Arzu Abdullayeva: «Jurnalistə qarşı hər hansı addımın məsuliyyəti siyasi hakimiyyətin üzərinə düşür»
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev həyatı üçün təhlükəli olan 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Onu martın 2-də vəkillərinə və valideynlərinə heç bir məlumat vermədən adıçəkilən cəzaçəkmə müəssisəsinə köçürüblər.
Bu köçürülmə əməliyyatından təxminən 20 gün əvvəl Eynulla Fətullayev saxlanıldığı Bakı Istintaq Təcridxanasından ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət etmişdi. Fətullayev məktubunda vurğulayıb ki, məhkəmə ona verilmiş son cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi təyin edib. Lakin o, 1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrini özü üçün təhlükəli sayır. Jurnalist təkid edir ki, həmin cəzaçəkmə müəssisələrində onun həyatı təhlükədə ola bilər və buna görə nazirdən 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməyini xahiş edib. O, nazirin ədalət hissinə ümid etdiyini də gizlətməmişdi. Bu müraciətdən sonra jurnalistin vəkili Anar Qasımov E.Fətullayevlə görüşmüş, həmin görüşdə məhbus baş redaktor vəkilinə demişdi ki, Penitensiar Xidmətin əməkdaşı onunla görüşüb. Görüş zamanı E.Fətullayev həyatına real təhlükə olduğunu xidmət əməkdaşına da bildirib.
Vəkil mətbuata açıqlamasında Eynulla Fətullayevin köçürülmə məsələsinə görə çox narahat olduğunu da demişdi: “Sonuncu görüşümüzdə bildirdi ki, ona müəyyən təhdidlər, hədələr olur.”
Vəkilin bu açıqlamasından sonra ölkənin nüfuzlu media orqanlarını təmsil edən yazarlar insan haqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət edərək, jurnalistin xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə saxlanılmasına mane olmağa çağırmışdılar. Çünki uzun illər jurnalistika fəaliyyətində bu cür şəxslərin əksəriyyətinin fəaliyyətini ifşa edib.
Ombudsman Elmira Süleymanova bu müraciəti cavabsız buraxdı. E.Fətullayevi isə hər an ölüm təhlükəsi ilə üzləşə biləcəyi bir müəssisəyə köçürdülər.
Vəkli A.Qasımov çox narahatdır: “Bilirsiniz ki, Eynulla Fətullayev “Monitor” jurnalının aparıcı təhqiqatçı jurnalistlərindən olub. Bu jurnalın baş redaktoru Elmar Hüseynovu 2005-ci ildə məhz martın 2-də killer odlu silahdan açdığı atəşlə öldürüb”.
Onu da qeyd edək ki, E.Fətullayevin köçürülmə məsələsi ictimaiyyətin, xüsusilə beynəlxalq təsisatların, yerli hüquq müdafiə təşkilatlarının geniş müzakirə mövzusuna çevrilib. Müzakirələr əsnasında hüquq müdafiəçiləri bildiriblər ki, E.Fətullayevin həyatına olacaq hər hansı bir təhlükəyə görə Azərbaycan siyasi hakimiyyəti məsuliyyət daşıyacaq. Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva deyib ki, hakimiyyət nümayəndələri bu məsələdə səmimi və məsuliyyətli olmalıdır. “Bütün dünyada bilirlər ki, Eynulla Fətullayev hakimiyyətin şəxsi qərəzliyi ilə üzləşib. Ona qarşı hər hansı təhlükəli əməl hakimiyyətin ayağına yazılacaq. Azərbaycan siyasi hakimiyyəti Eynulla Fətullayevi göz bəbəyi kimi qorumalıdırlar” deyə hüquq müdafiəçisi bildirib.
Ramin DEKO