Sabirabadda «rüşvətxorlar yuvası»nı silkələyirlər

Rayonda gənc etirazçını həbs etdilər; daha böyük həbs isə qarşıdadır

 

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Mərkəzinin Sabirabad rayon şöbəsində yoxlamalar həyata keçirib. Nəticədə idarənin fəaliyyətində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkarlanıb. Bununla əlaqədar şöbənin qapıları möhürlənib. APA-nın məlumatına görə, idarə əməkdaşlarından ifadələr alınıb.
“Azadlıq”ın yerli mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, Respublika Prokurorluğunun əməkdaşları yoxlamanı dünən günortadan sonra başlayıblar. Gecə saatlarına qədər yoxlama davam edib. Yoxlama aparılan binanın həndəvərinə polis heç kimi buraxmayıb.
Maraqlı burasıdır ki, ötən gün Icra hakimiyyəti də bütün gecəni çalışıb. Bunu gecə boyu binadakı bütün işıqların yanmasına əsaslanaraq bildiriblər.
Sabirabad Sosial Müdafiə Mərkəzinin neqativ fəaliyyəti hər zaman medianın diqqətində olub. Pənah Hüseyn deputat olduğu dövrdə Sabirabadda neçə adama ünvanlı sosial yardım verildiyini araşdırmaq üçün hətta məhkəmələrə qədər gedib çıxıb. Adıçəkilən dövlət idarəsindəki qeyri-şəffaflıq və korrupsiya faktı ilə bağlı “Azadlıq” bir müddət əvvəl yetərincə tutarlı faktlara əsaslanan məqalə dərc etsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nədənsə, həmin vaxt faktları görməzdən gəlmiş, hətta qəzetə təkzib ruhlu məktub yollamışdı.
Bir qədər əvvəl rayon sakinləri məhz ünvanlı yardımların ədalətsiz və qanunsuz yolla verilməsinə etiraz etmək üçün aksiya keçirməyə cəhd göstərmişdilər. Üç gün əvvəlsə idarənin binasının divarlarına gecə yarı “Rüşvətxorlar binası” ifadəsi yazılmışdı. Artıq dünən bunu yazan şəxsin kimliyi aşkarlanıb və o, həbs olunub. Bu, Sabirabad şəhər sakini Şahid Fərhad oğlu Əliyevdir. Şahid Əliyevə 5 sutka həbs cəzası verilib. Rayondan verilən məlumata görə, 20 yaşlı bu gənc uzun müddət iş axtarırıb. Amma nə iş, nə  ünvanlı sosial yardım ala bilmədiyinə görə divaryazma aksiyası keçirib.
Sabirabad Rayon Icra Hakimiyyətindəki mənbənin “Azadlıq”a verdiyi məlumata görə, yoxlamaların yekunu olaraq, rayonun Sosial Müdafiə Mərkəzinin rəhbəri Baris Mehdizadənin həbs olunacağı ehtimal edilir. Mənbənin sözlərinə görə, hakimiyyət Sabirabadda güclənən etirazçı təbəqəni “zərərsizləşdirmək” üçün çoxdan addım atmağı planlaşdırır. Etirazçılara qarşı güc tətbiqinin əks effekt yaratdığını görən hakimiyyət Sabirabadda məmur korpusundan “qurban” vermək niyyətindədir. Qurban kimi isə məhz Baris Mehdizadənin seçilməsində subyektiv amillərin də rol oynadığı bildirilir. Mənbənin iddiasına görə, icra başçısı Heydər Abbasovun B.Mehdizadə ilə problemi var. Bu problem özünü bir müddət əvvəl ötən ilin yekunlarına dair keçirilən iclasda da göstərib. Iclasda Sosial Müdafiə Mərkəzi, rayon inzibati aparatının yeganə tənqid olunan qurumu olub.

 

Natiq