Obamadan İslamçılara yaşıl işıq

ABŞ Yaxın Şərqdə İslam hökumətləri qurmağa hazırlıq görür

“İslamın siyasətdə yer almasından narahat olmamalıyıq”

ABŞ-da nəşr olunan nüfuzlu “The Washington Post” qəzetində ərəb dünyasını bürüyən xalq üsyanlarında İslam faktorunun rolu ilə bağlı analitik məqalə yayımlanıb. Məqalədə bildirilir ki, xalq üsyanlarının yaşandığı Yaxın Şərq ölkələrindəki İslamçı qrupların təsnifatını aparmağa başlayan Obama administrasiyası bölgə ölkələrində İslami dəyərlərə söykənən hökumətlərə hazırlıq görür.

“The Washington Post”un şərhinə görə, Yaxın Şərqdə yeni yaradılacaq islamçı ölkələrin önündə Türkiyə və iqtidardakı Ədalət və İnkişaf Partiyası dayanır. “Taliban” və “Əl Qaidə” kimi terror təşkilatları isə planın ən pis hissəsində yer alıb: “ABŞ administrasiyası Tunisdə başlayan və Misirlə davam edib bütün yaxın Şərq ölkələrini təsiri altına alan xalq üsyanlarından sonra regionda İslam ideologiyasına dayanan rejimlər qurulmasında maraqlıdır. Prezident Obamanın əmriylə bölgədəki İslamçı təşkilatları nəzərdən keçirən amerikalı mütəxəssislər onların iqtidara gəlmələri halında hakimiyyətdə özlərini necə aparacaqlarını və təşkilatı bazasını araşdırırlar”.
Məqalədə vurğulanır ki, Tunis və Misirdə iqtidarları dəyişən xalq üsyanları başda olmaqla, bölgədəki hərəkatların əsas gücünü islamçılar təşkil etmir. Ancaq xalq hərəkatları və demokratik seçkilər İslami kökə sahib partiya və qrupların iqtidara gəlmələrinə zəmin yaradacaq. Buna misal olaraq Misirdə hərbi şuranın qurduğu konstitutsiya hazırlama komissiyasına “Müsəlman Qardaşlar”ın üzvü Sübhi Salihin daxil edilməsi və Yəmənin öndə gələn din xadimi Şeyx Əl Zindaninin İslamçı bir hökümət qurulması tələbi göstərilir.

“Ağ ev və Dövlət Departamentinin xüsusi otaqlarında gedən müzakirələrdə mütəxəssislər ilk öncə Misirdə yaradılan, ancaq sonradan bütün Yaxın Şərq ölkələrində təşkilatlanmış “Müsəlman Qardaşları”nı diqqətlə nəzərdən keçirib. Cihad, xəlifəlik, milli sərhədlər və ABŞ-a münasibətləri nöqteyi-nəzərindən “Taliban” və “Əl Qaidə” ilə “Müsəlman Qardaşlar”ın İslam idarəçiliyi anlayışlarını analiz edən mütəxəssislər onların arasında böyük fərqliliklər ortaya çıxarıblar. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi “Bu ölkələrdə İslamın siyasətdə yer almasından narahat olmamalıyıq. Prosesləri İslamla əlaqələrinə görə yox, siyasi partiyalar və hökumətlərin mövqeyi baxımından dəyələrndirməliyik” söylədi”-, deyə “The Washington Post”un şərhində bildirilib.

İnformasiya şöbəsi