eldar-ezizov

Eldar Əzizov yeni komanda ilə işləmək istəyir

Lakin müavinləri Akif Quliyevlə Akif Zeynalovu işdən çıxara bilmir

 

Sumqayıtın yeni icra başçısı Eldar Əzizovun müşavirə keçirəcəyi barədə “Azadlıq”ın məlumatı təsdiqini tapdı. Yeni icra başçısı martın 4-də büdcə təşkilatlarının rəhbərlərini toplayaraq onların fəaliyyətini sərt tənqid etdi. Eldar Əzizovun tənqidlərində əvvəlki icra başçısı Vaqif Əliyevin fəaliyyəti də xüsusi yer tuturdu.
Görünür, yeni başçı vəzifəsinin icrasına başladığı ilk günlərdə şəhərə çıxaraq sakinlərlə söhbəti zamanı Vaqif Əliyevin Sumqayıtı hansı kökə salması barədə kifayət qədər məlumat toplaya bilib. Güman ki, Eldar Əzizov sələfinin Sumqayıtda ayama ilə çağırıldığını da öyrənib. Çünki Sumqayıtda hamı açıq-aşkar Vaqif Əliyevə “Metrə Vaqif” deyirdi. Bu ləqəb sabiq icra başçısına şəhərin ərazilərini metrə-metrə satdığına görə verilmişdi. Düşünmək olar ki, bütün bunları öyrənən Eldar Əzizov Sumqayıt sakinlərinin rəğbətini qazanmaq üçün sələfinin fəaliyyətini tənqid etməyi qərara alıb.
Yeni icra başçısının xüsusi olaraq yaşıllığın məhvinə diqqət çəkməsi də təsadüfi deyil. Sumqayıtın yaşıllığını dağıdan bir nömrəli şəxs Vaqif Əliyev olub. Sabiq icra başçısı Nəsimi parkında meşə zolağını məhv edərək yerində restoran tikdirib. Adı da “Park”.
Eldar Əzizovun çıxışında bir maraqlı məqam da diqqətimizi çəkdi. Bu, yeni icra başçısının kimlərinsə kimlərinsə qohumu olduğu və buna görə də cəzasız qaldığını dilə gətirməsidir.
Əldə etdiyimiz məlumatlara görə, Eldar Əzizov bu fikri səsləndirəndə əsasən iki nəfəri nəzərdə tutub. Hər iki şəxs Sumqayıt şəhər Icra Hakimiyyətində müavin postu tutur. Bu adamlar Akif Quliyevlə, Akif Zeynalovdur. Akif Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır. Akif Zeynalov isə Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Hər iki şəxsin fəaliyyətində ciddi nöqsanların olduğunu Eldar Əzizov da bilməmiş deyil. Və çox güman ki, yeni icra başçısı yeni komanda ilə işləmək istəyir. Komandanı təzələmək üçün isə əvvəlki icra başçısının komandasını nöqsanlara görə işdən azad eləmək gərəkdir. Görünür, yeni icra başçısı bunu bacara bilməyib. Lakin geri çəkilməyəcəyini nümayiş etdirmək üçün bu fikirləri səsləndirib.

 

İnformasiya şöbəsi