdu. “Butılka”m yoxdu. Viloşum yoxdu. Eskuderom, Armitacım, Buşum yoxdu.
Mənim heç nəyim yoxdu. Sadəcə, bir qızım var, bir də ona verdiyim sözüm var: “Könlünü ferah tut, ayüzlüm, sənə azad və özgür, hüququn hər şeydən üstün olduğu, ədalətin zəfər çaldığı bir məmləkət buraxmayanadək nə əyiləcək başım, nə büküləcək dizim var”.
Başqa heç nəyim yoxdu.
Gözyaşardıcı qazım, suvuran maşınlarım, qurdbasan köpəklərim yoxdu. Cibə atmağa nəşəm yoxdu. Aztevem, itevem yoxdu.  Şilləvuranım, üzəduranım yoxdu.
Yoxdu, amma yenə də sənin qarşından qaçan… Sənin qarşında dizləri əsən… Sənə boynunu bükən… Sənin topundan-tüfəngindən, zülmündən, şərindən qorxan sənin kimi olsun!
Mübarizəmizin dəyanətini necə tutacaqsınız?
Əvvəl Cabbar, sonra Bəxtiyar, dünən də Dəyanət. Irticanın yeni tuthatut kampaniyasının ilk hədəfləri onlar oldu. Ardı gələcəkmi? Bəlkə də hə, bəlkə də yox. Dəqiq demək çətindir.
Yalnız onu dəqiq demək olar ki, Əliyevçi rejimin qafasında bu qədər inqilab zırıltılarından sonra da zərrəcə dəyişiklik yoxdu. Yenə ənənəvi qaydada düşünürlər, tuthatutlarla, həbslərlə, repressiyalarla sarsılacağımızı, geri addım atacağımızı düşünürlər.
Bəyəm bunlar görmürlərmi ki, Elmarı öldürdülər, amma azad sözü öldürə bilmədilər. Bəyəm görmürlərmi ki, Eynullanı həbs etdilər, amma mübarizə ruhumuz daha da böyüdü, genişləndi.
Indi də Dəyanəti tutublar. Elə bilirlər, bununla mübarizəmizin dəyanətini sındıra biləcəklər. Necə ki, Bəxtiyarı tutmaqla elə bilirlər bu ölkə, bu xalq heç vaxt bəxtiyar olmayacaq, heç vaxt azadlığı dadmayacaq, heç vaxt hüquqa, ədalətə, rifaha qovuşmayacaq.
Axı bunlar niyə anlamırlar ki, bir, iki, üç, beş, on gənci türməyə atmaq olar. Amma bu rejimə nifrət ki, azadlıqda qalır. Bu rejimə qəzəb ki, azadlıqda qalır. Elə isə nə mənası var belə həbslərin? Siz kimisə tutub içəri basırsınızsa, o deməkdirmi ki, inqilabı da kameraya salmısınız? Inqilabın da qollarını qandallamısınız?
Ona qalsa, Mübarək devrilməmişdən əvvələdək içəridə 300-dən çox müxalifətçi, rejim tənqidçisi vardı. Nə oldu, Hüsnü müəllimi xilas etdimi bu? Mübarəki xilas eləməyən repressiyalar sizi dünəndən xilas eləməz, anlayın artıq bunu, ağlınızı başınıza yığın. Zatən çox gülünc görünürsünüz kənardan, daha da çox güldürməyin dünyanı özünüzə.