Liviyada qətliam

Qəzzafinin snayperləri qarşılarına çıxanı vurur; müxalifət paytaxta doğru irəliləyir

 

Liviyada gərginlik davam edir. Ölkənin ikinci böyük şəhəri Benqazidə üsyançılara aid bir cəbbəxanada partlayış baş verib. Partlayış nəticəsində ən azı, 26 nəfərin öldüyü bildirilir. Hadisənin səbəbi haqda müxtəlif məlumatlar yayılıb. Ancaq müxalifət təmsilçiləri cəbbəxananın Liviya lideri Müəmmər Qəzzafiyə sadiq əsgərlərin havadan endirdiyi zərbələr nəticəsində partladığını bildirib.

Snayperlər qarşılarına çıxanı vurur

Küncə sıxışdırılmış diktator öz xalqına qarşı qətliamdan əl çəkmir. Qəzzafiyə bağlı hərbi birləşmələr və başqa ölkələrdən gətirilmiş muzdlu qatillər dünən Zaviyyə şəhərinə hücum ediblər. Zaviyyə paytaxt Tripoliyə daxil ola bilmək üçün strateji əhəmiyyət daşıyır və Qəzzafi rejiminə qarşı çıxan etirazçıların əlində olub.
“Associated Press” agentliyinin şahidlərə istinadla verdiyi məlumata görə, Qəzzafi tərəfdarları artilleriya atəşlərinin müşayiətilə Zaviyyə şəhərinə giriblər və snayperlər şəhərdə qarşılarına çıxan hər kəsi öldürüb. Şəhərin müxtəlif yerlərində yanğınlar baş qaldırıb, avtomat silahlardan açılan atəş səsləri eşidilib.

“Bu, əsl soyqırımdır”

“Əl Ərəbiyyə” televiziyasına danışan bir şahid Qəzzafinin onlara qarşı əsl soyqırım həyata keçirdiyini deyib: “Heç Iraqda da bu qədər insanın öldüyünü görməmişdik. Əsl soyqırımdır”.
Məlumatlara görə, etirazçılar şəhəri Qəzzafinin muzdlu qatillərinə təhvil vermək niyyətində deyillər. Onlar şəhərin mərkəzinə çəkiliblər və müqaviməti davam etdirirlər. “Qəzzafi iqtidardan gedənədək mübarizəmiz davam edəcək. Küçələrdən çəkilməyəcəyik”, – deyə etirazçılardan biri bildirib.
Bundan başqa, şərq əyalətlərinə nəzarət edən etirazçılar da qərbə doğru irəliləyib. Etirazçılar Qəzzafiyə bağlı silahlıları Ras Lanuf şəhərindən qovublar və ölkənin qərbinə doğru hərəkəti davam etdiriblər. “Reuters” agentliyinə danışan üsyançılar bildiriblər ki, artıq Ras Lanufun təxminən 60 kilometr qərbindəki Bin Cavad qəsəbəsinə nəzarəti ələ keçirib.

ABŞ Liviyanı mühasirəyə alır

ABŞ Liviya ərazisinin ətrafına hərbi güc yığmaqda davam edir. Ötən gün amerikalı əsgərləri daşıyan iki hərbi gəmi dəniz donanmasının olduğu Krit adasına çatıb. Hərbi Dəniz Donanmasının sözçüsü Paul Farli “USS Kearsarge” və “USS Ponce” gəmilərində ümumi sayı 4000 nəfər olan heyətin dünən limana yan aldığını söyləyib.

Qəzzafidən BMT-yə “həyasız” məktub

Liviya hakimiyyəti BMT Təhlükəsizlik Şurasını Müəmmər Qəzzafi və bütün ölkə rəhbərliyinə qarşı tətbiq etdiyi qadağaların dayandırılmasını istəyir. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Xarici Işlər Nazirliyinin BMT TŞ-yə ünvanlanmış məktubunda bildirilir ki, nümayişçilərə qarşı “zərrə” qədər güc tətbiq olunub. Bundan əlavə, Qəzzafinin uşaqlıq dostu, Liviyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Şalgam tutduğu postdan uzaqlaşdırılıb. Onun yerinə keçmiş xarici işlər naziri Əli Trekini təyin olunub.

ABŞ və Fransa Çavesin “yol xəritəsi”ni rədd etdi

ABŞ və Fransa Venesuela prezidenti Uqo Çavesin Liviyadakı vəziyyətin tənzimlənməsinə dair beynəlxalq komissiyanın yaradılması təklifini qəbul etməyib. Bunun əvəzində isə Ağ evin mətbuat katibi Filip Krouli Liviya Cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafinin istefa verməsi təklifini yenidən irəli sürüb.
“Əl-Cəzirə” kanalının xəbərinə görə, Ağ ev təmsilçisi Liviya və xalqı üçün nəyin etməli olduğunu Qəzzafiyə demək məqsədilə beynəlxalq komissiyanın yaradılmasına ehtiyac olmadığını söyləyib.
Məsələyə münasibət bildirən rəsmi Paris isə Qəzzafinin öz məqsədinə nail olmaq üçün əl atacağı istənilən cəhdin dəstəklənməyəcəyini bəyan edib.

İnformasiya şöbəsi