Londondakı məktəb direktoruna!

Hörmətli Hovard Devis! Əslində sizə “hörmətli” deyə xitab etməyim üçün heç bir səbəb yoxdur. Sadəcə, etiket olsun deyə yazdım.
Üstəlik, bu məktubu sizin buradakı səfirliyinizin tərcümə edib şəxsinizə çatdıracağına inanmıram, amma yenə də yazıb içimi rahatlatmaq istədim.
Dünən oxudum ki, rəhbəri olduğunuz London Iqtisadiyyat Məktəbinin direktoru vəzifəsindən istefa vermisiniz. Əlbəttə, istefa bir mədəniyyətdir. Həm də gözəl bir mədəniyyətdir. Doğrudur, biz özümüz bunu görməmişik, sadəcə, tarix kitablarından oxumuş və uzaqdan-uzağa eşitmişik.

Amma hörmətli Hovard Devis, inciməyin, mən sizin istefanızın səbəbini oxuyunca bunun mədəniyyətdən deyil, axmaqlıqdan irəli gəldiyini anladım. Adam da nə vaxtsa Qəzzafi Fondundan yardım aldığına görə istefa verər? Sizin xalqınızın heçmi gözəl adəti yoxdur, məsələn, çıxıb “başqasının pulunu saymazlar” deyib söhbəti bağlaya bilməzdinizmi? 
Hörmətli Hovard, siz bir zamanlar bəşəriyyətin ən böyük üzqaralarından birinin adı ilə bağlı fonddan aldığın yardıma görə xəcalət çəkirsiniz, utanıb yerə girirsiniz, özünüzü bağışlaya bilmirsiniz, şələ-külənizi yığışdırırsınız, çəkib gedirsiniz, ancaq biz Qəzzafinin xurcuntayı olan Mübarəkin heykəlini gözbəbəyi kimi qoruyuruq. Üstündə tir-tir əsirik, toz qondurmuruq. Hələ onun arvadının adına olan məktəbimiz var, həmin məktəb direktoru zamanında Allah bilir, Mübarəkin xanımından nələr qoparmışdır, nələr… Indi isə istefanın heç “i”sini də düşünmür. Hələ baxsan, bu saat dost-tanışa eşşək boyda diktatorun ailəsini necə qazladığı barədə nağıllar danışır.
Hörmətli Hovard Devis! Bir düşük səbəblə istefanızı qoyduq bir yana. Bəs belə tələm-tələsik istefa verməyiniz nə məcbur idi? Barı gözləyəydiniz 8 mart keçəydi. Məktəb direktoru da heç 8 mart qabağı istefa verər? “Sezon”da da istefaya getmək olar?

Bu saat qarşıdan bayram gəlir deyə bizdə məktəb direktorları əllərini əllərinə sürtürlər, başlarına tapança sıx, istefaya nədi, heç evlərinə getməzlər. Yaxşı indi sənə (artıq gözümdən necə düşdünsə, “siz” deməyə də dilim gəlmir) nə düşüb, cibinin qənimisənmi? Sənin heç arvad-uşağın yoxdumu? Onlara nə deyəcəksən? Onların üzünə necə baxacaqsan?

Ola ki bu etdiyini bizim Misir Mərdanov duymaya, Londonun deşiyində də olsan, tapıb o istefa ərizəsini sənə yedirər, ağlın başına gələr. 
Məktəb direktoru olub mənim üçün. Get qoyununu otar.

Əbülfəs Qarayevi təqdir edirəm

Mədəniyyət və turizm nazirinin əmrinə əsasən “Bu meydan, bu ekran – 2011″ kino layihələri müsabiqəsi elan edilib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər.
Təqdir etdiyim isə əsla müsabiqənin özü deyil, adıdır: “Bu meydan, bu ekran”. Bəlli ki, nazir Əbülfəs Qarayev ad qoyarkən “Bu meydan, bu şeytan” sözlərindən təsirlənmişdir. Azərbaycanda ekran da bir növ şeytanla assosiasiya olunur, onlar bir-birlərinin sinoniminə çevrilib desək, yanılmarıq. Bizdə həqiqətin, dürüstlüyün, Xeyirin üzünə bağlıdır ekranlar, bizdə ekranlar ancaq yalanı, Şəri, irticanı göstərir.
Odur ki, ekran deyərək bizə şeytanı xatırlatdığı üçün Əbülfəs müəllimi alqışlayıram.

“Demokrat” – 1

“Demokrat” qəzetinin bir yaşı tamam oldu. Tənqidçi medianın bir əlin barmaqları qədər belə olmadığı vaxtda onun doğulması gözəl hadisədir. 
Ölkədə Ilham Əliyevin adı üzərində böyük bir tabu oluşmuşkən… “Padşah yaxşıdır, ətrafı pis” anlayışı bir-iki media orqanını istisna etməklə, bütün mətbuatın dilində əzbərə çevrilmişkən… Rejim üçün həssas mövzularda qələm çalanlar bunca azalmışkən “Demokrat”ın çapa başlaması yalnız alqışa layiqdir.
Nə deyim, təbrik edirəm. Ən əsası, adı ilə böyüməsini arzulayıram.
Tanrı heç kimi adından utandırmasın.