intiqam-aliyev

“Hədəf Bəxtiyarın timsalında yeni nəsil gənclikdir”

İntiqam Əliyev: “Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin həbsinin siyasi sifariş olmasına heç bir şübhə yoxdur”

 

Gənc fəal və keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev martın 4-də həbs olunana qədər ona münasibətdə yol verilmiş qanun pozuntularıyla əlaqədar bir neçə istiqamətdə məhkəmələrdə iş qaldırılmışdı. Bu prosesdə Bəxtiyarın hüquqlarını Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev müdafiə edirdi. Gənc fəalın həbsilə bağlı bir sıra məqamlara da məhz onunla aydınlıq gətirməyə çalışdıq:
– Bəxtiyar Hacıyev nədə ittiham edilir?
– Gəncə Şəhər Prokurorluğu Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsilə cinayət işi başlayıb, bir gün sonra isə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Ittihamda göstərilib ki, 2006-cı ildə təhsilini bitirəndən sonra hərbi xidmətdən yayınmaqla hərbi çağırışdan boyun qaçırıb. Fevralın 3-də isə Bəxtiyar Hacıyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

– İttiham nə dərəcədə əsasladırı?
– Tamamilə qanunsuzdur. Əvvəla, Gəncə şəhəri, Nizami Rayon Hərbi Komissarlığı onun 2006, 2007, 2008, 2009-cü illərdə təhsililə bağlı təqdim etdiyi bütün sənədləri qəbul edib, ona həmin illər ərzində hərbi xidmət çəkməkdən möhlət verib. 2010-cu ildə könüllü olaraq hərbi həkim komissiyasından keçsə də, o, hərbi xidmətə aparılmayıb.ÿIkincisi, 2007-2015-ci illər Azərbaycan Gənclərinin Xaricdə Təhsili Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərin bir çoxu bakalavr pilləsini başa vurduqdan sonra magistraturaya, magistraturadan doktorantura pilləsində təhsilinə birbaşa keçid edirlər. Möhlət hüququ yalnız bakalavr təhsili dövrü üçün verilirsə, bu o anlama gəlir ki, yuxarıda göstərilən Proqram çərçivəsində hazırda magistratura və ya doktarantura təhsili alan yüzlərlə və ya ola bilər ki, minlərlə gənc barəsində cinayət işi başlanmalıdır.
Digər tərəfdən, alternativ xidmət vətəndaşın konstitusion haqqıdır. Konstitusiyanın 76-cı maddəsində deyilir: “Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir”. Konstitusiya bütün qanunlardan yüksəkdə dayanır. Azərbaycan hələ on il öncə Avropa Şurasına üzv olan zaman üzərinə alternativ xidmətlə bağlı qanunu qəbul etmək öhdəliyi götürüb. 3 il ərzində bu öhdəliyə əməl etməli olsa da, 9 ildir ki, öhdəliyin icrasından yayınır.
Dövlət öz öhdəliyini yerinə yetirməməklə, vətəndaşın konstitusion hüququnu pozmaqla öz vətəndaşını fərariyə çevirir, ehtiyac yarananda da onu cinayətkar sayır və cəzalandırır. Belə şeylər yalnız özbaşınalıq mühiti olan ölkələrdə baş verə bilər.
Yeri gəlmişkən, nə qədər qəribə olsa da, “2006-cı ildən hərbi xidmətdən yayınan” Bəxtiyar Hacıyevi parlament seçkisində deputatlığa namizəd kimi qeydə alıblar və o, seçkidə iştirak edib. Bütün bunlar həbsin sifarişli, həbs olunana münasibətin isə qərəzli olduğunu təsdiqləyən çoxsaylı faktlardan daha biridir.

