Şok fırıldaq! Poladtökmə zavodunu çoban alıb

Ramiz Mehdiyevin yaratmaq istədiyi Metallurgiya Nazirliyi bu sahəyə aid müəssisələri bir-bir «udur»

 

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin yeni nazirlik yaratmaq istədiyi barədə ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, PA rəhbərinin yaratmaq istədiyi nazirlik metallurgiya sahəsini əhatə edəcək. Ramiz Mehdiyev artıq bu sahəni ələ keçirib. Idarəçiliyi isə kürəkəni, deputat Ilham Əliyevə tapşırıb.
2010-cu ilin dekabr ayından başlayaraq metallurgiya sahəsinə aid olan zavod və sexlərin fəaliyyətinin dayandırılması da bununla bağlıdır. Iddia olunur ki, Ramiz Mehdiyevin yaratmaq istədiyi yeni nazirliyə kürəkəni Ilham Əliyev rəhbərlik edəcək. Qurumun Metallurgiya Nazirliyi adlandırılacağı bildirilir. Bəzi məlumatlarda isə deyilir ki, qurumun adı “Metallurgiya” Açıq Səhmdar Cəmiyyəti ola bilər.
Bakı Poladtökmə Zavodunda baş verənlər bu məlumatın təsdiqi hesab edilə bilər. Sözügedən zavodun sahibi Loğman Zülfüqarlı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra səhmlərinin 80 faizindən imtina etməyə məcbur edildi. Qalan 17 faiz onun adında saxlanılsa da, təzyiqlərə tab gətirməyərək Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Loğman Zülfüqarlı hazırda Türkiyədədir.
“Baku Steel Company” MMC Kərəm Həsənovdan alınaraq Ramiz Mehdiyevin kürəkəninin idarəçiliyinə veriləndən sonra Poladtökmə Zavodu da faktiki olaraq onun əlinə keçib.
Srağagün zavodun yeməkxanasında səhmdarların toplantısı keçirilib. Bizim Yol qəzetinin yazdığına görə toplantı zamanı bəlli olub ki, zavodun 80 faiz səhmlərinin sahibi Lerik rayon sakini Gəray Məmmədov adlı şəxsdir. Həmin şəxs çobandır.
“Azadlıq”a daxil olan məlumatlara görə, Gəray Məmmədov formal olaraq səhmlərin sahibidir. Əslində bütün bunlar Ramiz Mehdiyevin quramalarıdır. PA rəhbəri indi də çalışır ki, qalan 17 faiz səhmi də alsın. Bunun üçün də faktiki olaraq zavodu qəsb edib.
Bu məsələ ilə bağlı zavodun baş menecerinin müavini Üzeyir Məsimovun “Bizim Yol”a müsahibəsində səsləndirdiyi fikirlər də maraqlıdır: “Baku Steel Company”in vitse-prezidenti Rasim Məmmədov, mühafizəçiləri ilə gəlib-gedir və buranın onun olduğunu deyir. Zavodda 20 min tondan artıq metalı talan etdilər, qalanını da daşıdılar. Anbarda metal var, əridib xammalın içinə vurub hazır məhsul çıxır, onu da satırlar”.
80 faiz səhmin sahibi Gəray Məmmədovla bağlı Üzeyir Məsimov deyib: “Lerikin Orduxan kəndinin sıravi vətəndaşıdır, adı Gəray Məmmədovdur. Onun heç bir əmlakı yoxdur. Bəlkə də özünün heç nəyə imza qoymasından xəbəri yoxdur. Mən onun xəbərinin olmasına şübhə edirəm. Araşdıra bilərsiniz, gedin kəndə, qarşınıza çıxacaq”.ÿ
17 faiz səhmdarların toplantısını aparanlara gəlincə baş menecerin müavini bildirib ki, bu adamların hamısı qondarmadır: “Onlar hamısı qondarma adamlardır. Guya həmin lerikli Malik Ağayevə etibarnamə verib və o, çıxış edirdi. Bax, həmin Malik buna görə ”hesabını” alacaq. Namiq Ələsgərov isə 1 aydır qeyri-qanuni sədrin yerində oturub, iclasda bu barədə söyləsəm də reaksiya belə vermədilər. Bir sözlə ağır vəziyyətdəyik”.
Göründüyü kimi, Üzeyir Məsimov açıq şəkildə bildirib ki, zavod qəsb edilib. Doğrudur, o, bütün bunların arxasında konkret kimin durduğunu söyləməyib. Amma bu məsələdə hansısa məmurun rolunun olduğunu gizlətməyib: “Bizim bir çıxış yolumuz var, göydə Allah, yerdə prezidentimiz. Çünki prezident bu məmurların iç üzünü görə, yalnız o, qanuni hüquqlarımızı bərpa edə bilər”.

 

İnformasiya şöbəsi