kiv-df

Tarixin qalası – Qala kəndi

Əsrlərlə bəhsə girən Qala

Azərbaycan ərazisində ən qədim insanların məskunlaşmasına dair saysız-hesabsız dəlillər var. Burada aparılan arxeoloji tədqiqatlar zamanı aşkara çıxarılan zəngin maddi-mədəniyyət nümunələri də deyilənləri sübuta yetirir. Tarixi abidələr baxımından Abşeron yarımadası xüsusi əhəmiyyətə malikdir. Qədim yaşayış məskəni olan Abşeron yarımadasının tarixi eradan əvvəlki dövrləri əhatə edir. Ərazidə tapılan kurqanlar, ocaq izləri və qəbirlər keçmişə dair dəqiq materiallar verir. Abşeronun ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndidir. Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb.
Abşeronun yaşayış məntəqələri arasında Qala kəndi özünün zəngin tarixi ilə xüsusi fərqlənir. Arxeoloji tədqiqatlar və memarlıq məlumatları da kəndin tarixinin lap qədim dövrlərə gedib çıxdığını təsdiqləyir. Adından göründüyü kimi, Qala – istehkam mənasını verir və burada mövcud olan istinadgahla bağlıdır.
Əsrlərin tikinti-memarlıq incəsənətini əks etdirən və səviyyəli tikinti texnikasına malik Qala kəndi, faktiki daşlarda həkk olunmuş canlı tarixdir. Məhz bu cəhətlərinə və köhnə tikili üslubunu mühafizə edib saxladığına görə Qala kəndinin ərazisi Tarixi etnoqrafik qoruğa çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılmışdır.
Qoruğun ərazisi 150 hektardan artıqdır. Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Qoruğun ərazisində e.ə.III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan qədim memarlıq nümunələri – 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. abidələr mövcuddur.
Beş min illik tarixə malik olan Qala kəndində Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Cəmbərəkənd və s. bir sıra məhəllələr bu günədək qorunub qalmaqdadır.
Qala – təkcə tarixi məskən deyil, Abşeron xalq memarlığının əvəzsiz və bənzərsiz şəhərsalma irsidir.
Arxeoloji qazıntılar Qala kəndində 5 min il əvvəl – tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də, kəndin müasir dövrümüzə qədər gəlib çatmış tikililəri XVI-XIX əsrlərə aiddir. Buradakı qəbiristanlıqda islamaqədərki türk təfəkkürünə xas olan qoç heykəllərə rast gəlinir. Memorial abidələr üzərində Qurani-Kərimdən dan surələr, qafiyəli sətirlər, yaxud mərhum haqqında şeirlər verilirdi.

Tarixi abidələrdə qalan izlər

Qalanın qədim tarixi abidələrindən biri də onun ərazisindəki böyük bir qala olub. Bu qəsr XIII-XIV əsrlərdə tikilib, XVII əsrdə isə yenidən bərpa edilib. Qalanın içində yeraltı yollar, iri otaqlar mövcuddur. Rəvayətə görə, düşmən hücum edərkən yerli əhali mal-qarasını da yığıb bu qalada sığınacaq taparmış. Sonradan Sovet dövründə 1924-1925-ci illərdə qalanı söküb onun daşlarından məktəb binası tikiblər.
Qala kəndində indiyədək qorunub saxlanılan evlərə daxil olarkən insanda sanki orta əsrlərə düşməsi təəssüratı yaranır. Əsasən iki otaqdan ibarət evin əsas hissəsini mətbəx təşkil edir. Burada təndir, yemək və su qızdırmaq üçün ocaq yeri qalıb. Mətbəxin bir küncündə isə suaxan yerləşir. Dərin oyuq şəklində olan suaxan mətbəxə bitişikdir. Burada yalnız suyun çölə axıdılması üçün dəlik var. Suaxandan yerli camaat paltar yumaq və namazdan əvvəl qüsul almaq üçün istifadə edirmiş. Maraqlıdır ki, orta əsrlərdə heç Avropa ölkələrində belə bir şərait olmayıb.
XIV əsrdə hündürlükdə ucaldılan istehkam kəndin tarixi mərkəzidir. Onun qülləsi sovet dövründə dağıdılıb. Yalnız qala divarlarının qalıqları və yanaşı yerləşən orta əsrlərə məxsus Cümə məscidi günümüzədək gəlib çatıb.
Cümə məscidinin içəri həyəti tağlı qübbə ilə örtülüb. Məscidin altından zirzəmi qalereyasına yol da günümüzədək qalır. Yaşlı sakinlərin söylədiklərinə görə, yeraltı yollar məsciddən bir neçə sot aralıyadək uzanır.
Abşeronun yerli ağ əhəng daşından inşa olunmuş Qala yaşayış binaları təbii iqlim şəraitinə və meşə materiallarının çatışmadığına görə gümbəzli tağ tavanlı konstruksiyaya əsaslanan dublalı bacalarla inşa olunmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq kənddə ikimərtəbəli evlər və ya tir-dayaq konstruksiyalı, düz damlı yaşayış evlərinə üstünlük verilmişdir.
Qalada Abşeronun ümumi şəhərsalma prinsiplərinin səciyyəvi xüsusiyyətləri əksini tapıb. Kəndin əsas yaşayış tikililəri XVIII-XIX əsrlərdə formalaşıb. Evlər qapalı qalaya bənzəyir, iri monolit bloklardan ibarət uca hasarlarla əhatə olunub.
Kəndin kənarında, evlərdən birində Etnoqrafiya muzeyi yerləşir. Həyətdə su quyusu işləyir. Muzeyin həyəti həm yaşayış üçün, həm də əlavə tikililəri olan tipik Qala evlərinə bənzəyir. Abşeronun üzərində epiqrafik yazılar və təsvirlər olan daşları burada toplanıb.
Muzeyin etnoqrafik kolleksiyasında mis qablara, keramikaya, əmək alətlərinə və kənd avadanlığına rast gəlmək olar.

