Hakimiyyətin dialoqları

Hər şey darıxdırıcı bir örtüyə bürünüb. Adam lap çaşıb qalır. Həyatımızın ritmi ilə hadisələrin ritmi arasında dərin uyğunsuzluq var. Mən bunu düz 18 ildir ki, hiss edirəm. Kimsə yazmışdı ki, fikirlərimin sürətini verin mənə. Mən isə deyərdim ki, arzularımın, bəli, duyğularımın sürətini verin mənə. Bunları niyə yazıram? Məsələ bundadır ki, mən hər şeyi yaza bilmirəm. Ona görə də yazmaq bir qədər çətinləşib. Hakimiyyətdən hər şeyi yazmırıq. Ona görə ki, onsuz da eşitmir, oxumur və dəyişmirlər. Müxalifətdən də bir şey yazmaq olmur. Onlar oxuyur, dəyişmir və üstəlik, inciyirlər. Indi nə edək? Özümüz və günümüz haqdamı yazaq? Bir ara yazılarımı təxminən gündəlik formasında yazırdım, əvvəlində də üç nöqtə, sonunda da üç nöqtə. Bu, daha maraqlı idi. Prinsipcə, indi də bunu təkrar etmək olar, amma həvəs yoxdur. Bəli, siyasi jurnalistika çətin məşğuliyyətdir. Bu, mənə müharibə illərinin poçtalyonunu xatırladır – hamı səndən məktub gözləyir, özü də xoş xəbərli məktub… Bəs nə etməli? Özün başqasının əvəzinə məktub yazası deyilsən ki… Beləcə, elə bu tövrdəcə, qalırsan qovrula-qovrula… Istəyirsən insanlara bir dinamika aşılayasan, onları bu süstlükdən qurtarasan. Amma alınmır, bir yazıda azca optimist olursan, az keçmir ki, hadisələr elə olduğu kimi qalır, amma duyğu bir başqa şeylər deyir, ona görə də pessimist yazırsan. Beləcə, günləri başa vururuq. Amma mənə elə gəlir, günlər bizim başımızdan basır, üzü torpağa doğru… Illərə, fəsillərə, aylara, günlərə nə var ki… Hər fəsil elə gəlir ki, sanki birinci gəlişidir. Amma insan belə deyil, bir dəfə gəlir, elə bir dəfə də gedir… Vay o günə ki, insan qar gətirməyən qışa, çiçək sərgiləməyən yaza, meyvə yetişdirməyən yaya və xəzəl döşəməyən payıza bənzəsin. Bu, qorxulu hiss, qorxlu işdir. Bax, burada bu bənzətməni, anologiyanı genişləndirə bilərdim, özümüzə şamil edərdim. Nəyi nəzərdə tuturam? 93-cü ildən bu tərəfə bizlər də qarsız qışa, çiçəksiz yaza, meyvəsiz yaya, xəzəlsiz payıza bənzəmirikmi? Nə qalacaq bizdən? Düşünmüsünüzmü? Bəzən hətta bircə nitq belə tarixə həkk olur. Elə M.L.Kinqin nitqi kimi!..

Dialoq? Nə ilə bağlı?

Bəli, maraqlı məsələdir. Internetdə oxudum ki, müxalifətlə iqtidarın dialoqu təxirə salınıb. Deməli, yenə də dialoq! Olsun. Mənə elə gəlirdi ki, onlar bizim varlığımızı belə unudublar. Hər halda, son parlament seçkisi bu cür deməyə əsas verir. Burada yadıma bir Ukrayna lətifəsi düşür. Rusdan soruşurlar ki, bir vaqon alma olsa onunla nə edərsən? Deyir ki, azca yeyərəm, qalanını da dost-tanışa verərəm. Ukraynalıdan soruşurlar ki, bəs sən nə edərsən? Hə, o da deyir ki, əvvəlcə özüm yeyərəm. Bəs qalanını? Bəli, qayıdır ki, dişləyib tullayaram! Indi hər bir hakimiyyətin həzm edə bildiyi qədər səlahiyyət və elə sərvət olur, artığını o, digər siyasi qüvvələrlə, cəmiyyətlə bölüşməlidir, lakin bunlar elə həmin lətifədə deyildiyi kimi, bölüşmədilər, “dişləyib tulladılar”… MDB-nin rəngli inqilabaları bunları düşündürmədi, çünki ortalıqda başqa bir millət, başqa bir mentalitet vardı. Ərəb üsyanları isə azacıq təşvişə salıb bunları. Səbəb? Çox sadədir. Ərəb üsyanları bunların qurmaq istədiyi siyasi modeli yerlə-yeksan etdi. Bunlar düşünürdü ki, hakimiyyətdə on illərlə elə bir nəfər qalacaq və beləcə də davam edəcək, insanlar heç bir etiraz-filan biruzə verməyəcək. Məlum oldu ki, yox, belə deyil, hətta şərqlilər də inqilab edə bilir, özü də gözəl inqilab!

Lap Platonun dialoqları kimi!

Hakimiyyətin dialoqundan danışdım, yadıma Platonun dialoqları düşdü. Hə, yenə də yazının əvvəlinə qayıtmaq istəyirəm. Nə olub bizlərə? Hətta əvvəlki mütaliə həvəsi də qalmayıb. Bu günlərdə Rusiya kanallarının birində Platon haqda verilişə baxdım. Yeni bir şey yox idi. Platon kim olub, necə düşünüb, bunu bir yana qoyuram. Tək bir fikri xatırlatmaq istəyirəm: deyirlər ki, bütün Qərb fəlsəfəsi Platona yazılmış şərhlərdir! Mənə isə elə gəlir, onun xidməti mədəniyyətə və fəlsəfəyə dialoqu gətirməyi olub, bəli, Qərb mədəniyyətinin sütunu olan dialoqu…