– Bəxtiyar Hacıyev barəsində qısa müddətdə bir neçə qətimkan tədbiri seçilib və dəyişdirilib. Sual yaranır ki, niyə onu ilk gündən həbs etmədilər?
– Cinayət qanunvericiliyi 2 ildən çox cəza nəzərdə tutulan əməllərə görə məhkəməyəqədər həbsə yol verir. Bəxtiyar barədə elə ilk gündən məhkəməyəqədər həbsin seçilməməsi bu baxımdan xoş məramdan qaynaqlanmırdı. O da əvvəlcədən bəlli idi ki, barəsində seçilmiş başqa yerə getməmə və ya polisin nəzarəti altında olma öhdəliyini daşıdığı dövrdə istənilən məqamda onu hansısa bəhanə ilə həbs edə bilərlər. Hakimiyyət həm də bu yolla gəncin gözünün odunu almaq istəyirdi ki, “bax ha, dilini dinc qoymasan, istənilən vaxt səni həbs edə bilərik”.
Yeri gəlmişkən, həbs kimi Bəxtiyarın barəsində seçilən digər qətimkan tədbirləri də qanunsuz olub. Prokurorluq onun istintaqdan yayınmaq ehtimalının olduğunu qeyd edərək, onun barəsində qətimkan tədbirinin seçildiyini yazıb. Qanunvericilik isə qətimkan tədbirinin seçilməsi üçün hər hansı ehtimalı deyil, kifayət qədər əsasların olmasını nəzərdə tutur.
Həbs qərarında göstərilir ki, 2-4 martda səhər polis idarəsinə gələrək müvafiq sənəddə imza atmasına baxmayaraq, polis müfəttişi onların evlərinə gedib və onu tapmayıb. Guya, hansısa əməliyyat məlumatlarına əsasən onlara bəlli olub ki, Bəxtiyar müvafiq razılıq olmadığı halda Gəncəni tərk edib. Bu, çox biabırçı qərardır və o, bir daha məhkəmə sisteminin nə dərəcədə asılı və acınacaqlı durumda olduğunu göstərir. Məhkəməyəqədər həbs o zaman seçilə bilər ki, şəxs ağır cinayət törətmiş olsun, şahidlərə təzyiq göstərmək, sübutları məhv etmək, cinayət təqibini həyata keçirən orqandan qaçıb gizlənmək ehtimalı olsun. Bəxtiyarla bağlı bu halların heç biri yoxdur. Onun qaçıb gizlənmək fikri olsaydı, ölkəyə qayıtmazdı, xaricdə qalardı və buna da imkanı var idi.

– Bu fikri səsləndirənlər də var ki, “Bəxtiyar kimdən artıqdır, gedib əsgərliyini çəkməlidir”…
– Belə düşünənlər arasında çox dəyər verdiyim insanlar da var. Əminəm ki, onlar bu cür düşünəndə ölkənin maraqlarından çıxış edirlər. Bəxtiyarın alternativ xidmət haqqını qoyuram kənara. Bu fikirdə olan adamlar təminat verə bilərlərmi ki, hökuməti sərt tənqid edən bu gənci faktiki hər hansı nəzarətdən kənarda olan orduda alçaltmayacaqlar, mənəvi və fiziki təzyiqlərə məruz qoymayacaqlar? Azmı görmüşük belə şeyləri?! Niyə sınmalıdır axı bu gənc?! O ordunu o günə salanları sərt tənqid edən bir gəncin ora getməməsindən nə itirəcək ölkə, onun müdafiə qüdrəti?!
Əslində, Bəxtiyar məsələsi ordudakı korrupsiya, özbaşınalıq, döyülən və öldürülən övladlarımız barədə ictimai müzakirələr üçün yaxşı fürsətdir. Niyə övladlarımız orduya getmək istəmir, niyə atalar və analar övladını orduya yola salanda bu qədər narahatlıq keçirir, niyə bu qədər gənc özünə qəsd edir, niyə bu qədər əsgər və zabitlərimiz özümüzünkülər tərəfindən güllələnir? Bəxtiyar, əksər hallarda insanda vətənə sevgi hissini qıran, onu əzən və aşağılayan o orduda xidmət etməkdən imtina ilə həm də bu sualları qoyur hökumətin və cəmiyyətin qarşısında. O, bunun ona baha başa gələcəyini anlamayacaq dərəcədə sadəlövh deyil. Ən azı, elə həmin müddətə həbsə atıla biləcəyini və bu təhlükənin real olduğunu anlayır Bəxtiyar. Anlayır, amma bu addımı atır. Ona görə ki, o bu ölkəni dəyişmək istəyir. Buna görə onu qınamalıyıqmı?! Mən buna görə ona minnətdaram və ona dəstək olmaq qərarını vermişəm.

– Bəxtiyar Hacıyev bu hakimiyyət üçün yəni o qədər təhlükəlidir ki, onun həbsinə sifariş verilir?
– Bəxtiyar çox perspektivli bir gəncdir. Amma indiki halda düşünürəm ki, hədəf Bəxtiyarın özündən daha çox, onun timsalında Azərbaycanın yetişməkdə olan və hakimiyyət üçün yaxın vaxtlarda çox ciddi başağrısına çevriləcəyi proqnozlaşdırılan yeni nəsil gəncliyidir. Bu gənclər cəsarətlidir, mübarizdir, çevikdir, mobildir, geniş şəbəkələri və əlaqələri var. Bu faktorlar hakimiyyəti çoxdandır narahat edirdi. Emin Milli ilə Adnan Hacızadənin həbsi o narahatlıqla bağlı idi. Misirdə, Tunisdə, Liviyada, başqa ölkələrdə gedən proseslərin fonunda bu, hakimiyyəti indi daha çox narahat etməyə başlayıb. Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin həbsinin siyasi sifariş olmasına bu baxımdan məndə şəxsən heç bir şübhə yoxdur.
Yeri gəlmişkən, Azərbaycanda bundan sonrakı proseslərin hansı istiqamətdə gedəcəyi bu gənclərə cəmiyyət tərəfindən dəstəyin hansı səviyyədə olmasından çox asılı olacaq. Söhbət Azərbaycanın gələcəyindən gedir.

Aytən Məmmədova