Bəxtiyar

Bizim ölkənin ictimai-siyasi acıları, təzadları, çətinlikləri bir yana qalsın, eyni zamanda bütün işlərimizdə mistik və poetik bir qəribəlik də var. Adamı haqsız tuturlar, haqqında həbs qərarını da Nizami (Gəncəvi) məhkəməsi oxuyur. Yerin də adı Gəncədir. Sənə vəkil təyin ediblər – onun da adı Səadətdir. Bəlkə də hakimin adı Xoşbəxt, prokurorun adı isə Ədalət olub. Ittiham edilənin adı isə Bəxtiyardır. Lap “Xəmsəlik” işdir. Təsəvvür edin ki, vətəndaş övladını böyüdür, adını Bəxtiyar qoyur, o da böyüyüb dünyanın bəxtəvər Universitetində – Harvardda təhsilini artırır, axırda onu tutub həbs edirlər ki, Heydər Əliyevin övladları bəxtiyar yaşasın. Bəs bunun harası bəxtəvərlik oldu?

Keçək işin siyasi tərəfinə. Bütün vətəndaşlar bilməlidir ki, dünən Gəncədə həbs edilən gənc fəal Bəxtiyar Hacıyev əsgərlik məsələsinə-zada görə həbs edilməyib. Təbliğata uymayın. Bu hakimiyyət xalqın gözünü qırmaq üçün onun fəal adamlarını müxtəlif demaqoji ittihamlarla tutur. Xalqı aldatmaq üçünü belə həssas ittihamlar qondarırlar ki, adamlar desin: hə, neyləyək, narkomandır, yaxud ermənilərə işləyir, ya da əsgərlikdən qaçıb və s. Baxmayaraq ki, heç özləri də inanmır. 
Halbuki bu Bəxtiyar çox savadlı və ədalətli bir gəncdir. Ölkəsinin dəyişməsi və adına layiq, yəni bəxtiyar olması üçün əlindən gələni etməyə çalışırdı. Bir neçə gündür, o, çox fəal iş aparır, xalqın ölkəmizdəki ədalətsizliyə etirazını bildirməsi üçün martın 11-də küçəyə çıxmasını istəyirdi. Internetdə fürsət güdən bir qrup gənc də bu günü “Böyük Xalq Günü” elan edib, müxtəlif yerlərdə müxtəlif formada etiraz aksiyaları keçirmək istəyir. Hətta yaşlı adamlar həmin gənclərə qoşulacağını yazır. Bu aksiyanın necə olacağını indidən bilmək olmaz, amma artıq hakimiyyət qorxuya düşüb və Bəxtiyarı həbs edib.

Hər kəs bilsin ki, Bəxtiyar artıq siyasi məhbusdur. Onu siyasi niyyətlə tutublar. Ümumiyyətlə, Bəxtiyar Hacıyev siyasi liderlik xüsusiyyəti olan bir gəncdir. Onun tərəfdarı olan xeyli gənc var və Bəxtiyar bu gənclərin köməyi ilə son parlament seçkilərində elə fərqli seçki kampaniyası keçirdi ki, baxanlar heyran qaldı. Bu ölkədə onun istifadə etdiyi yeni siyasi texnologiyalar, yeni ictimai fəaliyyət üsulları sonda nəticəni dəyişdirməsə də, çox effektli idi. Demokratik seçki keçirilsə, bu üsullar ciddi nəticələr verə bilər. Bəxtiyarın seçkidə xeyli səs topladığını görəndən sonra siyasi rejim diqqətini ondan çəkmədi və ona təzyiqlərə başladı. Ölkədən buraxmadılar. Əsgərliyə niyə getmirsən deyə, ona ittihamlar başladı. Təhsillə bağlı icazəsi olduğu halda, onu ordudan yayınmaqda ittiham etdilər. Bu zaman Bəxtiyar alternativ xidmət keçmək hüququndan istifadə etməyə qalxdı. Orduda xidmət borcdur, amma bu, heç kimə qarşı siyasi basqı kimi istifadə edilə bilməz. Alternativ xidmət isə bizim qanunların verdiyi hüquqdur…

Amma Bəxtiyarın həbsi üçün yeni “əsas” yarandı – xalqı meydanlara, etirazlara çağırmaq. Bizim hakimiyyət hər belə çağırışdan Inqilab qorxusu hiss edir. Bəs nə vaxtacan bunlara davam edəcək? Bir gün görülən bu tədbirlərdən biri əks nəticə verməyəcəkmi? Bir gün elə həbslərdən, tədbirlərdən biri Inqilabı gətirə bilməzmi? Axı bu həbslər bitmir, bitmirsə, deməli qorxmur insanlar. Çağırışlar da bitmir. Həbslər isə qəzəbi daha da artırır. Bəxtiyarlar da çoxdur…