Çoxəsrlik tarix salnaməsi

Muzey-kompleksdə diqqət çəkən abidələrdən biri də “Dübəndi kurqanı”dır. Kurqanın mərkəzində dəfn kamerası var. Qurbangahın özündə saxsı qablar, qoyun sümükləri, daş alətlər və kül aşkarlanıb. Sən demə, burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunurmuş. Bütün bunlar xalqımızın adətlərindən, məişət həyatından, dini inanclarından və həmin vaxtlar yerli əhalinin ayrı-ayrı bütlərə, təbiət qüvvələrinə sitayiş etmələrindən xəbər verir.
Azərbaycanda ən böyük vəl kolleksiyası (19 ədəd) Qalada toplanıb. Taxta lövhənin səthinə çaxmaq daşı qəlpələri vurulurdu. Lövhələri atlar çəkirdilər. Neolit dövründən qalan bu bu arxaik alət XX əsrədək qalırdı.
Yardımçı (əlavə) tikililər özünəməxsus arxitekturası ilə seçilir. Hündür, pəncərəsiz divarlarda müxtəlif oyuqlar qoyulur, ventilyasiya konusşəkilli tavanların mərkəzindəki çıxıntılar vasitəsi ilə həyata keçirilir.
Kvadrat bünövrəli və günbəzə bənzər damlı tikililərə demək olar ki, bütün mülklərdə rast gəlinirdi. Burada əsasən quru ot, saman və s. saxlanılırdı.
Kənd ərazisində bir neçə hamam vardı. Onlardan biri – göl ətrafında yeraltı hamam bir müddət əvvəl qazılıb çıxarıldı.
Yeraltı suyun saxlanması üçün kənddə bir neçə quyu və ovdan – mövcud idi. Nisbətən qədim ovdan qəbiristanlıq ərazisindədir. O, II Şah Abbasın zamanında qazılıb və 1665-ci ilə aid edilir. Qayada ovulan pilləkənlər su mənbəyinə aparır.
Tarixi memarlıq və incəsənət baxımından Qalanın qədim qəbiristanlıqda yerləşən memorial tikililəri xüsusi diqqət çəkir. Bir qədər kiçik ərazidə  ənənəvi məzarlarla bərabər, fərqli ayinləri əks etdirən müxtəlif tipli qəbirlərə rast gəlinir. Onlar xalqın ənənələrindən xəbər verir, xronoloji və tarixi xarakterli məlumatları çatdırırlar.
Buradakı “Məhəmməd” məqbərəsi 1624/25 -ci ilə aid edilir. Divarlarında güllə izləri var. Bu qəbiristanda 1930-cı ildə sovet hakimiyyətinə qarşı çıxış edən kənd sakinlərini güllələyiblər.
Yeraltı sərdabəsi olan başqa bir məqbərə XVIII əsrə aiddir.
Burada üzərində daş sandıqlar qurulmuş, oyma ornamentlərlə və ərəb hörmə yazısı ilə bəzədilmiş qəbirlərə rast gəlinir.
Məqbərələr çadır formasında inşa edilib. Onlardan biri bərpa olunub. Türk xalqlarında mərhumun üzərində çadır qurmaq ənənəsi vardı. Bəlkə də, belə məqbərələr həmin qədim ənənədən qaynaqlanır.
Qala kəndində bir sıra sənət sahələri də inkişaf etmişdi. Bu sənət sahələrindən biri Azərbaycanda ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq sənətidir. Müxtəlif mənbələrə görə Azərbaycanda dulusçuluq sənəti e.ə. II minilliyə təsadüf edir. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qalada arxeoloji qazıntılar zamanı aşkarlanan saxsı məmulatlar bədii cəhətdən çox maraqlıdır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir