“Lenin yaşayıb, Lenin yaşayır, Lenin…”

Tofiq Şahtaxtinski
Tex. e.d., professor

Biz yaşlı nəsl üzvlərinin hələ məktəbli illərindən əzbərlədiyi aforizmə çevrilmiş “Ленин жил, Ленин жив, Ленин будет жить” ifadəsinin son, üçüncü hissəsini deməyə dilim, yazmağa isə əlim gəlmədi. Bəli, həqiqətən Lenin və leninizm ideyaları yaşayıb və bu gün də təəssüf ki, SSRİ süqut etməsinə baxmayaraq, post- sovet məkanlarında yaşamaqdadır…
Allahın köməyi, leninizm bəlalarına düçar olmuş xalqların öz yeni şücaətlərilə bu məkanlardan Lenin ruhu və onun dəvamçıları olan bolşevik tör-töküntüləri tezliklə və bu dəfə tamamilə təmizlənər.

Keçən əsrin əvvəllərindən Rusiya imperiyasını bürüyən marksizm- leninizm, əsrin ortalarından isə Almaniyaya əyaq açan faşizm ideyaları bəşəriyyətə böyük bəlalar gətirdi. Əgər Lenin və Stalinin şəxsiyyətinə pərəstiş kommunizm ideyalarının qorunub saxlanması, bu ideyaları kütlənin beyninə aşılamaq, onu manqurt vəziyyətinə salmaq idisə, 1935-1945- ci illərdə Almaniyanın lideri olmuş Hitlerin şəxsiyyətinə pərəstiş eyni qayda və eyni məqsədlə kütləyə faşizm ideyalarını aşılamaq idi.

Bir- biriylə antoqonist ziddiyyət təşkil edən bu ideyalar bəşəriyyətin ən qanlı müharibəsi – ikinci dünya müharibəsində toqquşdular, faşizm yer üzərindən silindi, neofaşistlər bu gün də təqib olunurlar, onlara bir daha baş qaldırmağa imkan vermirlər. Bu gün həqiqətən, dunyanın elə bir ölkəsi tapılmaz ki, vaxtilə faşizmə qulluq etmiş hər hansı bir şəxs, orada vəzifə başında olsun.
1991- ci ildə SSRİ-nin süqutundan sonra leninizmin də Rusiya və digər post-sovet məkanı adamlarının şuurundan silinib gedəcəyini, sovetlər dövründə rəhbər və digər məsul vəzifələrdə olmuş şəxslərə azad olmuş məkanlarda rəhbər və məsul vəzifələrin verlməyəcəyini düşünürdük. Lakin, təəssüf ki belə olmadı. Lenin və leninizmin rus xalqının, eləcə də SSRİ məkanında yaşayan milli azlıqların başlarına açdığı müsübətlərə – Birinci Dünya müharibəsində Almaniya ilə bağlanan bədnam sülh müqviləsinə, vətəndaş müharibəsinin dəhşətlərinə və həmin illərin aclığına, Sibir sürgünlərinə, Arxipelaq-QULAQ kimi düşərgə həbsxanalarına, 37- 38- ci illərin represiyalarına və s. bu kimi dəhşətlərə baxmayaraq, bu gün Rusiyanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, orada Leninin heykəli, Lenin adına küçə olmasın. “Dipdiri” Leninin özü isə Moskvada, Qızıl Meydandakı movzeleyində bala-bala “mürgüləməyindədir”…

Bu gün də, Baltikyanı reshublikaları və Gürcüstanı çıxmaq şərtilə,  post-sovet respublikalarında, o cümlədən Azərbaycanda dövlət idarəçiliyi beyinləri vaxtilə leninizm ideyaları ilə zəhərlənmiş, köhnə kommunist rejiminə qulluq etmiş şəxslərin əlindədir. Sovetlər dövründə marksizm-leninizm fəlsəfəsilə qidalanıb formalaşmış filosoflar öz doqmalarını danaraq bu gün xalqa vaxtilə “irticaçı burjua fəlsəfəsi” adlandırdıqları fəlsəfi ideyalarla rəhbərlik edirlər. KQB ( SSRİ dövründəki dövlət təhlükəsizlik komitəsi- DTK ) ruhunda təlim-tərbiyə almış, leninçi komsomol və partiya işlərində aktivlik və qabaqcıllıqlarına görə təltif olunub irəli çəkilmiş şəxslər bu gün daxili işlər nazirləri, baş prokurorlar, baş hakimlər, müdafiə nazirləri və idarəçiliyin diğər məsul vəzifələrini tutublar. Aydındır ki, onlar ya vaxtilə yalan danışan adamlar olublar, ya da indi yalan danışırlar. Hansına inanaq?..
Bir həqiqət var ki, o dövrdə danışılan yalanlar axırda SSRİ- ni yıxdı. İndiki yalanlar isə, “azad” post-sovet respublikalarını, xüsusən bizim respublikanı bürüyən və get-gedə tüğyan edən rüşvəti, korrupsiyanı, yaltaqlığı, satqınlığı, savadsızlığı, riyakarlığı ərşə qaldırıb.
Allah axırını yaxşı eləsin…